Azərbaycan Tibb Universitetinin rektoru, Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəyli APA-ya müsahibə verib
AzerTaym.az müsahibəni təqdim edir:
- Gəray müəllim, aprelin 11-də Tibb Universitetinə rektor təyin olunmusunuz. Rektor olduğunuz dövrdə ali məktəbdə nə kimi dəyişikliklər edilib?
- Artıq Azərbaycan Tibb Universitetində 25 ildir ki, çalışıram. Ali məktəbi bitirəndən sonra kafedrada baş laborant kimi fəaliyyətə başladım, illərlə bütün pillələri keçərək bu il rektor vəzifəsinə təyin olundum. Təyinatdan sonra ilk növbədə universitetin hərtərəfli işinin monitorinqi ilə məşğul oldum. Öncə çalışdım ki, tələbələrlə görüşüm və məhz onların fikirlərini öyrənim. Çünki hər bir universitetdə olduğu kimi bizim universitetin də əsas məhsulu tələbədir. Hər bir səviyyədə qarşımızda belə bir məqsəd qoyulub ki, universitetin yetişdirdiyi məhsul keyfiyyətli olmalı, xalqımız üçün keyfiyyətli kadr hazırlanmalıdır. Buna görə də ilk əvvəl tələbələrlə bir çox görüşlər keçirdim, onların şikayəti, təklifi, fikirlərini nəzərə alaraq işlərə başladım. Yeni rektor təyinatından sonra hamı dərhal hansısa dəyişiklik gözləyir, lakin hesab edirəm ki, hər hansı islahatları aparmaq üçün onların bazası yaradılmalıdır. Universitetin elmi, tədris, təsərrüfat istiqamətləri monitorinq olunub və vəziyyətin konkret necə olduğu mənə açıqlanıb.
Vurğulamaq istəyirəm ki, məndən əvvəlki rəhbərlik də universitetdə həddindən artıq böyük işlər görüb. Məsələn, 10 il əvvəl universitetin özünün klinikalarının olması bir nağıl idi. Tələbələr onlara verilən yarım saatlıq tənəffüs vaxtı şəhərin müxtəlif istiqamətlərinə getmək məcburiyyətində olurdular. Bu gün ali məktəbin 4 müstəqil klinikası var. Düzdür, onların həm tələbələrə, həm də müalicə işinə verdiyi töhfələrin səviyyəsi bizi tam qane etmir...
Bəzən hansısa inqilabi dəyişiklər gözləyirik. Mən inqilabın tərəfdarı deyiləm. Daha çox təkamül yolu ilə proseslərin yaxşılaşdırılması və təkmilləşdirilməsinin tərəfdarıyam.
Mən sizə boş söz vermək istəmirəm. Bir ilə nəyinsə dəyişəcəyini indidən desəm yalan olar. Burada tədris proqramından tutmuş dərsliklər, müəllimlərin səviyyəsi, dərs prosesinin aparılması, imtahanların hansı qaydada keçirilməsi kimi məsələlər öz həllini gözləyir. Onların hamısını 1 ayda, hətta 1 ildə dəyişə bilməzsən. Hansısa müasir dərsliyin yazılması, müasir tələblərə cavab verən müəllimin hazırlanması xeyli vaxt tələb edir.
- Tibb Universitetinin beynəlxalq əlaqələri hansı səviyyədədir?
- Azərbaycan dünyaya inteqrasiya edir və bu baxımdan bizə mütləq beynəlxalq təcrübə vacibdir. Məqsədimiz odur ki, yetişdirdiyimiz tələbələr dünyanın müxtəlif inkişaf etmiş ölkələrinin hazırladığı kadrlardan ən azı pis olmasın. Bu istiqamətdə müəyyən işlər görülüb.
Beynəlxalq əlaqələrin yaranması istiqamətində də böyük işlər görülür. Bir sözlə, ali məktəbdə gələcəkdə nəzərdə tutulan islahatların fundamenti yaranır.
