Qərbi Azərbaycan Xronikası: Ermənistanın şimalında sonuncu nöqtə - Ləmbəli kəndi

Qərbi Azərbaycan Xronikası: Ermənistanın şimalında sonuncu nöqtə - Ləmbəli kəndi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Loru mahalının, Barana (Noyemberyan) rayonunun Ləmbəli (Baqrataşen) kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Verilişdə Ləmbəli kəndinin etnoqrafiyası, toponimi, tarixi, əhalisi, relyefi, iqlimi, adət-ənənələri, toyları və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, Ləmbəli Tiflis quberniyasının, Loru-Borçalı qəzasında, indiki Barana (Noyemberyan) rayonunda kənddir və rayon mərkəzindən 15 km şimal-qərbdə, Tona çayının sağ tərəfində yerləşir. Əsasən Ayvazdar, Mürşüdlü tayfaları ilə tanınan bu yer "Ermənistan"ın şimalında sonuncu nöqtədir. Dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən, dərəli-təpəli, dağlı-düzlü məkandır.

Qeyd olunub ki, erməni mənbələrində "Ləmbəli qyuğ" formasında qeyd edilir. Toponim "rütubətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili" mənasında işlənən ləm və "düzənlik, açıqlıq, açıq yer", "geniş düzənlik" mənasında işlənən pila/pala (bəli) sözlərinin birləşməsindən əmələ gəlib və relyeflə bağlı yaranan toponimdir. Qışı mülayim-orta, yayı nisbətən isti olur.

Diqqətə çatdırılıb ki, azərbaycanlıların yığcam yaşadığı Ləmbəli kəndində Tona çayı üzərində körpü tağları mövcud olub. Ləmbəli kəndi ilə Sadaxlı kəndini birləşdirən üç qədim körpü aran Borçalısı ilə dağ Borçalısını birləşdirməklə tarixi İpək Yolunun üstündə yerləşirdi. XVI–XVIII əsrlərdə inşa edilən bu körpülər XIX yüzildə Rusiya-İran müharibələri zamanı dağıdılıb.

Məlumat verilib ki, kənddə 1831-ci ildə 11 nəfər, 1886-cı ildə 292 nəfər, 1897-ci ildə 376 nəfər, 1908-ci ildə 400 nəfər, 1914-cü ildə 493 nəfər azərbaycanlı yaşayıb. 1915-ci ildən sonra azərbaycanlılar ermənilərin təcavüzünün nəticəsində tarixi-etnik torpaqlarından qovulublar. İndiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar geri qayıdıblar. 1922-ci ildə 783 nəfər, 1926-cı ildə 857 nəfər, 1931-ci ildə 1 034 nəfər, 1939-cu ildə 1 289 azərbaycanlı yaşayıb.

1948-1949-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülüb. Ləmbəlilər bu haqsızlığa qarşı çıxaraq, apardıqları mübarizə nəticəsində onlar geri - öz kəndlərinə qayıdıblar. 1988-ci ildə azərbaycanlılar tam qovularaq kənddə ermənilər yerləşdirilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 9-da saat 19:30-da Baku TV-nin efirində və YouTube kanalında yayımlanıb.

 






Fikirlər