Putin Təhlükəsizlik Şurasını topladı – Tovuzda baş verənlər MÜZAKİRƏ olundu
Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ermənistan- Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib və Moskvanın vasitəçilik səylərinə hazır olduğu vurğulanıb. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. “Davam edən eskalasiya ilə əlaqədar həddindən artıq narahatlıq ifadə edilib, tərəflərin təcili olaraq atəşkəs rejimini təmin etməsi və vasitəçiliyə hazırlıq vurğulanıb”, – deyə Peskov bildirib. Görüşdə parlamentin hər iki palatasının spikerləri – Valentina Matviyenko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, Kreml administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Daxili İşlər naziri Vladimir Kolokoltsev və Xarici İşlər naziri Sergey Lavrov, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, digər rəsmilər iştirak ediblər. Xatırladaq ki, iyulun 12-dən başlayaraq Ermənistan tərəfi Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində hərbi təxribatlar törədib. /Azvision.az