- ATU-da hansısa fakültələrin birləşdirilməsi, zamanın tələblərinə cavab verən yeni fakültənin yaradılması işləri aparılırmı?
- Hələlik ali məktəbdə yeni ixtisasların yaradılması mümkün olmayıb. Amma yeni ixtisasların yaradılması gələcəkdə bizim fikirləşdiyimiz məsələlərdən biridir. İstər müasir tədrisin tələblərinə, istər də hökumətin standartlarına görə müəyyən xırda, az saata məxsus olan kafedralar birləşməlidir. Elə ixtisaslar var ki, onların bu gün aktuallığı yoxdur. Onlar tam ləğv olunmasa belə, hansısa müasir ixtisasa birləşməlidir. Hansısa müasir ixtisası açmaq, onu elan etmək asandır. Ancaq həmin ixtisasa uyğun mütəxəssis tapmaq lazımdır. Hansısa kafedranın adını dəyişməklə heç nə dəyişmir. Məsələn, terapevt, yaxud kardioloq kardiocərrahiyyəni heç vaxt tədris edə bilməz. Ona görə də 6 ay ərzində hər gün məşğul olduğum fəaliyyət yeni, müasir kadrların axtarılmasıdır.
"Müəllim yerini saxlamaq üçün istər elmi, istərsə də klinik səviyyədə biliyini daim artırmalıdır
Mənə çox xoşdur ki, artıq bəzi istiqamətlər üzrə lazımi insanları tapmışıq. Onların fəaliyyətinin nəticəsi ən azı bir neçə ildən sonra məlum olacaq və formalaşmış müəllim kimi tələbələrə bilik, savad verəcəklər".
- Tələbələrə iş sahəsində nə kimi işlər görülüb?
- Tələbələrin universitetin fəaliyyətinə təsirini artırmaq istəyirəm. Bu məqsədlə gələcəkdə Tələbə dekanlığı yaratmaq fikrindəyəm. Müxtəlif kurslardan olan tələbələrin seçdiyi adamlar seçki yolu ilə dekan seçiləcək. Onun da bir neçə tələbədən ibarət müavinləri olacaq. Artıq rektor şurasına müəllim, prorektor, kafedra müdirlərindən başqa 2 tələbə də daxil edilib. Gələcəkdə həmin insanları böyük elmi şura və fakültə elmi şuraların tərkibinə də daxil etmək fikrindəyəm. Çünki tələbə müzakirə olunan məsələlərdən xəbərdar olmalıdır, onların səsi eşidilməlidir.
Bu il ilk dəfə olaraq dövlət buraxılış imtahanları yeni formada keçirilib. Düzdür, dünyada məşhur olan OSKİ-nin (Obyektiv Strukturlaşmış Klinik İmtahan) dünyada olan formasına tam keçə bilməmişik. Ancaq onun bir qədər sadələşmiş formasını yaratdıq və həyata keçirildi.
Bu gün tələbələrin şikayət etdiyi problemlərdən biri kifayət qədər praktiki vərdişlərin olmamasıdır. Tələbəni yetişdirmək üçün baza, laboratoriya, elmi, müəllim, dərslik bazası olmalıdır. Bunların hamısının bir gündə yaranması mümkün deyil. Ancaq proses gedir və proseslərə optimist baxıram.
Nəzəri cəhətdən tələbələr dərslərinə çox yaxşı cavab verirlər. Hər il çoxlu sayda əlaçılarımız olur. Ancaq bu əla qiymətlər, kliniki fənlərdən alınan qiymətlər, onların həkimlik bacarığını əks etdirir, ya yox? Təbii ki, cavab yoxdur. Çünki onlar kifayət qədər təcrübədə iştirak etmirlər.
