ELDAR MAHMUDOV GENERALLARI HƏDƏLƏYİB - Həbsxanaya mesaj GÖNDƏRİB

Картинки по запросу eldar mahmudov VƏ MTN

Sübahir Qurbanovla Teymur Quliyevin istintaqa verdiyi məlumatlar sayəsində sabiq nazirin gizli qalan bank hesabları, müxtəlif turistik bölgələrdəki villaları, mal-mülkləri də üzə çıxıb

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov öz generallarına hədə mesajı yollayıb. Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumatda deyilir ki, sabiq nazir hazırda həbsdə olan generallar Teymur Quliyev və Sübahir Qurbanovun istintaqla, məhkəmə ilə aktiv əməkdaşlıq etmələrindən ciddi narazıdır. Belə ki, hər 2 general həbs olunandan sonra onlara MTN-də baş verən qanunsuzluqlarla bağlı verilən suallara ətraflı, çox vaxt isə gərəkəndən artıq cavablar verirlər.
Bu isə azadlıqda qalan, hər iki şəxsi general rütbəsinə təqdim edən E.Mahmudovun qəzəbinə səbəb olur. Onun ətrafındakı dar çərçivədə olan şəxslərə bilinən sirlər, çirkli biznes gizlinləri də beləcə istintaqçıların əlinə keçir. Generallarının istintaqa verdiyi ətraflı məlumatlar sayəsində Eldar Mahmudovun istintaqa məlum olmayan bank hesabları, müxtəlif turistik bölgələrdəki villaları, mal-mülkləri də siyahıya alınıb.
Mənbəmiz bildirib ki, Eldar Mahmudov mesajında həbsdəki hər iki generalına Akif Çovdarovdan ibrət götürməyi də çatdırıb, özlərini isə hədələyib. Generallara çatdırıblar ki, özləri istintaq altında, Penitensiar Xidmətin qoruması altında olsalar da, yaxınları belə qorumadan kənardırlar, arada onları da düşünsünlər. Yəni onlara qarşı hansısa addımlar atıla bilər.

Hazırda məhkəmə qarşısına çıxarılan S.Qurbanova general-mayor ali hərbi rütbəsi E.Mahmudovun təqdimatı ilə 2011-ci ilin martında verilib. Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı illərdə o da qanunsuz yollarla varlanmağa, heç vaxt görmədiyi qədər var-dövlət qazanmağa müvəffəq olub.
S.Qurbanov ilkin dindirmələrdə bütün qanunsuz göstərişləri Eldar Mahmudovdan aldığını deyib.

Hazırda həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev də Eldar Mahmudovun təqdimatı ilə vaxtilə general-mayor rütbəsi alanlardandır. 1970-ci ildə Bakıda anadan olan Teymur Quliyev Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirib. Daha sonra DİN sistemində çalışıb. DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsində gələcək MTN rəhbəri Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib. Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevin də iş yeri dəyişib.

O, MTN-də təchizat şöbəsinin rəisi postuna gətirilib. Lakin bu vəzifədə az işləyib və tezliklə Eldar Mahmudov onu daha yüksək posta – MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyin edib. 2012-ci ildə ona general-mayor hərbi rütbəsi verilir. Teymur Quliyevin mərhum atası Rəcəb Quliyev uzun illər polis sistemində işləyib. Bir sıra rayonların polis rəisi olub. T.Quliyevin əmisi Rəhim Quliyev də polis sistemində işləyib.

DİN-də məsul vəzifələr tutub. 1980-ci ildən isə daxil işlər nazirinin müavini olub. Quliyevlər əslən Gədəbəy rayonundandır. Mətbuatda Eldar Mahmudovun “qara qutusu” kimi təqdim olunan MTN-in Monitorinq Mərkəzinin keçmiş rəhbəri Teymur Quliyev “MTN işi”ndə ən mübhəm fiqurlardan biridir. MTN xətti ilə baş tutan bütün qanunsuz dinləmələr onun razılığı, göstərişi əsasında yerinə yetirilib. Bu dinləmələr isə təkcə hədəfdə olan sahibkarları əhatə etməyib, hakimiyyət təmsilçiləri də Teymur Quliyevin rəhbərlik etdiyi mərkəzdən dinlənilib. Eldar Mahmudovun işdən çıxarılmasından dərhal sonra qandallananlardan biri də məhz T.Quliyev olub. E.Mahmudovun bu generalı da ilk dindirmələrdə sabiq şefinin əleyhinə ifadələr verib. Qanunsuz dinləmələrin Eldar Mahmudovun göstərişi ilə baş tutduğunu ifadələrində göstərib.

Qeyd edək ki, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natəvan Mirvətova və digər vəzifəli şəxslər – Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə proses keçirilir. Təqsirləndirilənlərə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitləri, 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib.

Xatırladaq ki, hazırda Sabunçu Rayon Məhkəməsində, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Digər şəxslərin barələrində istintaq hərəkətləri davam etdirilir(musavat.com).

 






Fikirlər