Qızıl hərflərlə yazılmış zəfər – 30 illik işğalın sonu...
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən 4 il ötür. 2020-ci ilin bu günü, yəni 27 sentyabr tarixində başlanan müharibə tam 44 gün davam etdi. Noyabr ayının 10-da, gecə saatlarında Ermənistanın təslim olması və üçtərəfli müqavilə ilə yekunlaşan Vətən müharibəsinin nəticəsi olaraq, 30 ilə yaxın işğal altında olan torpaqlarımız qəhrəman hərbçilərimiz tərəfindən azad edildi. Bu şanlı zəfərin qazanılmasında Azərbaycan xalqının birliyi, ölkə başçısının müdrik siyasəti və hərbçilərimizin qorxmaz döyüş əzmi bir növ vəhdət təşkil etdi. 90-cı ilin əvvəllərində Azərbaycanda baş verən mürəkkəb siyasi vəziyyətdən, daxili hərc-mərclikdən istifadə edən erməni separatçıları Ermənistanın da hərbi dəstəyi ilə, Qarabağı və ətraf 7 rayonu işğal etdilər. vakansiya 30 illik işğal dövründə mərkəzi Xankəndi şəhəri olan qondarma dövlət yaradan ermənilər, Azərbaycanın suverenliyinə xəyanət etməklə yanaşı, BMT nizamnamələrinə də ciddi zərbə vurdu. 1991-1993-cü illər ərzində davam edən Birinci Qarabağ müharibəsi zamanı 1 milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından didərgin düşdü, onların vaxtı ilə yaşadığı kənd və şəhərlər isə erməni silahlıları tərəfindən darmadağın edildi. Lakin Azərbaycan işğal müddəti ərzində ruhdan düşmədi, hərbi, siyasi nüfuzunu gündən-günə gücləndirdi. Orduda peşəkarlaşma, siyasətdə beynəlxalq əlaqələr sistemli şəkildə təşkil edildi. Nəhayət, 27 il sonra, Azərbaycan ordusu işğalda olan ərazilərini düşmən tapdağından azad etdi. Qələbəyə gedən yolda 2908 Azərbaycan hərbçisi qəhrəmancasına şəhid oldu. Müharibənin minimum itkilərlə və olduqca qısa müddət ərzində qələbəmizlə yekunlaşması Azərbaycan ordusunun hərbi gücünün, döyüş bacarığının və düşmən üzərindəki əzici üstünlüyünün göstəricisidir. Mövzu ilə bağlı Yenisabah.az-a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Sabir Rüstəmxanlı bildirib ki, Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə, milli tariximizə qızıl hərflərlə yazıldı: “Bu çox geniş mövzudur, bunun üçün böyük əsər yazmaq olar. Sadəcə bu günün bizim üçün əsas önəmi 44 günlük Qarabağ müharibəsində şəhid olan igidlərimizi xatırlamaq, onların ruhunu sevindirmək, yad etməkdir. Onlar olmasa, şübhəsiz ki, torpaqlarımız azad olmazdı. 44 günlük savaşa qədər Azərbaycan səbrlə gözlədi. 30 il Azərbaycana qarşı müxtəlif təxribatlar törədildi, yalançı vədlər verildi. ATƏT-in Minsk qrupu bu müddət ərzində guya münaqişənin danışıqlar yolu ilə həllini axtarırdı. Lakin əksinə, onlar 30 illik işğalın nəticələrini unutdurmağa çalışırdılar. Onlar gözləyirdi ki, Azərbaycan öz torpaqlarından imtina etsin.
Öz halal ərazilərimizin bir hissəsini qaytarmaq şərti ilə, keçmiş Dağlıq Qarabağın statusunu növbəti mərhələyə saxlamağı təklif edirdilər. Nəticə etibarı ilə bu ərazilərin Azərbaycana deyil, Ermənistana bağlanması üçün əllərindən gələni edirdilər. Amma nəhayət 2020-ci ildə ölkəmizin səbr kasası daşdı. Ali baş komandan qəti şəkildə bildirdi ki, biz Ermənistan ərazisinə heç bir güllə atmırıq, sadəcə öz ərazilərimizi işğaldan azad edirik. Azərbaycan beynəlxalq hüquqa söykənir və bu bizim suveren haqqımızdır. 27 sentyabr günü bu savaş başlandı və Şuşanın da azad olunması ilə, 10 noyabr tarixində tam qələbəmizlə bitdi. Bu Azərbaycan tarixinin parlaq bir səhifəsidir, böyük bir hadisədir”. Sabir Rüstəmxanlı qələbənin qazanılmasında xalq, dövlət və ordu həmrəyliyinin önəmindən danışıb: “44 günlük vətən müharibəsi xalqımızın mütəşəkkiliyini, dövlətimizin qətiyyətini və ordumuzun gücünü açıq şəkildə hər kəsə göstərdi. Həmin vaxt vətəndaş həmrəyliyi xalqın, millətin əsas şüarına çevrildi və biz bu birliklə bütün cəbhəboyu ermənilərin keçilməz saydıqları səngərləri darmadağın etdik. Bu qələbə Azərbaycanın 30 il ərzində apardığı ardıcıl hazırlığın nəticəsi idi. 30 il əvvəl Dağlıq Qarabağ və onun ətraf rayonları işğal olunanda, Azərbaycanın ordusu yox idi. Hətta könüllülər belə dağılmışdı və düşmənə qarşı pərakəndə mübarizə aparırdılar. Bu müddət ərzində ordu sıfırdan və tam müasir formada yenidən yaradıldı. İndi biz o torpaqları gəzəndə daha dəqiq görürük ki, ermənilər az qala Mil-Muğan düzünün ortasına gəlib çatmışdı. Onlar bu 30 il ərzində 1 dənə daşı-daş üstünə qoymayıblar. Ermənilər Qarabağda əsl işğalçıya xas, mənfur formada fəaliyyət göstəriblər. Lakin Azərbaycan müharibədən sonrakı 4 il ərzində Qarabağda intensiv quruculuq işləri görür. Bu qələbə Azərbaycanın möhtəşəm tarixi zəfəridir”. Nazim Hacıyev Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.