Vətəni ailəsindən üstün tutan şəhidimiz - FOTOLAR
Xalqımız Vətən müharibəsinin qələbəsini öz qanları ilə tarixin səhifəsinə əbədi həkk edənləri heç zaman unutmayacaq. Şanlı qələbənin qazanılmasında tarix yazan igidlərimizdən biri də Niyaməddin Məhərrəmovdur. Şəhid qəhrəmanımızı yaxından tanıyaq. Niyaməddin Məhərrəmov Beyləqan rayonunun Eyvazalılar kəndində doğulub. Hələ kiçik yaşlarından Vətənə böyük sevgisi olub. Hər bir azərbaycanlı kimi onu da daim torpaqların azad olunması düşündürüb. Odur ki, sentyabrın 27-də Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərdə iştirak edib. Müharibənin ilk günündən düşmənin müdafiə xəttinin yarılmasında qəhrəmanlıqla döyüşüb. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Şəhidin atası Əmiraslan Məhərrəmov deyir ki, Niyaməddin döyüşə getməzdən əvvəl gecə yatmayıb, Qarabağla bağlı mahnılar oxuyub. "Sonuncu dəfə Azərbaycan marşını oxuyurdu. Səhər sənədlərini topladı, birlikdə hərbi komissarlığa getdik. Oradan ön cəbhəyə yola düşdü. Dedi ki, narahat olmayaq, salamat qayıdacaq. Sonra isə dedi ki, bu, müharibədir, gələ də bilər, gəlməyə də...". Niyaməddin Məhərrəmov ailəli idi. İki azyaşlı övladı Ayan və Ayxan Vətənə əmanət qaldı. O, müharibəyə gedəndə ailəsindən, uşaqlarından narahat deyildi. Çünki, qardaşlarının onlara dəstək olacağını bilirdi. Müharibəyə gedən gün həyat yoldaşının ona ünvanladığı “Bəs uşaqların taleyi neçə olacaq” sualına isə əsl vətənpərvər kimi cavab verib. Şəhidin anası Nəzakət Məhərrəmova: "Çox vətənpərvər oğul idi. Həyat yoldaşına deyib ki, Vətən mənə övladlarımdan da şirindir. Biz anamızı, bacımızı, Vətənimizi qorumuruqsa, bu torpaqda biz niyə gəzirik?! Şükür gözümün biri ağlayırsa, biri də gülür. O biri övladlarım da Vətən yolunda döyüşə hazırdır. Özüm də qadın olduğuma baxmayaraq, Vətən uğrunda döyüşərəm. Allah bütün şəhidlərə rəhmət eləsin, hamısı mənim balamdır". Niyaməddinin əmisi Musa Məhərrəmov deyir ki, torpaq uğrunda şəhid varsa, Vətəndir: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də cansağlığı versin. Vətən sağ olsun! Allah Prezident İlham Əliyevin canını sağ eləsin! Şəhidlərimiz olsa da, torpaqlarımızı geri aldıq, düşmənə göz dağı verdik.". Şəhidin dayısı Cəmil Həsənov da Vətən müharibəsində qələbənin ordumuzun gücü, qəhrəman oğullarımızın şücaəti sayəsində qazanıldığını bildirir: "Onlar Vətən uğrunda, xalqımız üçün canlarını fəda etdilər. Döyüş yoldaşları Niyaməddinin cəsurluğundan, qorxmazlığından danışırlar. Deyirlər ki, müharibə başlayan gündən qabaqda döyüşüb. Qəhrəmancasına şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin". (Azərtac)