Ölkənin siyasi elitası təqdimatda – FOTOLAR
Bakıda Prezident Administrasiyasının və “The Business Year” jurnalının təşkilatçılığı ilə nəşrin “Azerbaijan 2016” xüsusi buraxılışının təqdimat mərasimi keçirilir. AzerTaym.az Azinforum.az -a istinadən xəbər verir ki, təqdimat mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Milli Məclisin deputatları, Bakıda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak edirlər. Əvvəlcə “The Business Year-Azerbaijan 2016” nəşrinə həsr olunan videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, baş ofisi Londonda yerləşən “The Business Year” dünyanın müxtəlif bölgələrini – Latın Amerikası, Asiya, Afrika qitələrini əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və işıqlandıran, ətraflı təhlillərlə çıxış edən nüfuzlu şirkətdir. “The Business Year” ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes dairələri tərəfindən maraqla qarşılanır, işgüzar əlaqələrin inkişafına xidmət edir və birgə iqtisadi layihələrin reallaşdırılmasına töhfə verir. Tədbirdə çıxış edən jurnalın direktoru xanım Betül Çakaloğlu “The Business Year: Azerbaijan-2016” xüsusi buraxılışı haqqında ətraflı məlumat verib. Bildirilib ki, “The Business Year” şirkəti 2011-ci ildən Azərbaycan ilə əməkdaşlığa başlayıb və ölkəmiz haqqında altı xüsusi buraxılış hazırlayıb və yayıb. Nəşrin builki buraxılışında Azərbaycan Prezidenti İlham Əliyevin “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Bakı Qlobal Forumunun rəsmi açılışındakı nitqi, ayrı-ayrı dövlət və hökumət başçıları ilə müsahibələr, bu il Bakıda təşkil olunacaq “Formula-1” Avropa Qran-prisinin və Dünya Şahmat Olimpiadasının hazırlıq mərhələlərinə həsr olunmuş materiallar, habelə Azərbaycanın dövlət qurumlarının, yerli və ölkəmizdə fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin müsahibələri əksini tapıb. Fotolar Report-a məxsusdur: