“Ad günümə xeyli şeir yazmışam...” – 69 yaşlı Ramiz Rövşən
Bu gün çağdaş poyeziyamızın ən görkəmli nümayəndələrindən olan, şair Ramiz Rövşənin 69 yaşı tamam olur. O, AzNews.az-a açıqlamasında bildirib ki, doğum gününü dostları ilə qeyd edəcək: “Bu günü dostlarımla bir arada olacam. Çoxdandır onların bəzilərini görmürəm. Doğum günü bizi birləşdirəcək. Ad günü münasibəti ilə yeni şeirlər yazmışam. Çox güman ki, onların bəzilərinin ilk dinləyiciləri elə dostlarım olacaq”.
70 yaşa qədəm qoyan şair bu rəqəmin ona bir az qəribə gəldiyini dedi: “Yeni şeirlərim var, 70 illik yubileyə kimi onları çap etdirib, oxucuların öhdəsinə verəcəm. 70 ilə şeir, nəsr və yeni kitablarla gələcəm”.
R.Rövşənin fikrincə, şairlər yaşlarının üstünə yaş gələndə adi insanlardan tam fərqli görünür: “Sanki özünə hesab verirsən. Yəni, bu yaşa kimi neylədim? Nəyi edə bildim, nə qaldı? Əslində, nəyi eləməliydik, amma edə bilmədik? İnsan həmişə 10 illiyin axırında tələsir. İstəyir ki, nəsə iş görsün. Əgər oxucu düşünürsə ki, Ramiz Rövşən hər şeyi deyib, bu gərçəkdən məni sevindirir. Bəlkə doğrudan da mən onların istədiyi hər şeyi yaradıcılığımda demişəm”.
Şair sonda onu da vurğulayıb ki, o, oxucularına və xalqa demək istədiklərinin hələ hamısını deməyib: “Hələ deyilməmiş, yazılmamış çox şey var. Hələ hamısını deməmişəm. Bunun üçün 70 il də azdır”.
Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir. Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.
AzNews.az