"Qarabağın erməni sakinlərinin təhlükəsizliyinin ən yaxşı qarantı İlham Əliyevdir" - VİDEO - FOTO

 

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, verilişin qonağı Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko olub.

İ.Korotçenko bildirib ki, Qarabağın erməni sakinlərinin təhlükəsizliyinin ən yaxşı qarantı sözlərinin arxasında duran, beynəlxalq nüfuza malik Prezident İlham Əliyevdir.

"Azərbaycan sadəcə bir çox ölkədən biri deyil, o, İkinci Qarabağ müharibəsində qalib gələn, Qoşulmama Hərəkatına (QH) sədrlik edən dövlətdir və Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi illər ərzində təşkilat tamamilə yeni səviyyəyə yüksəlib. Azərbaycan Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təminatçısıdır və nəhayət gələcəyə yönəlmiş ölkədir. Şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyev öz təcrübəsi, intellekti, strateji məqsədyönlülüyü ilə deyirsə ki, bu belə olacaq, deməli bu məhz belə olacaq", - o deyib.

İ.Korotçenko qeyd edib ki, Qarabağ iqtisadi rayonu Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə dediyi kimi, Bakı Qarabağda kompakt şəkildə yaşayan erməniləri Azərbaycan vətəndaşı olaraq görür.

"Bütünlükdə Azərbaycanın yanaşması təkcə praqmatikliyi ilə deyil, həm də humanizmi ilə, eyni zamanda 30 il davam edən bu qanlı tarixin səhifələrinin çevrilməsi üçün göstərdiyi səylərlə seçilir. Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək kapitulyasiyaya məcbur etdi. Azərbaycan ondan sonra da çox alicənab davrandı. Ermənistana əlini uzatdı və dövlətlərarası əlaqələrin artıq iki ölkənin, yəni Azərbaycanla Ermənistanın öz üzərinə aydın şəkildə öhdəliklər götürdüyü yeni reallıqlara əsaslanması üçün ilk öncə Prezident İlham Əliyevin təklif etdiyi beş təməl prinsip əsasında sülh sazişi imzalamaq istədiyini bildirdi. Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası həyata keçirildikdən sonra isə bütün məsələlər həll olunacaq. Bakı "etnik təmizləmə", "soyqırımı" barədə iftiralara baxmayaraq, Qarabağın erməni sakinləri ilə dinc inteqrasiyanı həyata keçirməyə hazır olduğunu aydın şəkildə bildirib. Bundan başqa, Bakının təyin etdiyi xüsusi səlahiyyətli nümayəndə erməni sakinlərlə görüşərək Azərbaycanın müzakirələrə hazır olduğunu deyib. Bundan sonra yeni addım atıldı, belə ki, Qarabağın erməni sakinləri artıq dinc inteqrasiya barədə konkret danışıqlara başlamaq məqsədilə Bakıya dəvət olundular", - o deyib.

Politoloqun fikrincə, Qarabağın erməni sakinlərinin inteqrasiyası üzrə müfəssəl "yol xəritəsi" hazırlanmalıdır.

"Reinteqrasiyanı necə həyata keçirməkdən, sülhü bərqərar etməkdən danışırıqsa, burada təməl prinsip erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən tam çıxarılması və silahsızlaşdırılmasından ibarətdir", - deyə o əlavə edib.

Ermənistan tərəfin Ağdam-Xankəndi yolundan humanitar yüklər üçün istifadədən imtina etməsi məsələsinə toxunan İ.Korotçenko məhz bunun Xankəndidəki separatçı "başçı"ları tərəfindən təşkil olunan erməni soyqırımı olduğunu vurğulayıb.

"Bax bu, ermənilərin özlərinin həmvətənlərinə qarşı təşkil etdiyi əsl soyqırımıdır. Belə ki, əgər orada onların iddia etdikləri kimi "aclıq" varsa - hərçənd mən tam əminəm ki, bu videokadrlar quramadır, biz bunların necə edildiyini çox gözəl bilirik - Ağdam vasitəsilə istənilən malların, avadanlıq və ərzağın çatdırılması variantı mövcuddur. Lakin onlar bilərəkdən buna getmirlər, çünki bu reinteqrasiyaya yoldur. Azərbaycan cəmiyyətinə reinteqrasiya Qarabağ ermənilərinin işıqlı gələcəyə yoludur", - deyə o qeyd edib.

Trend BİA verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

Məqaləyə dair fotomateriallar:






Fikirlər