Alpinistlərin İTKİN düşməsindən 1 ay ötdü

Bəzi mütəxəssislər hesab edirlər ki, axtarışların davam etdirilməsi orada çalışan qrup üçün təhlükəlidir; rəsmi qurumlar isə işlərini davam etdirir

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş gənc alpinistlər Namin Bunyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir. Alpinistlər ötən ayın 23-də Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib. Artıq bir aydır ki, onların axtarışları nəticə vermir. Ötən günlərdə alpinistlərin axtarışına Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin “Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə, eləcə də xaricdən dəvət olunan alpinistlər cəlb olunublar. Lakin bütün bu cəhdlərə baxmayaraq onların axtarışları nəticə vermir.

Hazırkı məqamda bəzi mütəxəssislər  hesab edirlər ki, axtarışları havaların isinməsinə qədər dayandırmaq daha məqsədəuyğun olar. Çünki axtarışlar 10 metrdən çox qarın üzərində olmaqla dərədə aparılır. Bu isə orada işləyən qrupun da həyatının təhlükədə olması deməkdir. Əgər qeyd olunan varianta gedilsə və dağda işlər dayandırılsa, axtarış əməliyyatlarının bərpası üçün  may, iyun ayları gözlənilməlidir. Çünki Tufandağda qar yalnız bu aylarda əriyir.

Bu barədə “Trend”ə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov da bildirib ki, itkin düşən alpinistlərin getdiyi güman edilən və axtarış aparılan ərazilərdəki qarın əriməsi mayın sonlarından - iyun ayından başlayır.

doktoru Məhərrəm Həsənov ile ilgili görsel sonucu

M.Həsənov əlavə edib ki, axtarışların aparıldığı ərazilər Böyük Qafqaz dağlarında ən yüksək hissələrdir: “Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağ dəniz səviyyəsindən 4000 metr-dən çox yüksəklikdə yerləşir. Bu əraziyə qarın yağması təxminən sentyabr ayının II, III ongünlüklərindən başlayır və mart ayına qədər davam edir”.

Lakin belə görünür ki, axtarış qrupu işləri dayandırmayacaq. Əksinə, məlumatlara görə, son günlər havanın normal keçməsi axtarışların tempini yüksəldib. Son rəsmi məlumatda qeyd olunur ki, axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır.

Alpinistlərin yaxınları isə itkin düşənlərin  üzərində olan telefon siqnallarının araşdırılmasını xahiş edirlər: “Onların üzərində mobil telefon olub. Lakin müvafiq qurumlar bu telefonların son siqnallarının haradan gəldiyini araşdırmırlar. Telefonlardan biri iPhone olub. Əgər rəsmi şəkildə ”Apple" şirkətinə müraciət etsələr, “imea” kodu vasitəsilə telefondan gələn son siqnalın yerini öyrənmək olar".

“Yeni Müsavat”a danışan alpinist Elçin Quliyev bildirib ki, əslində orada axtarışlar bir neçə gün öncədən dayandırılmalı idi: “Dünyanın heç bir yerində bu qədər axtarışlar getmir. Sadəcə olaraq, bizimkilər həm ictimai qınaqdan ehtiyat edib axtarış aparırlar, həm də tapşırılıb ki, onlar tapılmayana qədər axtarışlar dayandırılmasın. Ancaq hazırda orada axtarış aparmaq son dərəcə təhlükəlidir. Ora gedib-gələnlərlə əlaqələrim var. Məsələn, dünən həmin ərazidə çox güclü külək olub. Lakin buna baxmayaraq axtarışlar aparılıb. Axtarış qrupu hava şərtləri imkan verən kimi əraziyə gedib işə davam edirlər. Ancaq bunun ağır fəsadları ola bilər. Çünki təhlükə böyükdür.  Qaldı ki, telefon dalğası vasitəsilə ərazini müəyyənləşdirmək, bu da mümkün olan hal deyil. Lap siqnalı versələr belə konkret olaraq nöqtəni müəyyənləşdirmək olmaz. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi belə siqnalları müəyyənləşdirə bilmədi”.

“Vertical Group” Dağ turizmi və sənaye alpinizmi şirkətinin həmtəsisçisi və alpinist Emil Vəliyev isə hesab edir ki, hava şərtləri imkan verdiyi müddətdə axtarışları davam etdirmək lazımdır: “Uçqun təhlükəsi yoxdursa, işlər davam etdirilə bilər. Böyük qüvvələrlə yox, az tərkibli qrupla axtarışı davam etdirmək olar. Əsas şərt hava şəraiti və uçqun təhlükəsidir. Bir neçə əməkdaşla, müəyyən bir müddətdə irəliləyiş əldə etmək mümkündür”.

 






Fikirlər