Fransa mediası erməniləri İFŞA ETDİ...

Fransa mediası erməniləri ifşa etdi

Fransa mediasının ilk onluğundan olan “Agoravox” saytı Qarabağ münaqişəsi barədə məqalə dərc edib.

Yenisabah.az xəbər verir ki, məqalədə Fransa KİV-lərinin münaqişə barədə birtərəfli informasiyalar verməsinə də toxunulub.

“Ermənistan və Azərbaycan arasında münaqişənin təqdimatı Fransa mətbuatında təxminən bu cür təqdim edilir: məzlum ermənilər vəhşi azərbaycanlıların hücumuna məruz qalıb; xristian ermənilərə qarşı müsəlman azərbaycanlıların aqressiyası baş verir; Türkiyə Azərbaycanla birləşib Fransanın kiçik bacısına təcavüz edir; Qarabağ ermənilərindir və azərbaycanlılar onu ermənilərdən qoparmaq istəyir...

Fransa mətbuatı bu cür birtərəfli ittihamlarla doludur və Fransa boyda nəhəng bir ölkədə ictimai rəyə bu qədər birtərəfli informasiya təqdimatını yalnız Rus mətbuatının davranışı ilə müqayisə etmək olar. Amma bu iki ölkə arasında mətbuat azadlığı dərəcələrində ciddi fərqlər var”, - deyə məqalədə bildirilir.

Sayt daha sonra yazır ki, Fransız KİV-lərinin erməni mənbələrinə, ictimai-siyasi fiqurlarına istinadən tirajladığı məlumatlar “fakenews” kateqoriyasına daxildir: “Azərbaycanda müsəlmanlarla xristianlar arasında qarşıdurmanın olması barədə iddialar yalandır və heç bir əsası yoxdur. Yalandır və heç bir əsası yoxdur. Ermənilərlə azərbaycanlılar arasında münaqişənin də dini əsası yoxdur. Ermənilərdən başqa Azərbaycanda xristian kimliyi ilə ruslar və molokanlar var. Sovet hakimiyyətinin çöküşü zamanı rusların, molokanların və xristian dini kimliyi ilə fərqlənən başqalarının xüsusi çəkisi ermənilərdən artıq idi, amma onların dini fərqi müsəlman azərbaycanlılarla münasibətlərdə heç zaman öncədən götürülmüş münasibət olmayıb. Ermənilərlə konflikt onların separat təşkilatlanması və yerləşdikləri əraziləri Azərbaycandan qoparıb müstəqil dövlət qurmaq və ya Ermənistana birləşdirmək niyyətləri ilə bağlı olub. Fransada bunu müqaiysə edə biləcəyiniz Korsika nümunəsi ola bilər. Yəni, əgər Korsikalılar silahlanaraq Fransadan ayrılmaq istəsələr fransız cəmiyyətinin və dövlətin bu fakta münasibəti necə ola bilər?

Azərbaycanda türkçülük- turançılıq ideyasınıın  başqa millətləri fərqləndirməsi və millətlərarası münaqişə mənbəyi olması barədə iddiaların da gerçəklə heç bir əlaqəsi yoxdur. Azərbaycanda ermənilər də daxil olmaqla (və yeri gəlmişkən, Bakı şəhərində indi də 30 min nəfərə qədər erməni yaşayır) 17 xalq yaşayır. Bunlar azərbaycan türkləri, talışlar, kürdlər, yəhudilər, tatlar, avarlar, saxurlar, ləzgilər, rutullar, molokanlar (dini etnik kimlik), ingiloylar, qaraçılar, assuriyalılar, udinlər (xristian dinin Qriqoran məzhəbi olmaqla ermənilərlə eyni kilsədir), almanlar, ruslardır. Amma hər biri cəmi 10-15 min nəfərdən lap azsaylı xalqlar da var: buduqlar, ceklər, əliklər, haputlar, qrızlar, xınalıqlar, yergüclər.

Ən azsaylı xalqların da inzibati qaydada assimilyasiyaya məruz qoyulması ilə bağlı hər hansı fakt yoxdur. Misal üçün qrızlar 1926- cı il siyahıya alınmasına görə 2250 nəfər idilərsə, indi onların sayı 11 min nəfərdir. 

Yeri gəlmişkən, Fransa üzrə bütün ümumi göstəricilərdə yazılır ki, bu ölkədə fransızlar da daxil olmaqla (75 faiz) cəmi 6 xalq məskunlaşıb: fransızlar, italyanlar, mərakeşlilər, türklər, portuqaliyalılar, əlcəzairlilər.

Əlbəttə, alzaslılar, bretonlar, flamandlar, korsikalılar, katalonlar kimi bir neçə yüz mindən 1 milyon və daha artıq sayı olan fərqli etnik xalqlar da var, amma Fransa onların muxtariyyat və ya “müstəqil dövlət” iddiaları ilə hələ ki, ciddi şəkildə rastalşmır.

Azərbaycanda isə əhalinin əksəriyyəti Azərbaycan türkləridir, amma orda da heç bir azsaylı xalq azsaylı xalq olduğu üçün nə cəmiyyət, nə də dövlət tərəfindən məqsədli şəkildə təqib edilməyib”.

Məqalədə Türkiyənin Azərbaycanı müdafiə etməsinə də toxunulub: “Ermənistan- Azərbaycan münaqişəsində Türkiyə Azərbaycanı müdafiə edir. Necə ki, Fransa Ermənistanın mövqeyini dəstəkləyir, eləcə də həmin motivlərə və səbəblərə görə də Türkiyə Azərbaycanı müdafiə edir. Türkiyəni Azərbaycana bağlayan səbəblər Fransanı Ermənistana bağlayan səbəblərdən daha artıqdır. Fransa Ermənistanı özünün “kiçik bacısı” adlandırır, amma Türkiyə Azərbaycan üçün böyük qardaş deyil, sadəcə olaraq qardaş ölkədir”.

Bununla belə, sayt qeyd edir ki, Türkiyə Ordusunun Qarabağda döyüşməsi, Ankaranın Bakını silahlandırması, münaqişəni alovlandırması barədə iddialar əsassızdır.






Fikirlər