XANKƏNDİDƏ SEPARATÇILIĞI BELƏ MƏHV ETDİK - Antiterror əməliyyatından öncə atılan addımlar
Bu gün 2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusunun Qarabağda erməni separatçı rejimini çökdürmək üçün həyata keçirdiyi 23 saatlıq antiterror tədbirlərinin 1-ci ildönümüdür. Qarabağın böyük hissəsi 2020-ci ilin payızında döyüş yolu ilə, digər ərazilər - Ağdam, Kəlbəcər, Laçın 10 noyabr bəyanatına uyğun olaraq Azərbaycana təhvil verildikdən sonra rəsmi Bakı separatçı rejimin dinc yolla ləğvi üçün böyük çabalar göstərdi. Lakin Ermənistan terrorçu dəstələrini geri çəkmədi, separatçı rejimin “rəhbərləri” isə çağırışlara məhəl qoymadılar. Ötən ilin sentyabrında Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq daha bir zəfər günü yaşandı. 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu. Bir sutkadan daha az bir zaman kəsiyində Ermənistan Silahlı Qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları milli dövlətçilik tariximizdə yeni qəhrəmanlıq salnaməsidir.
Separatçı ermənilərin, xunta rejiminin heç bir çağırışa məhəl qoymaması, bölgədə terror aktlarını davam etdirməsi, Ermənistanın 10 noyabr üçtərəfli bəyanatının tələbini yerinə yetirməkdən yayınması antiterror tədbirini qaçılmaz edirdi. 19 sentyabr antiterror tədbirlərindən öncə Azərbaycan separatizmin əl-qolunu bağlamaq istiqamətində addımlar atmışdı: - 2023-cü il aprelin 23-də Laçın rayonunun Həkəri körpüsü üzərində - Ermənistanla şərti dövlət sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ilə Azərbaycanın ərazi bütövlüyü praktiki olaraq təmin edildi; - Azərbaycan torpağında erməni separatizminin nəfəsliyi olan “Laçın dəhlizi” ləğv edildi, bütün Qarabağa və Şərqi Zəngəzura tam nəzarət Azərbaycanın daxili işinə çevrildi; - Azərbaycan torpağında separatizmin ləğvi və ərazimizdə qalan erməni silahlı dəstələrinin təminatları kəsildi, Ermənistan ərazisindən silah-sursat daşınmasının qarşısı alındı; - Qarabağın erməni əhalisinin reinteqrasiya prosesi ön plana çıxarıldı, erməni əhalisinin separatçıların və terrorçuların girovluğundan xilas edilməsi istiqamətində praktiki addımlar atıldı.
Lakin separatçı rejim yenə də silahı yerə qoymadı terrorçuluğu davam etdirdi. Xankəndi-Laçın yolundakı 4 aylıq aksiyalardan sonra müəyyən ərazilərə və koridora nəzarət ölkəmizə keçsə də, təxribatlar səngimədi. Belə ki, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
Faktiki olaraq Azərbaycan separatizmi antiterrorla sonlandırdı, suverenliyini tam bərpa etdi. Bu gün isə Xankəndidə firavan bir həyat var. Azərbaycanın bu effektiv taktikası tarixi bir proses kimi qiymətləndirilir.(musavat.com)