“Poqonlu dəstə”dən onu da tutdular - ELƏ SİRLƏR BİLİR Kİ...
Müdafiə Nazirliyinin (MN) Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin müdiri Rəhim Laçınov həbs edilib. Məlumatı respublika hərbi prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri Firad Əliyev təsdiqləyib. Bildirilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Laçınov Rəhim Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələri ilə ittiham elan edilib.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən istintaq orqanının təqdimatı təmin edilib və Rəhim Laçınov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. “Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək”, - açıqlamada deyilir. “Yeni Müsavat” xəbər verir ki, Rəhim Laçınov təmir bölməsində 2016-cı ildən rəis işləyib. Onun birbaşa rəisi Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəhbəri, polkovnik Fikrət Mirzəyev isə iki il əvvəl həbs edilmişdi. Həmin vaxt Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilmişdilər. Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb. 2023-cü ildə Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev və Mahir Şirvanovun mühakiməsi başlayıb. Polkovnik Fikrət Mirzəyev 2020-ci ilin iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb. Bu cinayət işi üzrə dəymiş ziyan 3 milyon 380 min manatdır. Ona Cinayət Məcəlləsinin 179.4 və 313-cü maddələri ilə ittiham verilib. Fikrət Mirzəyev özünü qismən təqsirli bilir. Bildirib ki, ona 111 min manat pul çatıb. Həmin məbləği də istintaq dövründə tam ödəyib. Məhz həmin prosesdə şahid qismində indi həbs edilən Rəhim Laçınov ifadə vermişdi. 25 sentyabr 2023-cü il məhkəmə prosesində şahid bildirib ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində Əsaslı Təmir Bölməsinin rəisi olub: “İcraata götürülən işlərin icrasına nəzarət edirdim. Tapşırıqları Fikrət Mirzəyevdən almışam. Bölmə rəisi kimi Fikrət Mirzəyevə tabe olmuşam. İstintaqda verdiyim ifadələri təsdiqləyirəm”. Prokurorun suallarını cavablandıran sabiq bölmə rəisi deyib ki, təmir və tikinti işləri ilə bağlı bağlanan müqavilələrdə qiymətlər şişirdilib: “Həmin şişirdilmiş rəqəmlər şirkət nümayəndələri tərəfindən nağdlaşdırılaraq geri qaytarılıb. Pullar Fikrət müəllimə verilirdi. Onun işdə başı qarışıq olan zaman şirkət nümayəndələri mənimlə görüşüb və pulları verirdi. Mən də həmin pulları Fikrət Mirzəyevə çatdırmışam. Pulların nə qədər olduğundan xəbərim olmayıb. Gələn pulların nazirliyin Büdcə və Maliyyə İdarəsinin sabiq rəisi Nizami Məmmədova çatdığını eşitmişəm. Amma kimin nə qədər pul aldığından xəbərim yoxdur. Lakin bəzi pulların müəyyən hissəsi idarənin bölmələri tərəfindən bölüşdürülüb. Fikrət Mirzəyev mənə də pullar verib. Lakin həmin pulların miqdarını xatırlamıram”. Təqsirləndirilən şəxs şahidin ifadəsinə münasibət bildirərək deyib ki, pulların kimə getməsindən Rəhim Laçınovun xəbəri vardı. Dövlət ittihamçısı şahidin DTX-də verdiyi ifadəsindən sitat gətirib. Belə ki, R.Laçınov deyib ki, aldıqları pulun müəyyən miqdarının “otkat” şəklində qaytarılması Müdafiə Nazirliyinin vəzifəli şəxsinin göstərişi olub. Onun istintaqda verdiyi ifadəyə görə, tender əsasında MN-lə işləyən bir neçə şirkət nazirliyin həmin vəzifəli şəxsinin yaxın adamlarına məxsus olub. “Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi Fikrət Mirzəyev tapşırmışdı ki, bu şirkətlərin işlərinə qarışılmasın. Fikrət Mirzəyevə görülən işlərdən aldığımız pulun üç faizini Maliyyə və Büdcə İdarəsinə, 15 faizini isə həmin vəzifəli şəxsə "otkat" verilməsi üçün qaytarırdıq" - şahid ibtidai istintaq zamanı bildirib. Rəhim Laçınov buna münasibət bildirərək deyib ki, istintaqda Fikrət Mirzəyevin verdiyi ifadələrdə bu rəqəmləri görüb, bu səbəbdən elə deyib. Rəhim Laçınov sonuncu dəfə mayın 20-də Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmədə də ifadə vermişdi. Rəhim Laçınov bildirmişdi ki, hazırda təqaüddədir. O, əsasən şirkətlər tərəfindən işlədiyi idarəyə göndərilən faizlərə nəzarət edib və həmçinin həmin pulları lazımi şəxslərə çatdırdığını deyib: “Hərbi hissələrin təmir işlərinin demək olar hamısını şirkətlər görürdü. İşləri əksər hallarda tenderə çıxarırdıq. Kim qalib gəlirdisə, onlarla da işləyirdik. Şirkətlərlə danışıqları Fikrət müəllim aparırdı. Şirkət rəhbərinə ümumi bir rəqəm deyilirdi. Onlar da həmin məbləğləri mənim vasitəmlə Fikrət müəllimə çatdırırdılar. Sənədləşmə prosesində Təmir bölməsinin müfəttişləri iştirak edirdilər, sonda isə həmin sənədləri imzalayırdılar”. Daha sonra Rəhim Laçınovun ibtidai istintaq zamanı verdiyi ifadəsindən bir hissə elan edilib. Həmin ifadədən məlum olur ki, tenderdə qalib gələn şirkətlərlə danışıqlar olduqdan sonra qalan məbləğin “otkat” hissəsi idarəyə qayıdıb: “Bu qaydanı Baş Qərargah rəisi Nəcməddin Sadıqov bir tələb kimi qoymuşdu. Biz də bilirdik ki, pullar şirkətlərin hesabına köçürüldükdən sonra "otkat" şəklində geri qaytarılmasını Nəcməddin Sadıkov tərəfindən tələb olunub. Bəzi şirkətlər var idi ki, Nəcməddin Sadıkovun yaxınlarına məxsus idi. Misal üçün, “İmpuls” MMC, “Mark LTD” və digərləri. Nəcməddin Sadıkov bu şirkətləri Fikrət Mirzəyevə tapşırmışdı. Fikrət müəllim də mənə bildirmişdi ki, bu şirkətlərin işlərinə qarışmayaq. Yəni onlardan “otkat” alınmırdı". Rəhim Laçınova ibtidai istintaqda verdiyi ifadəsi xatırlandıqdan sonra Nəcməddin Sadıkovun adını çəkməsinə belə aydınlıq gətirib: “Mən tender komissiyasının 5 üzvündən biri olmuşam. Mənə heç bir məbləğ verilmirdi, ƏDV-dən kənar görülən işlərin 15 faizi Nəcməddin Sadıkova, 3 faizi isə Maliyyə İdarəsinə verilirdi. Mən görməmişəm ki, Fikrət Mirzəyev aparıb Maliyyə İdarəsinə pul versin, ancaq deyirdi verirəm”. Sonda onu da qeyd edək ki, bu yeyinti faktı üzrə məhkəmələr yekunlaşmaq üzrədir. Ancaq bu həbs də göstərdi ki, “bu xəmir hələ çox su aparacaq”. /musavat.com Müdafiə Nazirliyini talayanlardan daha biri həbs olundu; Rəhim Laçınov iki il əvvəl DTX-nın qandalladığı generalın məhkəməsində nələr demişdi və Nəcməddin Sadıkov haqda nələr bilir...