21.05.2014. - Vay Zaur!

21.05.2014. -  Vay Zaur!Pis, pis, çox pis. Kimdən soruşursan, deyir, yerli kanallara baxmıram. Heç əcəb eləmirsən...
Hərdən baxmaq lazımdı. "Yerli kanallar mənlik deyil" deyib tamaşaçı məsuliyyətindən kənar dayanmaq olmaz. İnzibati üsullar fayda verməyəndə TV-lərə tamaşaçı basqısı gərəkdi.


Etiraf edim: Ötən şənbə "Xəzər TV"-də "Ay Zaur" verilişinə mən də bir təsadüf ucbatından ilişib baxası oldum.

Zaur Kamal adlı aparıcının öz adına açdığı (bir az kommersiya ifadəsinə oxşadı) bu proqramın hərdən baxımlı buraxılışları olub yəqin. Bundan sonra da ehtimalən bu yüz ilin tele-aparıcısı maraqlı nəsə edəcək. Amma... İlk əvvəl bu dəyərli insan salam verməyi öyrənməlidi. "Salaməleyke..."

Əleyküm salam, Zaur bəy, Allah xətrinə, harda nəzakət etiketlərindən necə istifadə edirsiz, necə salam verib-salam alırsız, hal-əhval tutursuz, özünüz bilərsiz. Ancaq geniş auditoriya qarşısında salam-kalam standartlarını təhrif eləmək rüsxətini inanmıram "Xəzər" TV rəhbərliyindən almış olasız.

İlk dəfə qarşılaşdığı kənd qadınına "sən"lə müraciət eləməyin özəlliyini də tamaşaçının sinirəcəyinə inanmıram.

1saat 10 dəqiqəlik verilişin 15-ci dəqiqəsində "Başladı "Ay Zaur..." deyib açılış eləmək, giriş vermək hansı məntiqə sığır - çox düşündüm. Yəqin sizinçün veriliş süfrə hazır olanda, dadlı təamların qoxusu duyulmağa başlayanda başlayır. Görünür, verilişin məhz kabab söhbətiylə yekunlaşması da "qəza hadisəsi" deyilmiş. Aşağıda bu məsələyə necə deyərlər, bir də qayıdarıq.

Hər bir verilişin bir süjet xətti, qayəsi, məqsədi zənnimcə, qabaqcadan müəyyənləşməlidi. Kameraları, teletexnikanı maşına doldurub "gedək Salyana, görək neynirik" fikri-niyyətiylə səfərə çıxmaq bəlkə də mümkündü, amma bu sayaq yanaşmadan sıçrayan eybəcərlikləri ört-basdır eləməkçün çox böyük istedad və ustalıq lazımdı.

Yoxsa aparıcı elə ilk epizodda "bu kəndin adı nədi?" deyə soruşmazdı. Özü də kimdən-kimdən, guya kənd sakini qismində kamera qarşısına çıxmış müğənni Yusif Mustafayevdən... Bu sorğu tamaşaçını məkanla tanış eləmək fəndi ola bilməzdi. Elə olsaydı Zaur Kamal verilişin sonrakı hissələrində kəndin adını niyə bir neçə dəfə unudurdu?

Deyəsən, hara, hansı kəndə gəldiyinin fərqində deyildi, buna heç ehtiyac da duymamışdı.

Söhbətə necə başlamaq, hansı ifadəylə giriş eləmək çətinliyiylə stajlı tele-jurnalist də qarşılaşa bilər. Harada, necə, hansı səbəbdən, qəflətən, təsadüfən, bilərəkdən... Ola bilər.

"Xoş gəlmişik, haay? Aqil müəllim..." Belə orijinal girişi ancaq kabab qonaqlığında eləyərlər, ay Zaur. Ümumiyyətlə, Zaur Kamalın dialoqlarına qulaq asmaq bir özgə səbr-dözüm, tolerantlıq, qan təzyiqi, səhhət tələb eləyir. Onları sözə çevirib köşəyə əlavə eləməksə tamam mümkünsüz...

Mən bilən, bu veriliş ya sürətlə, başdansovdu, qaçatdıbasdı şəraitdə montaj olunub, ya da Zaurun öz "kapriz"ləri, "sənət şıltaqlıq"ları var, məsələn, acığa düşəndə şərt qoyub deyir: "Heç kəs mənim çəkilişlərimi qayçılaya bilməz".

Hər halda, Salyanın Şorsulu kəndini talış zonası sayan Yusif Mustafayevin elementar coğrafi biliksizliyinə (buna başqa ad da vermək olar) aparıcı təcili düzəliş verməliydi, bacarmamışdısa hesabla redaktor, o da olmasa, texniki işçi səhvi arıttamalıydı.

Ay Zaur, vay Zaur!

Bir dəstə toy müğənnisinin əyalətdəki həmkarını təmtəraqla efirə təqdim eləməsinə 1 saat 10 dəqiqə vaxt ayırmağın əziyyətinə quzu kababı düşürmü? Düşmür. Tək ona görə yox ki, quzu yazıqdı... Tamaşaçılar da yazıqdı. Bir ağbirçək ananı ortaya qoyub "məşhur" Əflatun Qubadovun ifasında "Ana" muğamına qulaq asanlar lap yazıqdı.

Zaur Kamalın Salyan səfərinin sonunda kabablı yekun sözünü olduğu kimi yaza bilmədim, alınmadı (o, yalnız reklam mətnlərini abırlı oxuyur)... Təxminlə kifayətlənək. Zaurun şifahi nitqinin yazılı dilə çevirməsi belədi: "Orda, həyətin arxasında kimlərsə ora-bura qaçır, kabab hazırlığı görür, gəlin onları əziyyətdən, özümüzü də intizardan qurtaraq..."

Elə bu anda ekrana arxa planda dayanmış bir sifət gəldi. Yəqin kababçıdı. Verilişin əsas qəhrəmanı... Onun “konserti" daha maraqlı olar.

Qurban Yaqublu






Fikirlər