Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman imzalayıb.
AzerTaym.az xəbər verir ki, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.
Nazirlər Kabinetinə bu Fərmanda göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək, Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və "Azərsu” Açıq Səhmdar Cəmiyyəti isə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.