Nazirin sabiq müşaviri Çingiz Baxşıyevi istintaqda dindiriblər - ilginc detallar; onun həbsdəki general Akif Çovdarovla 4 milyonluq sövdələşməsinin təfərrüatları da üzə çıxıb
Nəqliyyat Nazirliyinin sabiq məmuru Çingiz Baxşıyevin gizli biznes əlaqələri, xalası oğlu Rövşən Əhmədovu həbs etdirməsi haqda yazmışdıq. “Sabiq müşavir haqda sensasion məlumatlar - özəl dosye” sərlövhəli yazıda Ç.Baxşıyevin barəsində çox ciddi iddialar yer almışdı.
Yada salaq ki, Ç.Baxşıyev uzun illər nəqliyyat sektorunda rəhbər vəzifələrdə çalışıb, son iş yeri nazir müşaviri postu olub. Onun adı mətbuatın gündəminə evindən 50 kiloqram qızıl oğurlanan məmur kimi gəldi. Məlum oldu ki, sabiq müşavir Rövşən Əhmədovdan hüquq-mühafizə orqanlarına şikayət yazıb, onu evindən 50 kiloqram qızıl oğurlamaqda suçlayıb.
Açıq mətnlə həbsə atılacağı, həyatına son qoyulacağı deyilib...
R.Əhmədovu bu şikayət ərizəsi əsasında həbs etsələr də, sonradan ona oğurluqla əlaqəli ittiham verməyiblər. Sabiq müşavirin xalası oğlunu dələduzluqda ittiham edib barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçiblər.
Bu kiçik uyğunsuzluğun arxasında gizlənən böyük məqamlar var.
Redaksiyamıza daxil olan məlumata görə, Rövşən Əhmədovun barəsində ərizə yazan günə qədər Çingiz Baxşıyevlə münasibətləri normal olub. Ç.Baxşıyevin tapşırıqları əsasında müxtəlif bağlamaları müxtəlif ünvanlara çatdırıb. R.Əhmədov daşıdığı bağlamaların içində pul, qızıl olmasından xəbərsiz olub. Sadəcə, tapşırıqları yerinə yetirməklə işini görüb. Bir sözlə, R.Əhmədov Ç.Baxşıyevin gözdən-qulaqdan uzaq işləri üzrə qeyri-rəsmi köməkçisi olub. Buna görə də Ç.Baxşıyevin şəxsi işləri ilə bağlı sirlərinə xırdalıqlarına qədər vaqif olub. Günlərin birində isə R.Əhmədov xalası oğlunun yanından uzaqlaşmaq istəyib və bu addımı sonradan onu həbsə aparıb. Əvvəlcə xalası oğlunu xeyli dilə tutmağa, özündən kənarlaşmasına imkan verməməyə çalışan Ç.Baxşıyev bunun mümkün olmadığını gördükdə hədələrə keçib. R.Əhmədova açıq mətnlə həbsə atılacağını, həbsdə həyatına son qoyulacağını deyib.
Buna baxmayaraq, R.Əhmədov Ç.Baxşıyevdən uzaqlaşmaq qərarından dönməyib. Bundan sonra hüquq- mühafizə orqanına şikayət yazmaqla xalası oğlunun onun evindən 50 kiloqram qızıl oğurlaması haqda şikayət verib.
Çingiz Baxşıyevin evindən oğurlandığını iddia etdiyi qızıllar əslində qızının evində imiş!!!
Çingiz Baxşıyev
Apardığımız araşdırma zamanı məlum oldu ki, oğurlandığı iddia olunan qızıl əslində Çingiz Baxşıyevin iddia etdiyi kimi, özünün deyil, kürəkəni Ayaz Oqtay oğlu İbrahimovun evində olub. 2015-ci ilin dekabrında Çingiz Baxşıyev Rövşən Əhmədova tapşırıq verib ki, ona məxsus, lakin sonuncunun evində saxladığı bağlamaları aparıb qızının Bakının mərkəzindəki mənzilində qızına təhvil versin. R.Əhmədov Ç.Baxşıyevin dediyi kimi edib. Lakin mənzildə Ç.Baxşıyevin qızı Fatma Baxşıyeva olmayıb. Qapını R.Əhmədovun üzünə kürəkəni Ayaz İbrahimov açıb. Buna görə də R.Əhmədov Ç.Baxşıyevə zəng edərək qızının evdə olmadığını deyib. Ç.Baxşıyev bağlamaları kürəkəni Ayaza verməsini tapşırıb. Bağlamaları Ayaza verən R.Əhmədov mənzili tərk edib. Həmin ərəfədə Ç.Baxşıyev R.Əhmədovu 3 xarici ölkə - İran, Dubay və ya Qırğızıstanda yaşayıb onun işlərinə nəzarət etməsi ilə bağlı dilə tutmağa çalışırmış. Bunun üçün ona astronomik bir məbləğdə maaş veriləcəyini də vəd edibmiş...
Lakin sonuncu razılaşmayıb və qohumlar arasında münasibətləri korlanıb. Bundan sonra Ç.Baxşıyev R.Əhmədovu həbs etdirəcəyi ilə hədələyib və sonradan öz mənzilindən içində 50 kiloqram qızıl olan bağlamaların oğurlandığı haqda ərizə yazıb. Bildirib ki, qızılları evindən R.Əhmədov oğurlayıb. İndi isə məlum olur ki, qızıllar Ç.Baxşıyevin evində deyil, qızının mənzilində imiş.
Sabiq müşavirin Bakı İstintaq Təcridxanasına uzanan əlaqələri...
R.Əhmədovu həbs etdirəndən sonra Ç.Baxşıyev onun ailəsini də rahat buraxmır. Hər gün R.Əhmədovun ailəsinə müxtəlif telefon nömrələrindən hədə zəngləri olur. Sonuncu belə zəng 050 581-90-73 nömrəsindən gəlib. Danışan şəxs R.Əhmədovun ailə üzvlərini təhdid edib.
R.Əhmədov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Məlumata görə, o, ittihamları qəbul etmir. Bildirir ki, həbsi sırf Çingiz Baxşıyevin qanunsuz tapşırılqarını yerinə yetirməməsi ilə əlaqədardır. Əgər onun təklifini qəbul edib gedib xarici ölkədə Ç.Baxşıyevin qara işlərini davam etdirsəydi, bu gün azadlıqda olacaqdı. R.Əhmədovun sağlıq durumunda çox ciddi problemlər var.
Redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, Ç.Baxşıyev öz əlaqələri vasitəsilə ona lazımi tibbi yardımın göstərilməsinin qarşısını ala bilir. R.Əhmədovun vəkili ölkə rəhbərliyinə, Baş Prokurorluğa, DTX-yə, DİN-ə müraciət ünvanlamaqla müvəkkilinin həyatının təhlükədə olduğunu qeyd edib. Müraciətdə göstərilib ki, R.Əhmədovun həbsi və sonradan üzləşdiyi qanunsuzluqlar, ona tibbi yardımın göstərilməsi sırf R.Əhmədovun fiziki məhvinə hesablanıb. Qeyd olunub ki, Ç.Baxşıyev R.Əhmədovun aradan götürülməsinə çalışır ki, onun qara biznesinin detallarına bələd olan lazımsız şahid qalmasın.
Oğurluqda ittiham edib dələduzluq maddəsi verməyin pərdəarxası
Maraqlıdır ki, R.Əhmədovu oğurluqla bağlı mülahizələrə görə həbs etsələr də, dələduzluqla bağlı ittiham irəli sürülüb. Hazırda CM-in 178.3.2 (dələduzluq) maddəsi ilə başlanmış cinayət işi yerində sayır. Vəkil müraciətində qeyd edib ki, bu gün R.Əhmədovun ailəsinin ümidi prezident İlham Əliyevə və onun xanımınadır.
Bundan başqa, əlimizdə Ç.Baxşıyevin Nəqliyyat Nazirliyindəki fəaliyyəti haqda da çox maraqlı, ilginc məlumatlar var. Ç.Baxşıyev uzun illər Nəqliyyat Nazirliyində çalışıb. Orada “Avtonəqliyyatservis” Departamentinin, sonradan isə Dövlət Avtonəqliyyat Xidmətinin (DANX) rəisi olub. Sonradan nazirin müşaviri vəzifəsinə keçirilib. İddialara görə, faktiki Ç.Baxşıyev ölkədən xaricə və xaricdən ölkəyə çəkidə yüngül, qiymətdə ağır mal daşınması işlərinə rəhbərlik edib.
