Azərbaycanda bahalaşan məhsulların SİYAHISI
2022-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-mart aylarına nisbətən 112,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,1 faiz təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Yenisabah.az-a verilən məlumatda bildirilib. Rəsmi məlumata görə, cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 112,1 faiz təşkil edib. 2022-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin mart ayına nisbətən 116,8 faiz təşkil etmişdir. Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, düyünün, unun, toyuq ətinin, təzə balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, xamanın, süfrə marqarininin, kərə yağının, naringinin, heyvanın, narın, soğanın, kartofun, pomidorun, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, limonadın, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, limonun, kələmin və xiyarın qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 106,6 faiz təşkil etmişdir. Cari ilin mart ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma yazı kağızlarının, inşaat materiallarının, mebellərin, məişət cihazlarının, sabunların, diş pastalarının, dezodorantların və zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2022-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 110,0 faiz təşkil etmişdir. Cari ilin mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma hava nəqliyyatı ilə beynəlxalq və dəmir yolu nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma, ictimai iaşə, bərbərxana və paltarların təmiri xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.