ARTUR RASİZADƏ GÜRCÜSTAN prezidenti ilə görüşdü
Gürcüstanda səfərdə olan Azərbaycanın baş naziri Artur Rasizadə bu ölkənin prezidenti Giorgi Margvelaşvili ilə görüşüb. AzerTaym.az Virtualaz.org -a istinadən bildirir ki, geniş formatda keçirilən görüşdə tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər. Qərb-Şərq enerji dəhlizindən danışan Margvelaşvili və Rasizadə qeyd ediblər ki, 20 il əvvəl Azərbaycan və Gürcüstan arasında Bakı-Supsa kəmərinin çəkilişi hər iki ölkənin inkişafına xidmət edib. Görüşdə Azərbaycan tərəfdən SOCAR prezidenti Rövnəq Abdullayev, energetika naziri Natiq Əliyev, Gürcüstan tərəfdən bu ölkənin Milli Təhlükəsizlik Katibi İrina İmerlişvili, iqtisadi məsələlər üzrə müşavir Maya Melikidze, gürcü prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Tengiz Pxaladze iştirak ediblər. Azərbaycanın baş naziri Artur Rasizadənin mayın 16-da Gürcüstana səfəri başlayıb. Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportunda Artur Rasizadəni Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıblar. Səfərin məqsədi Tbilisidə keçiriləcək “Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir. Səfər çərçivəsində A.Rasizadənin Gürcüstanın dövlət və hökumət rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.