Hər bir imtahanda tələbələr üçün qutu qoydurdum və tələbələrin bu imtahan haqqında fikirlərini, təkliflərini, iradlarını anonim şəkildə bildirib, oraya atmalarını istədim. Onların arasında çoxlu yeni fikirlər və müasir təkliflər olub.
- Bəzən bir çox universitetlərdə anonim məktubların qoyulması üçün qutular qoyulur, amma tələbələrin rəy, təklif və iradlarının rektor tərəfindən həqiqətən oxunub-oxunmaması sual altında qalır. Sizdə vəziyyət necə olub? Ümumiyyətlə, tələbələrin bütün müraciətləri sizə çatdırılırmı?
- Bu imtahanlardan sonra göndərilən məktubların hamısını bir-bir oxumuşam. Deyə bilmərəm, bəlkə də yazılanların hamısı mənə verilməyib. Amma mənə verilənlərin hamısını bir-bir oxuyub, tanış olmuşam. Hətta burada təkcə irad və ya təklif deyildi. Elə müəllimlərin adı müsbət mənada çəkilirdi ki, mən heç onları tanımırdım. Tələbə lakmus kağızıdır və onu aldatmaq mümkün deyil. Kimisə məcbur etmək olar ki, hansısa iclasda durub nəsə desin. Amma ümumi rəyi dəyişmək mümkün deyil.
Bəzən tələbələrdən "Rektorun bizi qəbul edəcəyini gözləsək də, düşə bilmirik" kimi fikirlər eşidirəm. Həftədə 2 dəfə olan qəbul günlərində ən azı 5-ə yaxın tələbə qəbul olunur. Təbii ki, 7 min tələbənin qəbulu ilə məşğul olsam, onda gərək başqa heç bir iş görməyim. Digər tərəfdən, müasir menecment onu tələb edir ki, hər kəs cavabdeh olduğu sahəyə baxmalıdır. Dekan, dekan müavininin birinci işi, məsuliyyəti tələbələrin qayğısına qalmaq, onların maraqlarını qorumaqdır.
Düzdür, kimsə deyə bilər ki, hansısa fikirləri desək də, rektora çatdırılmır. Bəli, hələlik bu da var. Tələbələrlə görüşümdən sonra bir qrup tələbə mənə məktub yazıb və orada da qeyd ediblər ki, dekanlıq rektorla görüşdə hansısa məsələləri açıqlamamaq barədə əvvəldən onlara hədə-qorxu gəlib. Amma indiki nəyisə 1-2 gündən artıq gizlətmək olmur...
- Əsas problemləriniz hansılardır?
- Yataqxana problemini hələ tam qaydaya salmamışıq. Əvvəllər yataqxanada qalan tələbələrin heç biri ilə müqavilə bağlanmırdı. Bu gün yataqxanada qalan hər bir tələbə ilə müqavilə bağlanır və orada tələbələrin hüquqları göstərilir. Tələbələrin güzəranlarının yaxşılaşdırılması istiqamətində müəyyən işlər aparılır.
"Tələbələr mənə yazıb ki, mənimlə görüşdə hansısa məsələni açıqlamamaq üçün dekanlıq onlara hədə-qorxu gəlib"
Çox təəssüf ki, qızların istismar müddəti keçmiş yataqxanası təmirə bağlanılıb. Gələn ilin yanvar ayından onun təmirinə başlanacaq. İndidən həmin tələbələrin təkliflərini bilmək istərdik.
Bizim 6 yataqxanamız var ki, onlardan yalnız 1-də məcburi köçkünlər qalır. Digər yataqxanalar istifadədir və 700-800 tələbənin yerləşdirmək üçün imkanımız var. Yataqxanalardan biri təmirə bağlandığı üçün bu gün məcburi olaraq bir otaqda 4 tələbə qalır. Əslində isə 1 otaqda 3-dən artıq tələbə olmamalıdr. Sadəcə, imkan daxilində bu addım atılır. Bu , bir qədər narahatlığa səbəb olur, amma hansısa yenilik edəndə bir müddət narahatçılıq olur.
