Fədayə Laçın və daha 12 nəfərin MƏHKƏMƏSİ oldu
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan olunub. Hakim bildirib ki, C.Səmədov, P. Hacıyev və T. Poladxanova qarşı irəli sürülən itihamlar sübuta yetirilərsə, onların hər birini 19 il həbs cəzası, Fədayə Laçını 6 il, Günay Atakişiyevanı isə 12 il həbs cəzası gözləyir. Məhkəmə Ə.Ağamiyə sərbəst ifadə vermək üçün təklif edib. O, çıxışa hazır olmadığını, istintaqa ötən ilin noyabrında ifadə verdiyini vurğulayıb. Daha sonra G.Atakişiyeva dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib. G.Atakişiteva "Qoca" ləqəbli Etibar Məmmədovu rəfiqəsi Lalə vasitəsi ilə tanıyıb: "Lalə ilə yaxın münasibəti var idi "Qoca"nın. Mənə deyirdi ki, onunla sevgilidi. Daha sonra mən də onunla danışmağa başladım, 3 ay münasibətimiz olub. Etibarın ağır cinayət törətdiyini bilirdim. 3 ayda 2 dəfə görüşmüşəm. Açarı Etibara mən verməmişəm. Aqil mənə onun paltarları olan çantanı verdi ki, Etibara çatdırım. Çantanı qatarın girişində Ceyhun məndən aldı, mənim çantamı yoxlayıb içəri buraxdı. Dedi ki, çantanı Etibara özü verəcək. Açarın çantada olmasını bilməmişəm. Aqillə Etibarın danışığında iştirak etməmişəm. Mən Biləcəridə qatara mindim, gecəni Etibarla qaldım. Mən Etibarla görüşəndə Ceyhun məndən aldığı çanta artıq Etibarda idi. Lənkəranda məni qatardan düşəndə Aqil qarşıladı. Onun maşını ilə Bakıya qayıtdım. Bakıda Aqillə mən Etibarı Biləcəridə qarşılayıb getdik Lökbatana. Lökbatandan isə Hökməliyə Fərhadgilə gəldik. Mən ordan Sumqayıta evimizə gəldim. Sonradan Etibar da gəldi bizə, gecəni bizdə qaldıq. Taksi sürücüsü tanışım var idi, onu çağırıb 150 manata danışdıq ki, bizi Ağstafaya aparsın və orda tutulduq". G. Atakişiyev bildirib ki, əməlindən peşmandır. Prosesdə təqsirləndirilən şəxs Əli Ağaminin ibtidai istintaqa verdiyi ifadə elan olunub. İfadədə bildirilib: "Lənkərandan Bakıya qatarla gedərkən qatara minəndə Ceyhun Səmədov məni yoxlamadan vaqona daxil oldu. Gecə saatlarında Etibar mənim saxlandığım kameraya gələrək məni öz kamerasına çağırdı. Orda söhbət zamanı o mənə açarı göstərərək bildirdi ki, gecə qatardan qaçacaq. O mənə də qaçmağı təklif etdi. Bildirdi ki, sənə belə kömək edə bilərəm. Biz gecə Ceyhun Səmədovla görüşüb törətmədiyimiz cinayətə görə həbs olunduğumuzu bildirmişik. Səhər saat 05 radələrində Etibar açarla pəncərəni açdı. Qatar Biləcəri stansiyasına çatanda Etibar pəncərədən tullanıb qaçdı. Sonra da mən qaçdım və başqa istiqamətə getdim". Ə. Ağəmi bildirib ki, ifadəsində Etibarla birlikdə C. Səmədovla görüşməsi yalandır: "Mən onların danışığında iştirak etməmişəm. Etibarla mən yola getmirdim. Çünki Etibara görə mən törətmədiyim cinayət üstündə həbs olunmuşam". Ə. Ağəmi bildirib ki, onların qaçmasından kovboy əməkdaşlarının xəbəri olmayıb. Təqsirləndirilən şəxs Aqil Nəcəfov bildirib ki, Etibarı rayondan tanıyıb: "Qardaşına zəng vurmuşdu, onda danışdıq, məndən telefon nömrəmi götürdü və bildirdi ki, gələrsən yanıma. Mən də getdim Kürdəxanıya yanına. Bir dəfə Etibar zəng vurdu ki, Günayı aparım yanına, mən də apardım. Sonra da Fədayə, mən və Lalə getdik görüşdük Etibarla. Hadisə olan gün gecə saat 3 radələrində Etibar mənə zəng vurdu ki, Fədayədə açar var və onu götür. Bir nəfər açarı gətirib mənə verdi. Etibar zəng vurdu dedi ki, həmin açarı bağlamaya qoy ver Günaya. Mən də bağlamanı Günaya verdim. Bağlamada siqaret, alt paltarı və açar var idi. Vaqonun pəncərəsindən Etibarla danışdım və qayıdıb getdim. Günay isə mindi vaqona. Etibardan soruşdum ki, açarı neynirsən? O da dedi ki, təcridxanada ayı qəfəsi var, onu açacam. Bunu Fədayə də bilirdi. Etibar gecə mənimlə əlaqə saxladı ki, gəl Şirvan şəhərinə, Günayı ordan götür. İsrafillə gəldim Şirvan şəhərinə Günayı götürdüm. Etibara dedim ki, qaçma, telefonlara qulaq asarlar ilişərik. Sonra Etibar zəng elədi ki, gəl Biləcəriyə məni götür. Mən də gəldim götürdüm. Səhv eləmişəm, bilirəm ki cinayətkaram.Etibarı uşaqlıqdan tanıyıram. Amma, 15 il idi görmürdüm" Təqsirləndirilən şəxs İsrafil Soltanov ifadəsində bildirib ki, Aqil Nəcəfovun tanışıdır: "O mənə dedi ki, Şirvandan bir qız var onu götürməliyik. Gəldik vağzala, 1 saat qatarı gözlədik, Aqil getdi qızı götürdü gəldi. Sonradan bildim ki, Günaydı. Onu götürdük gəldik Bakıya. Sonra dedilər, Biləcəriyə gedək adam götürəcəyik. Mənim Etibarın qaçmasından xəbərim olmayıb. Maşına oturandan sonra bildim ki, Etibar qaçıb. Polisə təqdim etmək ağlıma gəlmədi. Plan qurulmasında iştirak etməmişəm. Sadəcə işə düşmüşəm. Bir dəfə də cavan vaxtı belə bir işə düşmüşdüm. Etibarın qardaşını tanıyıram. Etibarı da bir yerli kimi tanımışam, münasibətim olmayıb. Kəndçi kimi. Amma 5-6 il idi ümumiyyətlə görmürdüm onu". İş üzrə məhkəmənin növbəti iclası avqustun 13-nə təyin olunub. Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb. Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.