Jurnalist bacanağının evini yardı — 50 MİNLİK oğurluq

Jurnalist bacanağının evini yardı — 50 minlik oğurluq

Bakıda mənzildən oğurluq edən şəxslər saxlanılıb.

 AzerTaym.az musavat.com-a istinadən məlumatına görə, onlar açarın surətini çıxarmaqla mənzilə daxil olublar və 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıblar. Hadisə Xətai rayonunda baş verib.

Elşad Abdullayev polisə müraciət edərək bildirib ki, evdə olmadıqları vaxt qızıl-zinət əşyaları oğurlanıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis şübhəli şəxsləri saxlayıb. Onlar İsmayıl Rzayev və əvvələr məhkumluq həyatı yaşamış Bəxtiyar Əliyevdir.

İsmayıl Rzayev ev sahibinin bacanağıdır. O, evdə qızıl-zinət əşyalarının olduğunu bilirmiş: “Evdən açarı götürdüm, surətini çıxarıb qoydum yerinə. Həmin gün evləri boş idi. Bəxtiyarı göndərdim getdi onlara. Özüm aşağıda gözlədim”.

Evə Bəxtiyar Əliyev girib. Onun sözlərinə görə, planı İsmayıl Rzayev qurubmuş: “Dedi ki, ev var, içəridə heç kim yoxdur. Mən də işsiz adamam, getdim”.

Dostlar hadisə yerindən uzaqlaşan kimi qızılları aralarında bölüblər. Daha sonra onlar əldə etdikləri 50 min manatlıq qızıl-zinət əşyalarını müxtəlif mağazalara ucuz qiymətə satıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, İsmayıl Rzayev BDU-nun jurnalistika fakültəsini bitirib.






Fikirlər