Dünyanın kazino mərkəzlərinə Azərbaycandan milyonlar axır

Dünyanın kazino mərkəzlərinə Azərbaycandan milyonlar axır

Qumara olan həvəs Bakı milyonçularını uzaq Monte-Karlodan Tiflisə qədər sürükləyir...

 

Azərbaycanda qumar “xəstələri” olan məmurlar var. Qumara olan həvəs onları Monte-Karlodan tutmuş Tiflis kazinolarınadək aparır. Adamlar qumarsız özlərini sudan çıxarılan balıq kimi hiss edirlər. Bu sırada kimlər yoxdur ki? Tiflis kazinolarında azərbaycanlı deputata, icra başçısına, polis rəisinə, prokurorlara, hətta JEK rəislərinə də rast gələ bilərsiniz. 
Burda çoxlarının tanıdıqları oralarda yüzlərlə adi qumarbazdan biridirlər.
Məmurlarımız xüsusən də Avropanın kazino mərkəzi hesab olunan cırtdan dövlət Monakonun paytaxtı və ümid yeri Monte-Karloya - "Kazino Dyu Monte Karlo"ya üz tuturlar. Monte-Karloya dəmir yolu ilə səyahət edənlər böyük qaya üzərindəki dəmir yol stansiyasında düşüb şəhərin tarixi-mədəni hissəsinə və ya kazinolar yerləşən zonasına yön ala bilərlər. Azərbaycanlı məmurların bu marşrutdan istifadə etdiklərini söyləmək bir qədər çətindir.
 