Hazırda müəllimlərin attestasiyası üçün xüsusi kriteriyalar hazırlanıb. Müəllimlər bu kriteriyalara uyğun sertifikasiyadan keçəcəklər. Onların topladığı ballar bizə göstərəcək ki, müəllim nə dərəcədə öz üzərində işləyir və inkişafdadır. Tələbələr haqlı olaraq qeyd edir ki, elə müəllimlər var ki, hələ də 30 il əvvəl oxuduğu mühazirəni oxuyur. 20 il əvvəl saralmış vərəqlərdə yazılmış xəstəlik simptomları bu gün də dərslərdə keçilir.
Ali məktəbin qaydalarına əsasən, hər müəllim 5 ildən bir öz vəzifəsinə yenidən seçilir. Çox vaxt vaxtı çatanda onlar adi hesabat verərək işə başlayırdılar. Hesabatlar bəzən yoxlanılmırdı. İndi isə seçkilər açıq aparılacaq. Artıq boş vakant yer üzrə müsabiqədə bu vaxta kimi həmin yerdə işləyən müəllimlə yanaşı, kənardan olan mütəxəssislər də iştirak edə bilər. Mətbuatda, universitetin saytında və qəzetində bir ay öncə vakant yer barədə elan verilir. Hər bir müəllim yerini saxlamaq üçün istər elmi, istərsə də klinik səviyyədə biliyini daima artırmalıdır.
- Hər il ali məktəbi yüzlərlə tələbə bitirir. Belə anladım ki, rektor olaraq onların bilik səviyyəsindən tam olaraq razı deyilsiniz... Sizcə, onların hamısı səhiyyə sahəsində uğurlu kadr olaraq fəaliyyət göstərə bilirmi?
- Mən deyə bilmərəm ki, razı deyiləm. Sadəcə, daha yaxşı olmasını arzulayardım. Ötən illərdə universiteti bitirən tələbələr arasında bir çox istedadlı və bilikliləri olub. 4-5 il öncə Almaniyanın xüsusi tədris proqramının nümayəndələri Azərbaycanın tədris ocağında oxuyan tələbləri arasından seçim edirdi. O zaman tibbə 2 yer ayrılmışdı. Amma Tibb Universitetindən sonda 10 tələbə seçilib. Bunu danmaq olmaz. Tədris prosesi 2 hissədən-müəllimdən və tələbədən ibarətdir. Hər iki tərəf yaxşı olmalıdır ki, nəticə yaxşı olsun.
- Tibb sahəsi üzrə dərsliklərinin hazırlanması hansı səviyyədədir. Dərsliklər zamanın tələblərinə cavab verirmi?
- İstərdim ki, daha yaxşı olsun. Çünki bir çox dərsliklər çox böyük, dərin nəzəri biliklər daşıyıcısı olsa da, bugünkü müasir tədris metodlardan fərqlidir. Bu gün tələbə artıq dərsliyin hansısa fəslini oxumaqla kifayətlənib həkim ola bilməz. Bunun üçün o xəstədə və yaxud mulyajda o xəstəliyin modelini görüb işləməli, səhvini görüb, düzgün olanı başa düşməlidir. Dərsliyin, kitabların rolu böyükdür. Elmi-metodik komissiyaların qarşısına da bu məqsədi qoydum ki, tələbələr üçün standart, haradansa köçürülmüş və yaxud tərcümə edilmiş dərsliklərdən uzaqlaşmalıyıq. Dərslik bir neçə nəşrdən keçir və bu prosesdə tələbələr arasında keçirilən sorğuların nəticəsindən istifadə etmək lazımdır. Bu hələlik arzudur, reallaşdırmaq mümkün olmayıb. Çox vaxt müəllim əziyyət çəkir, vaxt, maliyyə sərf edərək dərslik yazır. Ancaq tələbələr dərslik barədə başqa fikirdə olurlar. Belə dərslik bizə lazım deyil.
