ABŞ-dan AZƏRBAYCANA QARŞI növbəti xain addım: Konqresdə kirayə götürülən OTAĞIN SİRRİ

ABŞ-dan Azərbaycana qarşı növbəti xain addım: Konqresdə kirayə götürülən otağın SİRRİ

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfər edib.

Publika.az xəbər verir ki, saxta prezident ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir də keçirib.

Ermənistanın düşmən olduğu, düşmənin də hansı məkrli planlar qurduğu Azərbaycan cəmiyyəti üçün tam aydındır. Aydın olmayan bir şey var: ABŞ niyə Azərbaycanla bağlı ikili standartlardan çıxış edir?

ABŞ-ın bu addımı normaldırsa, niyə Krımın, Cənubi Osetiyanın, Abxaziyanın, Dnestryanı Respublikanın və digər bu kimi qurumların rəhbərlərinə müvafiq şərait yaradılmır? Yox, əgər pisdirsə, nəyə görə Bako Saakyana belə imkan tanınır?

Bako Saakyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakinidir. Özü haqqında saxta məlumatlar təqdim edərək, Ermənistan pasportu ilə ABŞ-a səfər edib. ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edib. Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi ilə tədbirlər keçirib. Təbii ki, bütün bu qanunsuzluqlar B.Saakyanın kefi belə istəyir deyə, ola bilməzi. Bunu ABŞ da istəyib ki, bütün bunları etməsi üçün terrorçuya icazə verib.

ATƏT MQ-nin həmsədri kimi münaqişənin beynəlxalq hüquq və normaları çərçivəsində həllinə görə məsuliyyət daşıyan, dünyada haqqın və ədalətin keşiyində durduğunu bəyan edən bir ölkənin işğalçı rejimin başçısına belə şərait yaratması nonsensdir.

ABŞ bununla da birmənalı olaraq beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərin şərtlərini pozub.

Bu addım Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlib. Halbuki ABŞ beynəlxalq hüququn norma və prinsipləri əsasında daşıdığı öhdəlikləri vicdanla yerinə yetirməli, öz ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətlərin qarşısını almalı idi.

Bütün bunlardan sonra ABŞ özünü necə ədalət təmsilçisi kimi təqdim edə bilər ki, bir separatçı rejimin başçısı Konqresin binasında görüş keçirir, konqresmenlərlə təmasda olur, onlara heç bir ölkə, o cümlədən də Amerikanın özü tərəfindən tanınmayan separatçı qurumun adından təltiflər təqdim edir?!

Hətta Saakyan Konqresdə icarəyə götürülmüş otaqda məhz Konqresdəki erməni kokusunun nümayəndələri ilə görüşüb, ermənipərəst mərkəzlərdə görüşlər keçirib. Ona belə bir şəraitin yaradılması isə ABŞ-ın özünün prinsiplərinə və beynəlxalq qanunvericiliyin tələblərinə ziddir.

Daha bir sual: Dağlıq Qarabağın “başçısı” Ermənistan pasportu və vizası ilə ABŞ-a necə səfər edib?

Bütün bunlara görə də Azərbaycan ictimaiyyəti haqlı olaraq düşünür ki, bu addım ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsindən xəbər verir və qərəzlidir.

Post-sovet məkanında olan digər separatçı rejimlərə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə daxil olmasına imkan yaradılması da bu qərəzdən xəbər verir.

ABŞ-ın bu addımı danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir, davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində bütün səylərə ciddi zərər vurur. Üstəlik, bu yanaşma ATƏT-in Minsk qrupunun həmsədri olaraq ABŞ-ın nüfuzuna da ciddi xələl gətirir.






Fikirlər