Bakı rəsmi kanaldan elan etdi: Qarabağın tamamının nəzarət altına alınacağı gün yaxınlaşır
“Rəsmi Bakı Qarabağ erməniləri ilə dialoqu davam etdirmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan təmsilçiləri ilə Qarabağ erməniləri arasında bir neçə dəfə dialoq olub. Müzakirələr rusiyalı hərbçilərin vasitəçiliyi ilə Qarabağ ərazisində baş tutub. Azərbaycan Prezident Administrasiyası bir neçə dəfə açıqlama yayaraq müzakirəni davam etdirmək üçün ermənilərə Bakıya gəlməyi təklif edib”. Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Qarabağ erməniləri Bakıya gəlməkdən imtina ediblər: “Birincisi, Qarabağ erməniləri Bakıya gəlməkdən ona görə imtina ediblər ki, bu onların Azərbaycanın ərazi bütövlüyünü qəbulu anlamına gələcək. İkincisi, Bakıdakı görüşdə Rusiya hərbi kontingentinin hərbçiləri olmayacaq, ermənilər isə rusiyalı vasitəçilər olmadan Azərbaycan rəsmiləri ilə görüşdən qorxurlar. Buna baxmayaraq, Qarabağ erməniləri məcbur qalıb Bakıya gələcəklər. Çünki Qarabağda separatçıların nəzarət etdiyi hissədə iqtisadi və sosial vəziyyət ağırlaşıb. Xankəndidə Qarabağ separatçılarının “dövlət naziri” Qurgen Nersisyan “hökumətin” toplantısında qəbul edilən qərarları elan edib: 1. Qarabağdakı ailələrə şəkər tozu və yağ məhsulları xüsusi yerlərdə paylanacaq; 2. Qarabağda yanacaq çatışmazlığı olduğundan ictimai nəqliyyatın və xidməti maşınların hərəkəti məhdudlaşdırılacaq. Bu səbəbdən “dövlət idarəsinin” işçiləri evlərindən çalışacaqlar. Qarabağ separatçıları anlayırlar ki, onlar üçün halqa daralıb, Rusiya hərbi kontingenti iki ildən sonra bölgəni tərk edəcək, Ermənistan Qarabağ separatçılarına dəstək verə bilməyəcək, sərhəd Azərbaycanın nəzarətindədir. Belə olan halda Qarabağ ermənilərinin yeganə alternativi Azərbaycan təmsilçiləri ilə dialoqu davam etdirmək və Bakının şərtlərini qəbul etmək olacaq. Qarabağ separatçılarının lideri Araik Arutunyan son çıxışlarının birində Bakının tələbini səsləndirib: “Bakı bizimlə ancaq Qarabağın və ermənilərin Azərbaycana reinteqrasiyasını müzakirə etmək istəyir. Bu Bakının tələbidir”. Araik Arutunyan Bakının Qarabağda qondarma qurumun buraxılması və quruma bağlı olan qeyri-qanuni silahlı birləşmələrin tərk-silah olunmasını tələb etdiyini də xatırladıb. Araik Arutyunyan ötən ilin oktyabr ayında Ermənistan televiziya kanalına verdiyi müsahibədə də onların Bakı ilə danışıqlardan başqa alternativlərinin olmadığını bildirmişdi. Bir il ərzində erməni separatçılarının durumu daha da ağırlaşıb. Ona görə də Araik Arutyunyan Bakı ilə dialoqu qəbul etmək barədə düşünür”. Ekspertin sözlərinə görə, Qarabağın əsas kommunikasiya xətləri Azərbaycan Ordusunun nəzarəti altındadır: “Daha Ermənistandan Qarabağa silah və hərbi texnika keçirmək mümkün deyil. Bu vəziyyət Azərbaycanın Qarabağın tamamını nəzarət altına alacağı günü yaxınlaşdırır. Təsadüfi deyil ki, Azərbaycanda “Qisas-3” əməliyyatı barədə açıqlamalar çoxalıb, hətta dövlət televiziyasının internet saytında bu mövzu ilə bağlı sorğu da keçirilir. Bu əməliyyat Azərbaycan ərazisində separatizmin sonunu gətirməlidir”.