“Anam deyirdi ki, səni Azərbaycanda öldürəcəklər, getmə”
“Fəxrəddin mənə elə bir sillə vurdu ki, amma əvvəl utanırdı...”
“Atam, anam Krımda doğulub amma Rusiyanın etdiyi zülmlərə görə Türkiyəyə qaçıb gəliblər. “Təhminə” filminə dəvət gələndə anam çox qorxurdu, deyirdi ki, “bizi tapıblar”. Çox həyəcanlı idi. Onun qorxusu mənə də keçmişdi. Müstəqilliyinizi almamışdınız o vaxt. Təyyarədən enən kimi rus əsgərləri silahlarla bizi qarşılayırdılar. Çox çətin dönəm idi. Anamın qorxusunu heç unuda bilmirəm. Anam deyirdi ki, “orada səni öldürəcəklər”. Ona başa saldım ki, gözəl insanlardır. Çünki Rasim Ocaqova inanmışdım. Fəxrəddin mənim çox önəmli bir həmkarım, rol dostumdur. Fəxrəddini Rasim bəy filmdə Spartak obrazına çəkmək istəyirdi. Fəxrəddin dedi ki, “Zaur roluna çəkilməsəm, bu filmdə rol almayacam”. O qədər filmə çəkilmişəm, amma “Təhminə” filmi mənim üçün çox önəmlidir. Bu film çox əziyyətlə ərsəyə gəldi. Rasim Ocaqov filmin çəkilişləri zaman infarkt keçirdi, Fəxrəddin qəzaya düşdü, mən də əməliyyat olundum. Amma film ərsəyə gəldi. Çox da gözəl film alındı”.
Bunu Moderator.az-a açıqlamasında türkiyəli aktrisa Meral Konrat deyib.
Meral Konrat bildirib ki, filmdə Fəxrəddin ona həqiqətən də sillə vurub.
“Fəxrəddinin mənə sillə vurma səhnəsi həqiqi idi. Bir dubla çəkildi. Rasim Ocaqov dedi ki, “Meral xanım, istəyirəm bu səhnə həqiqi olsun”. Dedim ki, deyin Fəxrəddin mənə sillə vursun. Fəxrəddin də dedi ki, “mən Merala sillə vura bilmərəm”. Vura bilmərəm deyə-deyə mənə elə sillə vurdu ki (gülür)” deyə aktrisa bildirib.
Aktrisa bildirib ki, meneceri illər əvvəl ona yalan danışıb.
“Azərbaycandan mənə bir film təklifi də gəlmişdi. Guya mən 80 min qonorar istəmişəm. Mənim menecerim bu qiyməti onlara deyib. Elgiz Əkbər bu hadisəni mənə dedi. Menecerimin bu hərəkətindən xəbərim yox idi.
Sonra dedim ki, “nə oldu, ssenarini göndərdilər?”. Dedi ki, xeyr! İşimə əngəl olurdu, indi onunla çalışmıram” deyə aktrisa bildirib.
Aktrisa bildirib ki, təklifləri çox olsa da, xoşuna gələn rol olmayıb.
“Filmə çəkilmirəm, daha çox teatrda çalışıram. Filmlərdə istədiyim obrazları oynaya bilmirəm. Ssenarini oxuduğum zaman əgər onu beynimdə canlandıra bilirəmsə, demək ki, bu rol mənimdir. Bəzən elə rollar olub ki, çox bəyənmişəm, amma qonorar az olub. Yaxud da ssenari zəif, amma qonorarı gözəl olub. Bəzən də teatrdakı işlərimə görə çəkilə bilməmişəm. Teatr ilə müqaviləmiz var, onları yarı yolda qoyub gedə bilmərəm” deyə aktrisa bildirib.
Aktrisa sevgisindən də danışıb.
“Mən eşq qadınıyam, Təhminə kimiyəm. Sevəndə tam sevirəm. Pula, var-dövlətə görə sevmirəm. Sevsəm həyatımda bir insan olacaq, ömrümün sonuna qədər də onunla yaşayacam. İnsan bir dəfə sevmir, hər zaman sevə bilər. Kim deyirsə qadın bir dəfə aşiq olur, bu söz çox yalandır” deyə Meral Konrat bildirib.