"Tabeliyimdə olanlara dedim ki, mənə tələbələrin oxuması, imtahan prosesi ilə bağlı müraciət etməyin, çünki xahiş tələbənin əleyhinədir"
Bu istiqamətdə Təhsil Nazirliyinin rolunu da vurğulamalıyam. Son illərdə aparılan islahatlar nəticəsində hər bir dərslik Təhsil Nazirliyinə getməlidir. Onların qoyduğu tələblər də müasirləşib, dərsliklərin proqrama uyğunluğu və müasirliyi ciddi yoxlanılır.
Təhsil təkcə universitetin müəllimləri, kitabxanası, tələbəsindən asılı deyil, bütün cəmiyyətdən asılıdır. Mənə yaxın olan bir neçə şəxs bu 6 ay ərzində məndən inciyib. Çünki tələbələrlə bağlı olan xahişlərini yerinə yetirmədim. Bütün tabeliyimdə olan insanlara dedim ki, mənə tələbələrin oxuması, imtahan prosesi ilə bağlı müraciət etməyin. Çünki hansısa bir xahiş tələbənin biliyinin əleyhinədir. Amma insanlar hələ də bunu anlamır. Bu prosesə artıq nəzarət ciddiləşdirilib.
- Bu gün insanlar Azərbaycanda təhsil almış həkimlərə deyil, xaricdə təhsili olanlara, Türkiyədə uzmanlıq alanlara daha çox üstünlük verilir. Bu məsələyə sizin münasibətiniz necədir?
- Bu hələ bizə uzaq keçmişdən qalan psixoloji xüsusiyyətdir. Bunu təkcə həkimlərə şamil etmək lazım deyil. Məişətlə bağlı məsələlərdə də bu hallar yaşanır. Evə televizor, ərzaq, paltar aldıqda müəyyən ölkələrin istehsalı olan məhsullara üstünlük verilir. Halbuki artıq Azərbaycanda istehsal olunan bir çox məhsullar tam rəqabətə girir, yavaş-yavaş ona keçir. Mən qətiyyən demərəm ki, uzmanlar pisdir. Bizim üçün uzmanlar, Türkiyə tibb təhsilinin nümunədir. Amma bu heç də demək deyil ki, Azərbaycanın yetişdirdiyi həkimlər pisdir və ya Azərbaycanda həkimlər yoxdur. İnsanın psixologiyası belədir, insan yaxşını deməyə bir qədər çəkinir, pisləməyi böyük həvəslə edir.
"Yerli həkimlərə deyil, xaricdə təhsil alan həkimlərə üstünlük verilməsi bizdə uzaq keçmişdən qalan psixoloji xüsusiyyətdir"
Azərbaycanda minlərlə insana həkimlər gün ərzində köməklik edir. Düzdür, həkimlik fəaliyyəti elədir ki, hər hansı səhv göz qabağında olur. Ona görə də həkimlərin səhvlərindən mütəmadi danışılır. Məgər bu vaxta kimi heç kimə köməklik edilməyib, yüksək səviyyəli əməliyyatlar aparılmayıbmı? Azərbaycanda son illər səhiyyə sistemində xeyli tərəqqi əldə olunub, bu gün hətta rayonlarda müasir əməliyyatlar aparılır.
