Fəxrəddin Manafov: “Bəxtim gətirdi…” FOTOLAR

Fəxrəddin Manafov: “Bəxtim gətirdi…”

Bu gün Azərbaycan Dövlət Rus Dram teatrında "Kazanova" tamaşası nümayiş olunub.

Publika.az xəbər verir ki, “Teatra Addımla” layihəsinin növbəti ulduz qonağı xalq artisti Fəxrəddin Manafov olub. Kazanova rolunu ifa edən Fəxrəddin Manafov tamaşadan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Tamaşanın anşlaqla bitməsi onu göstərdi ki, insanlar sizin üçün darıxıb. Uzun müddətdir ki, efirlərdə görünmürsünüz.

- Televiziya verilişlərinə tez-tez çıxmağa imkan olmur. Çünki işlərimiz çoxdur və nə yaxşı ki çoxdur. Proqramlarda tez-tez görünməməyimin digər bir səbəbini isə bir növ kaprizlə izah etmək olar. Təəsüflər olsun ki, məni maraqlandıran hansısa məqamlar və ya səbəblər olmur.

- Tamaşada sevgi dərsini öyrədən müəllim rolunu ifa etdiniz. Maraqlıdır ki, o dərsləri həyatda da tətbiq edirsiniz? Və sevgini qorumağın hanısa üsulu var? Yoxsa, o da hər şey kimi nə vaxtsa tükənir və bitməyə məhkumdur...

- Əgər sevgi birtərəflidirsə, onu qorumaq mümkün deyil! Əgər sevgi qarşılıqlıdırsa, onda o əbədidir! İnanın mənə…

- Bəs dövrümüzün “Təhminə və Zaur”-u olacaq film var?

- Bu filmin ekranlara çıxmasından artıq 30 il ötüb. Allah Rasim Ocaqova rəhmət eləsin. O, bu günki nəsil üçün də əhəmiyyətini itirməyən böyük sənət əsəri qoyub gedib. Mənim bəxtim onda gətirdi ki, Rasim Ocaqova rast gəldim və Azərbaycan tarixində böyük iz qoyan filmdə çəkilmək şansı qazandım. Amma illər ötdükcə mənə elə gəlir ki, indi filmə başqa tərəfdən baxılır. Təbii ki, məhəbbət öz ritmində qalır və sizin də həyatınızda məhəbbət olub… Məhəbbət o qədər güclü və əsl həqiqətdir ki, siz gözünüzü məndən ona görə çəkə bilmirdiniz. Əslində isə siz məndən yox, təsəvvürünüzə gətirdiyiniz o gəncdən təsirlənirdiniz. O ki qaldı mənə artıq 62 yaşına qədəm qoymuş insanam. O filmdən illər ötüb.

Mən illər əvvəl gənc olanda “Romeo və Culyetta” və yaxud “Leyli və Məcnun”-a baxanda fikirləşirdim ki, bir gün elə bir dövr gələcək ki, ondan da güclü film çəkəcəklər. Ümumiyyətlə, məhəbbət haqqında çəkilən filmlər özü-özlüyündə o qədər güclü olur. Niyə? Çünki məhəbbət həqiqətdir və ondan böyük duyğular mövcud deyil. İnsan durduqca, insan yaşadıqca, həyat var olduqca məhəbbət olacaq. “Təhminə və Zaur” filmi çox ürəklərə yol tapıb, zövqlərə xitab edib, o zamanı əhatə edib. İnanın ki, zamanla yeni-yeni filmlər çəkiləcək və orda oynayan hansısa maraqlı azərbaycanlı gənc aktyora 30 ildən sonra da jurnalistlər bu sualı verəcəklər.

- “Əli və Nino” filmi haqqında sizin fikirlərinizi bilmək maraqlı olardı.

- Bu bizim üçün çox böyük uğurdur. Bu gözəl əsər axır ki erkanlaşdırıldı. Bütün bunlara görə Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanıma minnətdarlığımızı bildirməliyik. Əsərin ekranlaşdırılmasında və tamaşaçılara çatdırılmasında onun rolu əvəzsizdir.

- Sizcə, film dünya miqyasında tanına və sevilə biləcək?

- “Əli və Nino” artıq ABŞ-ın nüfuzlu beynəlxalq film festivalında nümayiş olunub və digər ölkələrdə də nümayiş olunmaqdadır. Biz balaca ölkə olsaq da, böyük addımlarla inkişaf edirik. Filmin çəkilməsi bizdə kino sahəsinin inkişafı üçün böyük nailiyyətdir. İnşallah gələcəkdə yeni layiləhərə imza atarıq.

- Tamaşaçıların sizə qarşı olan sevgisini görəndə heyrət etməmək mümkün deyil. Siz sevmək niyə bu qədər asandır?

- Mən dəqiqliyi ilə deyə bilərəm ki, çox səmimi adamam. Səmimilik insanı sevdirən əsas əbəblərdən biridir. Başqa heç nə!






Fikirlər