“Ermənistan Qafqazda təhlükə mənbəyi olaraq qalır” -Professor K.Tahirov
Kərim Tahirov: “12 sentyabr təxibatı bunu bir daha sübut etdi” “Ermənistan dövlətində təmsil olunan revanşist qüvəllər regionda sülhün bərqarar olmağını istəməyən xarici qüvvələrin alətinə çevriliblər və onlar həmin dairələrin sifarişlərini yerinə yetirərək bölgədə sabitliyin olmasına əngəllər törədirlər. Sentyabr ayının 12-13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonu istiqamətində ərazinin çətin relyefindən istifadə edərək, Azərbaycan ordusunun təminat yollarını minalaması, törətdiyi genişmiqyaslı təxribatlar bunun növbəti təzahürüdür. Bu dəfə də Erməni hərbi birləşmələrinin təxribatlarına qarşılıq olaraq Azərbaycan ordusu öz Müzəffər Ali Baş Komandanının əmirlərinə əsasən düşmənə layiqli cavablar verdi. İstər təxribatda iştirak edən erməni hərbiçilərinin məhv edilməsində, istərsə də sərhəd boyunca yerləşdirilmiş hərbi texnika və sursatların məhv olunmasında biz bunları görə bilərik. Böyük fəxarət hissi ilə deyə bilərik ki, Müzəffər Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını uğurla aldı və göstərdi ki, “dəmir yumruq” yerindədir”. Bu fikirləri "AzerTaym.az"-a açıqlamasında Azərbaycan Milli Kitabxanasının direktoru,Əməkdar Mədəniyyət işçisi professor Kərim Tahirov deyib. Ermənistan silahlı qüvvələrinin bölmələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyasını və onun əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, Rusiya, Azərbaycan prezidentləri və Ermənistan Baş naziri arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərini kobud şəkildə pozaraq sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi qəbul olunmazdır. Təəssüf ki, qlobal güc mərkəzləri Ermənistanın törətdiyi təxribatlara yenə də susmağa davam edir. 12 sentyabrda atəşkəsin pozulmasına görə özlərini “narahat hiss edən” dövlətlər və beynəlxalq təşkilatlar təəssüf ki, bu müddət ərzində Ermənistana heç bir xəbərdarlıq emədi. Nə 30 il ərzində, nə də son 2 il müddətində dövlət səviyyəsində terrorun bütün növlərindən istifadə edən, beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayan Ermənistan dövlətinə heç bir təzyiq nə də ciddi xəbərdarlıq olmadı. Bunun nəticəsi olaraq Ermənistan təxribatlarını daha da genişləndirdi. Azərbaycan hər zaman olduğu kimi yenə də beynəlxalq hüquq normaları çərçivəsində öz mübarizəsini aparmaqdadır və BMT-nin Təhlükəsizlik Şurasının çıxartmış olduğu qətnamələrin həllini həyata keçirən bir dövlət olaraq yenə də bölgədə sülhün və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir. “Ermənistan Qafqazın təhlükə mənbəyidir”- deyən Əməkdar Mədəniyyət işçisi,professor qeyd edib ki, Ermənistanın destruktiv mövqeyi Qafqaz regionunda sülhün və sabitliyin qarşısında dayanan ən böyük maneədir. 44 günlük Vətən müharibəsindən ötən iki il ərzində Ermənistan tərəfi öz imzasına hörmət etmək əvəzinə, hər vəchlə bölgədə ağır təxribatlar törədib və hər dəfə layiqli cavabını alıb. Ermənistanın revanşist, destruktiv münasibətinə baxmayaraq, Azərbaycan sühpərvər, humanist mövqe nümayiş etdirməyə davam edir və ermənilər üçün dəhlizi açıq saxlayıb. Azərbaycanın humanist mövqeyinə baxmayaraq, Ermənistan danışıqlar prosesindən yayınmağa cəhd edib. Siyasi addımların uğur qazanmadığını görən Ermənistan Kəlbəcər və Laçın istiqamətlərində mövqelərimizi intensiv atəşə tutub, sülh prosesinə belə mane olmağa çalışdı. Buna da nail olmadıqda 12-dən 13-nə keçən gecə Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribat həyata keçirtdi. Ermənistan törətdiyi genişmiqyaslı təxribat nəticəsində avqustun 31-də Brüssel görüşündə əldə edilən razılaşmanı sabotaj etmiş oldu. Görünən odur ki, Ermənistan məcburi olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Belə olan halda, vasitəçilər onu buna məcbur etməlidir. Ona görə ki, sülh prosesində Azərbaycanın irəli sürdüyü 5 prinsipi Ermənistan tərəfi qəbul etmiş və bunu dünya ictimaiyyəti qarşısında da etiraf etmişdir. Təəssüf ki, baş verən proseslər göstərir ki, Ermənistan sülh danışıqları prosesindən hələ çox uzaqdadır. Görünən odur ki, onlar hələ də köhnə miflərlə yaşayırlar. Ermənistan 90-cı illərin eyforiyasından çıxmalıdır. Bu gün Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən olduqca güclüdür. Artıq Azərbaycan Qafqaz regionunun lider dövlətidir. Azərbaycan beynəlxalq hüquqla təsbit olunmuş suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün tədbirləri görməyə qadirdir. Hətta, Azərbaycan regionun lider dövləti kimi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, düşməni sülhə məcbur etmək iqtidarındadır. Dövlətimizin başçısınin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə keçirdiyi operativ müşavirədə və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən vurğuladığı kimi, “bu genişmiqyaslı təxribata görə bütün məsuliyyət bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”. Professor K.Tahirov sonda fikirlərini yekun olaraq belə bildirdi - “Erməni silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribat nəticəsində Azərbayan ordusunun 50-dən çox hərbçisi şəhid olmuşdur. Şəhidlərimizə Allahdan rəhmət diləyir, onları dərin minnət və şükranlıqla anırıq. Uca Allahdan şəhidlərimizin ailələrinə, yaxınlarına səbr diləyirəm. Millətimizin başı sağ olsun! Vətənimiz var olsun!”