Məsələn, “Avtonəqliyyatservis” Departamentinə rəhbərlik edərək bölmə rəisi İsmayıl Zalov adlı işçisinin əli ilə xaricə, əsasən Dubaya, Almaniyaya əntiq muzey əşyalarının çıxarılması işi ilə məşğul olub. Bu gün də bu ticari əlaqələr qalır. Üstüörtülü ticari əlaqələr 800-900 manat maaşı olan vəzifəni daşıyan Ç.Baxşıyevi ölkədəki milyonçular sırasında ilk yerlərə çıxarıb.
Akif Çovdarovun idarəsində dindirilmə və 4 milyonluq sövdələşmə...
Ç.Baxşıyev bu ticari əlaqələr səbəbindən vaxtilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində dindirilib. Bu dindirmə Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) Bakının ortasında güllələnən komandanı, general-leytenant Rail Rzayevin qətl işi ilə bağlı olub. Həmin dindirmənin bəzi detalları haqda redaksiyamızda bilgilər var. Bildirilir ki, R.Rzayevin qətl işindən dolayı 3 dəfə MTN-də dindirilən Ç.Baxşıyevin orada hazırda həbsdə olan general Akif Çovdarovla münasibətləri yaranıb. Həmin vaxt Ç.Baxşıyev A.Çovdarovdan Bakının Qala qəsəbəsində, HHQ HHMQ-nın hərbi hissəsi yaxınlığında 4 hektar torpaq sahəsi alıb. Ç.Baxşıyev aldığı torpağın hər hektarına görə Akif Çovdarova1 milyon manat ödəməsi haqda da bilgi var. Hazırda həmin torpaqlarda villalar tikilərək satışa çıxarılıb.
Bildirilir ki, Ç.Baxşıyevin torpaq alqı-satqısı işlərinə Samir adlı qeyri-rəsmi işçisi təşkilatçılıq edir. Samirin günü Ç.Baxşıyevin yanında keçsə də, onun torpaq alqı-satqısı işindən savayı nə işlə məşğul olması bilinmir.
Bilinən odur ki, Samir ev, torpaq sahələrinin alış satışında Ç.Baxşıyevə köməklik edir.
Nazir postuna gedən yolda “təmizləmələr”
Ç.Baxşıyevlə bağlı maraqlı iddialardan biri də onun nəqliyyat naziri postuna iddialarını ortaya qoyması və bu istiqamətdə çoxşaxəli iş aparması ilə bağlıdır. Bildirilir ki, Ç.Baxşıyevin adı general-leytenant Rail Rzayevin ölüm işinə qarışmasaydı, onun iddiaları gerçəkliyə çevrilə bilərmiş...
İddia olunur ki, R.Rzayevin qətli Ç.Baxşıyevin nəqliyyat naziri olmaq üçün atdığı addımların qarşısını alıb. Belə ki, həmin dövrdə Ç.Baxşıyev tez-tez ətrafındakılara yaxınlarda nəqliyyat nazirinin dəyişdiriləcəyi, özünün nazir gətiriləcəyi haqda fikirlər deyibmiş. Bu yolda 20 milyon manat xərclədiyini də dilə gətiribmiş.
İddia edilir ki, Ç.Baxşıyevin nazir olmaq istəyi hələ “Avtonəliyyatservis” Departamentində rəis işlədiyi dövrlərdən olub. Həmin vaxt onun qanunsuzluqlarına göz yummayan kadrların işdən çıxarılmasına nail olmaqla özünə uyğun komanda formalaşdırıb. “Avtonəliyyatservis” Departamentinin Kadrlar İdarəsinin rəisi Vilayət Əliyevi, Ekspedisiya Xidmətinin rəisi Anar Abbasovu, Şəhər Nəqliyyatı şöbəsinin rəisi Soltan Əliyevi, Eldar Adıgözəlovu, Mütəllib Babayevi, Ədalət Məmmədovu, Vasif Muradovu və digər ixtisaslı kadrları işdən çıxarıb. Əvəzinə qeyri-peşəkar, ixtisasca toxucu olan Şaiq Əliyevi, ixtisasca energetik olan Fazil Hüseynovu, sektor müdiri Səbuhini, filoloq Azər Əliyevi, musiqiçi Mirəlini və digər özünə yaxın şəxsləri departamentdəki rəhbər vəzifələrə yerləşdirib. Məqsədi nəqliyyat sistemini bilən, onun qanunsuzluqlarını rəsmiləşdirə biləcək şəxsləri nazir postuna gedən yoldan “təmizləmək” olub. Bu yolda mətbuata Nəqliyyat Nazirliyinin rəhbərliyini gözdən salan məlumatların ötürülməsinin təşkili iddiası da var.