ƏFQANISTAN VETRANLARI sədrdən şikayətçidir, amma RÜŞVƏT VERDİKLƏRİ üçün...
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri və müavini hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən 1961-ci il Məhəmməd Vəliyev və 1961-ci il Cavan Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında için məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Məhkəmə baxışı fevralın 28-nə təyin edilib. Prosesdə iştirak edən Əfqanıstan veteranları narazı qalıblar. Onlar iş üzrə zərərçəkmiş kimi tanınmayıblar. Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açıldığından veteranlar zərərçəkmiş kimi yox, şahid kimi tanınıblar. Məlum olub ki, onlar torpaq almaq və ayrılmış imtiyazlardan istifadə etmək üçün birliyin sədrinə və müavininə rüşvət veriblər. Bildirək ki, Məhəmməd Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, Cavan Əhmədov isə təşkilatın sədr müavinidir. Hər iki təqsirləndirilən şəxs dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər. Təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır. Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub. Veteranlara ayrılan torpaq sahəsi onlara satılıb. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manata satılıb. Veteranlar iddia edirlər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub. Zərərçəkmişlərdən 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblıər.