“Akif Çovdarov türmədə amerikan detektivləri oxuyur” - oğlunun dilindən bir generalın hekayəsi

 “Akif Çovdarov türmədə amerikan detektivləri oxuyur” - oğlunun dilindən bir generalın hekayəsi

Ruslan Çovdarov: “Akif Çovdarovun elə düşmənləri yoxdur ki, türmədə ona sui-qəsd etsin”; “Atamın həbsindən sonra ətrafımız daha da genişləndi, dəstəkçilərimiz artdı” 

 

Son bir neçə ayda mətbuatın barəsində ən çox yazdığı şəxs, heç şübhəsiz ki, hazırda məhkəməsi davam edən MTN generalı Akif Çovdarovdur. Elə gün olmur ki, məhkəmədə ifadə verən zərərçəkmişlər onun barəsində sensasion ittihamlar səsləndirməsin, istintaq onun əməlləri ilə bağlı yeni detalları cəmiyyətə açıqlamasın.
Amma bu məlumatlardan ən çox narazı qalan A.Çovdarovun ailə üzvləridir. Xüsusən də oğlu Ruslan Çovdarov sosial şəbəkədəki statusunda zaman-zaman öz etirazını səsləndirir. “Yeni Müsavat” bu narazılıqları səsləndirməsi, eləcə də bizim suallarımıza cavab verməsi üçün bir neçə gün sosial şəbəkə vasitəsilə müsahibə üçün israr etdi. 
Bir gün məhkəmə,  başqa bir gün atası ilə görüş... Söhbətimiz uzansa da, axırıncı dəfə “mən bu gün atama istədiyi kitabları almaq üçün kitab mağazasına gedəcəm, vaxtım yoxdur” cavabını verdi. Dediyi saatda AVM-lərdən birində yerləşən kitab mağazasına getdik və budur, üz cizgiləri eynən A.Çovdarova bənzəyən gənc Çovdarov kitab seçir. Detektiv kitab bölməsində... Bunun özü də bir başqa söhbətin mövzusudur. 
Ruslan bəylə bulvardakı çayxanalardan birində oturub, bizi, sizi maraqlandıran bütün suallara cavab tapmağa başladıq.
- Narahatçılığınız varmı ki, ona qarşı hansısa sui-qəsd edilə bilər? 
 - Sui-qəsd ehtimalı? Bu adam özü deyir ki, ona tibbi yardım göstərilmir, məni bu yolla öldürə bilərlər. Yoxsa başqa şəkildə kim ona sui-qəsd edə bilər? Onun  elə düşmənləri yoxdur ki, sui-qəsd edilsin. 
- Bayırdan daha çox nə istəyir? Nə tapşırır sizə ki, gətirəsiniz? 
- Kitab... Nə istəyəcək? Təbii ki, mütaliəyə vaxt ayırır deyə yeni kitablar istəyir. 
- Nə oxuyur atanız? 
- Detektiv janrda kitablar oxuyur. Daha çox Ceyms Çeys oxuyur. 
- Aqata Kristi? Çingiz Abdullayev... oxumurmu onları? 
- Aqata Kristi yüngüldür bir az, nağıl kimi. Onu heç mən özüm də oxumuram. Daha çox amerikan detektivlərini oxuyur. 
- Hansı dildə? 
- Rus dilində oxuyur. Mən son bir ildə kitabxanalarda kitab qoymadım. Bu adam gündə bir-iki kitab oxuyub qurtarır. Həmişədən kitab oxuyan olub. Bax, “Əli və Nino” kitabxanasındakı bütün satıcılar məni tanıyır artıq (gülür). Şəhərin əksər kitab mağazalarında olmuşam. Kitab qalmayıb. 13 aydır içəridədir, günə bir-iki kitab oxuyursa, bu, ümumən 600-700 kitab deməkdir. 
- Oxuyandan sonra geri qaytarır? 
- Qaytarır. Evdə bir otağa yığmışam oxuduğu kitabları. Türmə kitablarını... 
- Bayaqdan danışdıqlarınızdan belə təəssürat yaranır ki, ailə çox təvazökar, lüksdən uzaq yaşayıb. Gerçəkdənmi? 
- Tamamilə belə olub. Şəhərdə də maraqlanıb soruşa bilərsiniz ki, Akif Çovdarovun ailəsi lüks içində yaşayıb, ya yox. Bu günə qədər onun ailəsi, oğlu, digər övladları barədə nəsə bir şey oxumusuz mətbuatda? Allaha şükür, mətbuatın gözündən heç nə qaçmır. Məmur övladları ilə bağlı hər şeydən xəbər tutub, yazırlar. Mənim adım heç vaxt bu siyahıda olmayıb. Bir ildir ki, adımız bu olaylara görə mətbuatda hallanır. Amma həmin vaxta qədər siz bizim ailəmiz haqda heç nə oxumamısız, buna əminəm. 
- Ruslan bəy, siz məlumatlı adamsız və yəqin ki, bilərsiz. Eldar Mahmudov hazırda Azərbaycandadırmı? Onun durumu necədir? 
- Bilmirəm. Məlumatsız adamam, nə deyə bilərəm? 
- Bayaq atanızın rəhbərlik etdiyi 6-cı idarədən danışdız. Araya başqa mövzular girdi deyə soruşa bilmədim. İndi soruşum. Bilirsiz ki, sözügedən idarənin adı heç də yaxşı olmayan olaylarda  - insanların şəxsi həyatının izlənilməsi, onların şantaj edilməsində hallanırdı. Buna da bir aydınlıq gətirək mümkünsə... 
- Xanım, aydınlıq deyəndə ki, mən Milli Təhlükəsizlik Nazirliyinin işçisi olmamışam, orda olan işlərdən xəbərim olmaya bilər. Amma onu dəqiq deyə bilərəm ki, atamın rəisi olduğu baş idarənin səlahiyyətində kamera quraşdırmaq, izləmək, kimisə dinləmək olmayıb. 6-cı baş idarənin işi narkomaniya və narkobizneslə mübarizə, nəqliyyat və energetika sahələrinin təhlükəsizliyi olub. Mən deyərdim ki, bu, əsassız iftiradan başqa bir şey deyil, necə ki, Akif Çovdarov haqda digər yazılar... Sizcə, gülməli deyilmi? “Çovdarov kimdənsə şantaj yolu ilə pul alıb”... Məncə, çox gülməlidir. Məqalə yazanda reytinq qazanmaqla yanaşı bir az da insaflı olmaq lazımdır . 
- Atanıza siyasi məhbus statusu verilməsi üçün hüquq müdafiəçilərinə müraciət edəcəksizmi? 
 

