Bakının “ağlarla” ağıllı gedişi və... “MAT”!

Prezident Administrasiyası bu gün Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsini təklif elədi. Gündəm də məlum: reinteqrasiya və ermənilərin yaşadığı ərazilərdə infrastruktur layihələrinin müzakirə edilməsi.

Təklif təbii ki, Qarabağ anklavındakı türmələrimizin darıxdığı cinayətkar-terrorçu ünsürlərə ünvanlı deyil. Hansılar ki, özləri üçün cürbəcür ekzotik “vəzifələr” fikirləşib taparaq, paralel dünyada yaşayırlar: “artsax”ın “xarici işlər naziri”, olmayan dövlətin “dövlət naziri”, “prezidenti”, “təhlükəsizlik xidməti”nin rəhbəri və s. bu kimi.

Gözlənildiyi kimi, Bakının tam legitim təklifinə ən isterik reaksiya da məhz sonunculardan, məsələn, qondarma “xin”dən gəlib. Yenə köhnə havanı çalıblar. “Bakı ilə yalnız bərabərhüquqlu, iki müstəqil tərəf kimi danışıq mümkündür”, “hansı erməni icması, biz artıq müstəqil dövlətik”, “təklif KİV vasitəsilə deyil, bizə və rəsmən göndərilməlidir” kimi sarsaq şeyləri səsləndiriblər.

Özlərini yuyulmamış qaşıq təki ortaya atıblar. Guya onlardan soruşan var...

Aydındır ki, rəsmi Bakı bununla hər şeydən öncə dünyaya, ələlxüsus erməni havadarlarına bir daha sülhpərvər, tolerant və polietnik dövlət olduğumuzu göstərir. Paytaxtımıza gələcək erməniləri kriminal separatçı rejim sarıdan hansı təhlükə gözlədiyinə diqqət yönəltməklə Azərbaycanın anklavdakı quldur dəstələrə qarşı güc tətbiqində tam haqqı çatdığını nümayiş etdirir. Yəni sonra deməyin ki, Azərbaycan dinc erməni icmasının hüquqlarına laqeyddir. “Top” yenə onların meydanında.

Başqa yandan, bu yolla Rusiya vasitəçi kimi yavaş-yavaş, incə şəkildə oyundan çıxarılır. Hansı ki, məntiqlə zavallı ermənilərlə yanaşı, onların Avropadakı dəstəkçilərinin də marağına uyğun olmalıdır. Hər halda, Moskvanın vasitəçiliyindən hələ heç kim xeyir görməyib...

Xülasə, Azərbaycan tam normal, qanuni təkliflə çıxış edib. Biz suveren dövlət olaraq öz vətəndaşlarımızla ölkənin istənilən şəhərində dialoq apara bilərik. Buna kimin, nə etirazı ola bilər ki?

Nəhayət, Bakının təklifi və ona separatçı ünsürlərdən gələn reaksiya, daha doğrusu, it-çaqqal hürüşməsi sabah Avropa Parlamentində ölkəmiz əleyhinə daha bir təxribatçı sənədin müzakirəyə çıxarılması ərəfəsində yerinə düşür. Faktiki ikinci erməni parlamentinə və “şeytan yuvası”sına çevrilən, erməni lobbisinin tam ələ aldığı bu yaramaz təşkilatlın iç üzünü bir daha dünyanın gözü önünə sərir.

Ona görə ki, Azərbaycan erməni milliyyətindən olsa da, öz vətəndaşları ilə danışıqdan qaçmır. Onlara əl uzadır, hər cür humanitar və iqtisadi köməkliklər təklif edir, qat-qat yaxşı və təhlükəsiz həyat, güzəran vəd edir. Amma vasitəçisiz-filansız. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin vurğuladığı kimi, Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyi Azərbaycanın daxili işidir və biz bunu heç bir başqa ölkə ilə, o cümlədən Ermənistanla müzakirə eləmək niyyətində deyilik.

Amma kimə deyirsən? Paşinyanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bu gün görün nə çərənləyib. Öz aləmində guya Hikmət bəyə cavab verən Marukyan facebook səhifəsində yazıb: “2-ci Dünya müharibəsindən sonra insan haqları və təhlükəsizliyi ölkələrin daxili məsələsi sayılmır”.

Çox gözəl. Elə isə Ermənistandan sonuncu nəfərinədək qovulan qərbi azərbaycanlıların öz tarixi vətənlərinə dönüşü, hüquq və təhlükəsizliyi məsələsi niyə də Ermənistanın “daxili işi” sayılsın və beynəlxalq nəzarət altında dünyanın gündəminə gətirilməsin?!

Necədir? Onların insan haqqı haqq deyil? Yoxsa erməni göydən “zəmbil”lə düşüb, ya bəlkə “ali irqin” təmsilçiləridir?

Marukyanın nəzərinə: Ermənistan adlı saxta dövlət axırıncı azərbaycanlı qovulub monoetnik ölkəyə çevriləndə də (1948-1953, 1988-89) artıq 2-ci Dünya müharibəsi bitmişdi! Ayıbınıza nə vaxt kor olacaqsınız?..

 






Fikirlər