Habil Əliyevin bacarıqsız olduğu film... - “KİNO-kryoz”

Moderator.az saytı “Kino-kryoz” rubrikasından növbəti yazını təqdim edir. 

Bu dəfə 1979-cu ildə ekranlaşdırılan “Mən mahnı qoşuram” filmindən danışacağıq. Rejissor Tofiq İsmayılovun filmində Nəsibə Zeynalova, Həsənağa Turabov, Ağasadıq Gəraybəyli, Eldəniz Zeynalov, Konstantin Dauşvili, Amaliya Pənahova və s. kimi sənətkarlar çəkilib.
Habil Əliyev rolun öhdəsindən gələ bilmir
Filmdə kamança çalan Bəhmən dayını “Mimino” dan hamının yaxşı tanıdığı gürcü aktyor Konstantin Dauşvili canlandırır. Lakin rejissor Tofiq İsmayılov sonradan gürcü aktyoru məcburiyyət qarşısında qaldığı üçün filmə dəvət etdiyini vurğulayıb. Bəhmən obrazı üçün əvvəlcə Ağasadıq Gəraybəyli, daha sonra isə kaman ustası Habil Əliyev sınaq müddətində etimadı doğrulda bilmir. Ustad aktyor A.Gəraybəylinin  sınaqlara səhhəti səbəbindən rejimsiz gəlməsi, əksər hallarda isə ümumiyyətlə, çəkilişlərdə iştirak etməməsi rejissoru qəti addım atmağa vadar edir və o, Bəhmən rolu üçün Habil Əliyevi dəvət edir.
Habil Əliyev onsuz da filmdə kamança ifalarını səsləndirirdi. Lakin rejissor həm də Bəhmən dayı rolu üçün onu düşünür. Lakin sınaq çəkilişlərində məlum olur ki, Habil Əliyevin aktyorluq bacarığı o qədər də yüksək səviyyədə deyil. Odur ki, Habil Əliyev bu filmə ancaq kaman ifası ilə öz töhfəsini verə bilir. Habil Əliyevin Bəhmən obrazının sınaq çəkilişləri zamanı lentə alınan fotoları bu gün də kinostudiyanın arxivindədir.
Moskvanın təkidi və yəhudinin azərbaycanlaşması
1979-cu ildə Moskva “Azərbaycanfilm” Kinostusiyasından üç filmin çəkiləməsini istəyir. Filmlərdən ikisinin istehsalı nədənsə baş tutmur. Üçncüsü isə arxivdə yatıb qalır. Lakin Moskva o iki filmdə güzəştə getsə də, üçüncüdə daha israrlı olur. Bu səbəbdən də, kinostudiyanın direktoru Cəmil Əlibəyov rejissor Tofiq İsmayılovu yanına çağırır. Vəziyyətin çıxılmaz olduğunu başa salır və arxivdə yatıb qalan ssenarini ona göstərir. Ssenaridə yəhudi qızının taleyi əks olunmuşdu. Lakin rejissorun təkidi ilə yəhudi qızı azərbaycanlı qızı ilə əvəz edilir. Filmin mərkəzində azərbaycanlı gənc qızın hədəfə necə çatması dayanır. 
 
Rejissor öz qızını filmdən uzaqlaşdırır
Filmin baş qəhrəmanı olan Sonanı Olya Rojdestvenskaya adlı yeniyetmə rus qızı canlandırır. O, gənc olmasına baxmayaraq Rusiya çəkildiyi “Qırmızı papaq” filmi ilə, həmçinin orada özünün oxuduğu mahnılarla aktrisa-müğənni kimi tanınırdı. Onu bu film üçün isə filmin bəstəkarı Polad Bülbüloğlu kəşf edir. Rejissor kinonun musiqisinin yazılması üçün Moskvaya gedəndə Polad Bülbüloğlu yeniyetmə aktrisa ilə onu tanış edir. Olyanın aktrisa və müğənni kimi bacarığı rejissoru o qədər valeh edir ki, o,  film üçün öz qızından da imtina etməli olur. Çünki Olyaya qədər Sona rolu üçün bir neçə səhnəni rejissorun öz qızı Vəfa oynamışdı. Lakin Tofiq İsmayılov “əsas doğmalıq yox, kinodur” deyərək filmdə qızından imtina edir.  
“Sən çox bacarıqsız adamsan”
Filmdə Sonanın iki yaxın dostu var ki, hər zaman onun yanında olur və birlikdə musiqi ifa edirlər. Dostlardan birini- Nadiri indi rejissor kimi tanınan Elxan Cəfərov canlandırır. Filmin bir səhnəsində- qonaqları əsəbləşərək həyətdən qovma epizodunda Elxan Cəfərov nə qədər istəsə də, əsəbi görkəm ala bilmir. Amma o, əslində çox əsəbi olmalı idi. Çünki istedadlı dostu Sonanı Bakıya musiqi məktəbinə aparmırdılar. Həmin adamlara Nadirin əsəbi möhkəm olmalı idi. Lakin rejissor nə qədər çalışsa da, gənc aktyor bunu bacarmır. Axırda Tofiq İsmayılov köhnə rejissor fəndlərindən birini işlədir və aktyoru az qala təhdir edir. “Sən çox bacarıqsız adamsan, səndən aktyor olmayacaq” deyir. Aktyor bundan sonra həmin səhnənin öhdəsindən gəlir.
Kino-kryoz
-Filmdə mahnının sözlərini SSRİ məkanında o zaman çox yaxşı tanınan, milliyətcə azərbaycanlı olan Onegin Hacıqasımov yazıb. Onu o zaman Polad Bülbüloğlu kəşf etmişdi. Lakİn sonradan şair haqqında heç bir məlumat olmadı.
-Filmdə baş qəhrəmanı canlandıran Olya Rojdestvenskaya hazırda Rusiyada müğənnidir. O qədər də tanınmasa da, özünəməxsus tamaşaçı kütləsi var.
-Filmin yəhudi həyat tərzinin təsviri məqsədilə çəkilməsi nəzərdə tutulub. Lakin bizimkilər ustalıqla bu ideyanı dəyişə biliblər.
-Filmin azərbaycanca variantının neqativi bərbad halda olduğu üçün arxivdə   səsləri rus variantına köçürərək filmi yenidən bərpa ediblər.
-“Mən mahnı qoşuram” mərkəzin sifarişi ilə çəkildiyindən rus dilinə tərcümə olunaraq bir çox yerlərdə nümayiş olundu.
Elmin Nuri
Qeyd: Yazıda Ulduzə Qaraqızının “Aqzərbaycan filmlərinin çəkilmə tarixindən” adlı monoqrafiyasından istifadə olunub.

 






Fikirlər