Image result for Kazino
“Kazino Dyu Monte Karlo”da isə oyun zallarında onlarla üz-üzə gəlmək elə də çətin iş deyil. 20 avro ödəyib belə zala daxil oldunsa, minimum 200 avro ödəyib ruletkaya qoyulan ümumi uduş məbləğinə namizəd ola bilərsən. Bəxtin gətirsə, ətrafındakı qumar hərislərinin nəfsi imkan versə, qızıl suyuna çəkilmiş kürə hərlənib-fırlanıb seçdiyin xanaya düşsə, qazancın pis olmaz. Oyunun bu tərəfi də var ki, hər uduş iştahı artırır. Qumar qalibiyyətinin başgicəlləndirən azartı daha çox udmaq hərisliyini alovlandırır. 100 qramı 100-200 avro olan viskilərin keyfi bu alovu bir qədər də qızışdırır. Qəhqəhə çəkən, bahalı şampan şərabları içən xanımların ahəstə hərəkətləri ilə ruletka fırlayanların cəld hərəkətləri təzadlı bir ortam yaradır. Oyun həvəsi, qazanmaq hərisliyi udduqlarını ortalığa töküb daha çox pul aparmaq istəyini fəvvarəyə çevirir. Belədirsə, yaxınlıqdakı VİP zallardan birinə keç. Qırmızı ağacdan işlənmələrlə bəzədilmiş zallardan tutmuş super müasir, böyük ölçülü otaqlara da baş çək. Burada 200 avro üstünə 10-15 min avro qoyub ortalığa atmayacaqsansa, heç oyun masasına yaxın getmə. Özünü gülməli vəziyyətə qoya bilərsən. Ruletkalar fır-fır fırlanır, böyük pulların kimin cibinə axacağını təyin edir. Udanların da, uduzanların da taleyi bax həmin o, ruletkalardan asılıdır. Bir qədər də geniş götürsək, elə Monako dövlətini dünyada baş verən iqtisadi təlatümlərin fövqündə saxlayan da həmin o kazinodur...
Image result for Kazino
Monakoya 150 ildir ki, oynamağa, qumara axışanların ardı-arası kəsilmir. 1850-ci ildən bu günə qədər  hərəkətdə olan ruletkalar ildə 200 minə yaxın turisti Monakoya maqnit kimi çəkir. Əksəri xüsusi kateqoriyaya aid olan bu personaların kazinolarda xərclədiklərinin 13 faizi - 220 milyon avro Monakonun dövlət büdcəsinə vergi şəklində daxil olur. Restoranlar, barlar, otellərdə sıxlığı, ilboyu turistlərin axınını da həmin o kazinolarda fırlanan ruletkalar təmin edir. Maraqlı məqam isə odur ki, Manako vətəndaşlarına kazinolarda qumar oynamaq yasaqdır.
Sonuncu dəfə kazinodan 1 milyon 920 min dollar qazanan   bir italyan olub. Udub və adının açıqlanmasını istəməyərək çıxıb gedib. Ona qədər kazinoda bunca böyük məbləğ udan olmayıb. Necə deyərlər, udan oyunu başlayandır. Monako dövləti istənilən isə halda uduşdadır.
Image result for Fərhad Qəribov qumar
Əksər hallarda uduzanlar cibləri, əllərindəki çemodanlar dolu pulla Monte-Karloya üz tutanlardır. Keçmiş YAP-çı deputat Fərhad Qəribovu Monte-Karloda görən olmayıb. Ötən həftə Fərhad Qəribovun məşhur bir azərbaycanlı ilə Tiflisdə kazinoda olduğu və 270 min dollar uduzduğu görüntülərinin yer aldığı video yayıldı. Eks-deputatın səsi çıxmadı. Ortaya çıxıb nə desin? Danışacaq, daha çox saullar ortaya çıxacaq. Ona görə də susur. Onunla vaxtilə Milli Məclisdəki sessiya zalını 2005-ci ildən 2015-ci ilə qədər bölüşən Qüdrət Həsənquliyev isə əksinə danışır. Bu ilin martında onun Azərbaycanın regionlarında xarici ölkələrdən turistlər cəlb etmək üçün kazinoların yaradılması təklif bir xeyli müzakirələrə səbəb oldu. Deputat martın 4-də keçirilən plenar iclasındakı çıxışında dedi ki, bir sıra ölkələr bu təcrübədən yararlanır və kazinolar vasitəsilə ölkəyə turistlər cəlb olunur.
Q.Həsənquliyevin həmin çıxışından sitat: “Azərbaycana həm turistlərin gəlməsi, həm də xarici valyutanın cəlb edilməsi üçün ölkənin turizm regionlarında kazinolar yaradıla bilər”.
Deputatın bu təklifini “Avesta Concern”nin rəhbəri, Hacı İbrahim Nehrəmli fürsət bilmişdi. İ.Nehrəmli publika.az-a açıqlamasında demişdi ki, millət vəkilinin bu təklifi çox ağılı və ölkə iqtisadiyyatı üçün faydalıdır.
Sitat: “Bu çox ağıllı təklifdir. Mən bir iş adamı kimi hər zaman bu təklifi dəstəkləmişəm. Çünki Azərbaycanın əksər imkanlı şəxsləri istirahət üçün xaricə gedən zaman daha çox kazino olan ölkələri seçirlər. Onlar bununla məşğuliyyət tapırlar və kazino klublarda oturub istirahət edirlər. Mən bunu neçə illərdir ki, müşahidə edirəm. Misal üçün, imkanlı şəxslər xaricə gedəndə özləri ilə 5-10 min dollar pul götürüb kazinoya gedirlər. Əslində onlar kazinolara uduzmaq üçün deyil, istirahət etmək və dincəlmək üçün gedirlər. Kazino da istirahət etmək üçün bir mədəni klubdur. Bu adamlar da xaricə gedən zaman həmin mədəni klublarda oturub ilk növbədə qəhvə, meyvə şirəsi və ya içki sifariş edir. Nəzərində tutur ki, 100 dollar pulu var və onu kazinoda oynayacaq. Kazinoda oyun oyna-oynaya həm də istirahət edir. İstirahəti yüksək olduğu üçün də bu adamlar həmin yerlərdən xoş təəssüratla ayrılır və daha sonra da həmin yerə gəlməyi düşünürlər. Kazino imkanlı adamlar üçün mədəni istirahət deməkdir”.
Kazinolar haqda Hacı İbrahim Nehrəmlinin tərifindən sonra bircə qalır bu biznes haqda rəsmilərin düşünməsi. Elə Monako təcrübəsi də keçərli ola bilər. Azı Azərbaycan büdcəsindən payi-mal edilmiş milyonların bir qismi yerli kazinolarda dövr edərək dövlət büdcəsinə qayıda bilər.

 






Fikirlər