“Dövlət övladları heç vaxt dövlətdən küsə bilməzlər”

- Akif Çovdarov ömür boyu hüquq-mühafizə orqanlarında çalışıb, heç vaxt siyasətlə məşğul olmayıb, Dövlətinə, prezidentinə, rəhbərliyinə qulluq edib, sadiq olub və özü də dediyi kimi, həmişə sadiq olacaq. Ona görə də bu sualın bizə verilməyi düzgün deyil. Təbii ki, xeyr. Müraciət etməmişəm və etmək də fikrim yoxdur.
- Məhkəmədən nə gözləyirsiz? 
- Ədalət. Bizim ölkədəki ədalətə, cənab prezidentin qüdrətinə inamımız sonsuzdur. Özünüz də bilirsiz ki, biz bu dövlətə qulluq eləmişik. Bu, bizim borcumuzdur. Əqidəmiz hamıya bəllidir ki, biz dövlətin adamlarıyıq, həyatımız bu dövlətə qulluq etməklə keçib. Dövlət övladları isə heç vaxt dövlətdən küsə bilməzlər. Proseslərin hansı nəticəyə gələcəyindən asılı olmayaraq, görürsüz ki, atam bu gün dövlətinə də, cənab prezidentə də sadiq olacağını dəfələrlə deyib. Nəticə də Allahın köməyi ilə, inşallah ki, yaxşı olacaq. Mən özüm də dəfələrlə cənab prezidentə, baş prokurora, Ədliyyə Nazirliyinə müraciət etmişəm. Mənim müraciətlərim əsasən onun xəstəliyi ilə bağlı olub. Başqa nə ilə bağlı müraciət edə bilərəm ki? 
- Ətrafınız seyrəlib? 

“Atamın rəisi olduğu baş idarənin səlahiyyətində kamera quraşdırmaq, izləmək, kimisə dinləmək olmayıb” 

- Əksinə, daha da genişlənib. Dəstəkçilərimizin sayı artıb. Belə situasiyalarda adamlar uzaqlaşmağı seçirlər. Amma bizdə tam əksinə oldu. Bilirsiz, mən atamın vəzifədə olan vaxtını da görmüşəm, indini də müşahidə edirəm. Atam da, özüm də vəzifədə olanda hamı ilə münasibətlərimiz yaxşı olub. Heç vaxt kiməsə yuxarıdan aşağı baxmamışam. Onun da nəticəsini indi ətrafımda adamların sıx olmasında görürəm. Mənim dostlarımın sayı indi daha çoxalıb. Vaxtilə bəlkə kimsə yaxınlaşmağa risk etmirdi, “bizimlə oturmaz” deyə tərəddüd edirdi. Amma onda da belə şey ola bilməzdi, çünki biz uşaqlıqdan sadə, təvazökar yaşam haqda tərbiyə almışıq. İndisə insanlar rahatlıqla yaxınlaşır. Mən bir gün bayıra çıxım, başıma 10-15 nəfər yığılır. Qohum-əqrəbadan da, dost-tanışdan da razıyam. Dost dar gündə tanınar. Bizim dost-tanış dar gündə yaxşı tanındı... 

 






Fikirlər