Bir neçə ay bundan qabaq "Euronews" kanalında bildirdilər ki, Almaniya səhiyyə sistemində son illər həkim səhvi nəticəsində 10 min xəstənin vəziyyətinin pisləşməsi qeydə alınıb. Çünki heç bir həkim heç vaxt deyə bilməz ki, mən öz sahəmdə hər şeyi bilirəm. İnsan orqanizmi o qədər mürəkkəbdir ki, anatomiyanı nə qədər öyrənirsən öyrən, elə qeyri-adi struktur, quruluşla rastlaşarsan ki, heç bir anatomiya dərsliyində bu barədə qeyd olmaz. Ona görə də bu gün dünyada davamlı tibb təhsilindən danışılır. Tibb elmi o qədər sürətlə inkişaf edir ki, mənim oxuduğum artıq bugünkü tələbə üçün köhnə məlumat sayılır. Bu gün məndə nəsə oxumalıyam ki, tələbəyə yeni məlumat verə bilim.
- Siz həm də Azərbaycanın baş psixiatrı olaraq işinizi davam etdirirsiniz. Bu gün Azərbaycanda ən çox rast gəlinən psixi xəstəliklər, narahatlıqlar hansılardır?
- Dünyada olduğu kimi, Azərbaycanda da ən çox yayılmış xəstəliklər arasında depressiyalar, stresslə bağlı olan pozuntular əsas yer tutur. Bir də son zamanlar affektiv (emosianal) pozuntular bir qədər artıb. Bu tendensiya dünyada olduğu kimi Azərbaycanda da özünü göstərir. Ancaq xroniki xəstəliklər - şizofreniya, kəskin psixozlarla bağlı məlum statistik qalmaqdadır.
- Bu gün hələ də insanlar psixoloqa, psixiatra müraciət etməyə ehtiyat edirlər...
- Ölkəmizdə çox yaxşı psixoloqlar var və mən onlara təşəkkürümü bildirirəm. Psixoloji mərkəzlərin açılması (həm uşaqlar, həm də böyüklər üçün) ona gətirib çıxarır ki, artıq insanlar ən çətin zamanda psixoloqa müraciət edə, stressdən çıxış yolu tapa bilərlər. Psixiatr adı bir az çətindir. Psixiatr daha çox xəstəxanalarda, tibb müəssisələrində çalışır. Bizdə hələ də bu stiqma, ləkələmə güclüdür. İnsanlar düşünür psixiatra getsəm, buna ətrafdakılar necə baxar? Psixiatra getmək psixoloji baryerdən keçməyi tələb edir.
Psixoloq isə qeyr-tibb ixtisasıdır. Artıq onların yanına getmək dəbdədir, indi insanlar psixoloqların yanına daha rahat gedirlər. Məmnunam ki, psixoloqlar əhaliyə kömək edir. Ancaq burada vacib məsələ var ki, bir çox psixoloji problemlər psixi problemlərin sərhədinə gəlib çıxır. O zaman mütləq psixiatrın müdaxiləsi, iştirakı vacibdir.
- Son zamanlar Azərbaycanda intihar halları artıb. Bununla bağlı sizdə statistika varmı?
- Təkcə Azərbaycanda yox, dünyada bu proseslər gedir. 2000-ci ilin ərəfəsində Ümumdünya Psixiatriya Assosiasiyasının prezidenti bəyan etdi ki, XXI əsr özünü depressiya və intiharların artması ilə göstərəcək. Artıq bir neçə il keçəndən sonra gördük ki, onun dediyi proqnozlar əsassız deyil. Bu gün bütün dünyada depressiyalar və onların ağır fəsadı olan intiharlar haqqında danışılır.
"İntihara aparan səbəblərin artması, intihardan saxlayan səbəblərin zəifləməsi intiharı gerçəkləşdirir"
İntihar elə bir proses, şəxsiyyət üçün elə bir psixoloji münaqişədir ki, onun bir tərəfi olmur. Həm intihara aparan, həm də intihardan saxlayan səbəblər var. Bu iki tərəfli prosesdir. Ziqmund Freyd deyib ki, hər bir insan həyatında ən azı bir dəfə deyir ki, belə yaşamaqdansa yaşamamaqq yaxşıdır. Amma bu o demək deyil ki, hamı intihar edir. Çünki anti-intihar səbəblər də var. İntihara gətirən mexanizm kifayət qədər mürəkkəbdir. Həm intihara aparan səbəblərin artması, həm də intihardan saxlayan səbəblərin zəifləməsi intiharı gerçək edir.
- Hansı insanlar daha çox intihara meyl edirlər?
- Bu çox incə bir sualdır. Çünki intiharların da bir neçə növü var. Elə növü var ki, o daha çox emosional insanlara xasdır. Məsələn, hansısa kəskin münaqişə və yaxud digər səbəbdən yaranmış reaksiya nəticəsində dərin düşünmədən insan emosianal olaraq bu cəhdi edir. Bu, çox vaxt ölümlə nəticələnə bilər. Lakin intihar ölümlə nəticələnməyəndə sonradan bu cəhdi edən insanlarla sorğu apardıqda deyirlər ki, təkrar etmərəm. Emosianal reaksiya soyuyandan sonra insan fərqli fikirdə olur.
Daha çətin olan monoloji haldır. Bu zaman insan hansısa daxili psixoloji probleminin düyününü aça bilmir. Həmin düyünü aça bilmədiyi halda anti-intihar prosesləri də zəifləyir.
- Azərbaycanda intiharlarla bağlı vəziyyəti öyrənmək üçün elmi tədqiqatlar aparılması mümkündürmü?
- Bu yaxşı olardı. Vaxtilə bizim belə bir fikrimiz var idi ki, hətta anti-intihar üzrə milli strategiya yaradaq. Bundan əlavə, psixi sağlamlıq mərkəzlərinin nəzdində hansısa mərkəz yaratmaq olar, bu məsələlərin elmi tədqiqatı aparılsın və profilaktikası ilə məşğul olunsun.
- Qadınlar, yoxsa kişilər daha çox depressiyaya meyllidir? Ümumiyyətlə, depressiyaya düşməmək və ya ondan çıxmaq üçün nə etmək lazımdır?
- Bugünkü statistika onu göstərir ki, intihar cəhdləri qadınlarda daha çoxdur, nəinki kişilərdə. Ancaq ölümlə nəticələnən intiharlar kişilərdə daha çoxdur. Çünki qadınlar emosionaldır, çox vaxt xırda emosinal problem nəticəsində intihara cəhd edə bilər. Ancaq heç də bütün bu cəhdlər ölümlə nəticələnmir. Kişilər isə düşünülmüş hallarda özünə qəsd edir. Düşünüb hazırlaşdığı üçün nəticə də boşa çıxmır.
O ki qaldı depressiyadan çıxmağı yollarına, bu baxır depressiyaya. Mənim üçün depressiya diaqnozu qoyulan və müalicə olunan xəstəlikdir. Bəzən pasiyentlər şikayət edir ki, evdəkilər onların xəstə olduğunu hiss etmir. Qızdırması, təzyiqi yoxdursa, onlardan digər işləri görmək tələb olunur. Həmin şəxslər də əziyyət çəkirlər. Deyirlər ki, həkim, axı mən onu etməyi bacarmıram. Bu onların kaprizi deyil, özünü tənbəlliyə qoymur, bu, xəstəlik əlamətləridir. Çox vaxt pasiyentlərin yaxınlarına izah edirəm, müqayisə aparıram ki, evdə kiminsə 39-40 dərəcə qızdırması olanda deyirsiniz ki, dur hansısa işi gör? Depressiya da xəstəlik və bu xəstələrə də diqqətlə yanaşmaq lazımdır...
- Hazırda şizofreniya diaqnozu qoyulan xəstələrin statistikası məlumdurmu?
- Şizofreniya xroniki-psixi xəstəlikdir. Ümumiyyətlə, dünya statistikası göstərir ki, bu rəqəm əhalinin 1%-ni əhatə edir. Hansısa il 1,2%, hansısa il 0,9% ola bilər. Ancaq ümumilikdə 1% ətrafındadır.