"Trampın ABŞ prezidenti seçilməsi İrana heç nə yaxşı vəd etmir".
Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, zəngin müsəlman ölkələrinin rəhbərləri Trampla ortaq dil tapacaqlar:
"Onlar Trampın Yaxın Şərq siyasətini qəbul edirlər, ona itaət göstərəcəklər. Amma onun seçilməsi İran üçünə çox böyük təhlükədir. Çünki Tramp İranı məcbur edəcək ki, Fələstin xalqının müdafiəsindən geri çəkilsin. Geri çəkilməsə, müharibə və bombardman ehtimalı güclənir
Ukrayna müharibəsinə gəldikdə, o, vəd etmişdi ki, əgər seçilərsə, prezident vəzifəsinə başlamazdan əvvəl, iki gün ərzində Ukraynada müharibəni dayandıracaq və onun başa çatması üçün öz təkliflərini verəcək. Məncə, bu, həddən artıq özgüvənin nəticəsidir.
Ukrayna ilə Rusiya arasında münaqişənin səbəbləri dərindir. Rusiyanın tələbi Ukraynaya deyil, Qərbədir. Rusiya NATO-nun geri çəkilməsini istəyir. Bu, Rusiyanın strateji tələbidir, Ukrayna burada yalnız bəhanədir. Düşünmürəm ki, Qərb bu tələbi qəbul edə bilər. Putinin öz tələbindən geri çəkiləcəyi də gözlənilən deyil".
Z.Əlizadə qeyd edib ki, Tramp ola bilsin ki, Ukraynaya hərbi yardımı artırmağa məcbur olsun:
"Amma hələlik onun vədini yerinə yetirəcəyinə dair əsas görmürəm".
Trampın dövründə ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətlərinə gəlincə, Z.Əlizadə bunları deyib:
"Seçkilərdən əvvəl İlham Əliyev demişdi ki, Trampın seçilməsi Azərbaycanın xeyrinədir. Bunu ABŞ-Azərbaycan münasibətlərini qorumaqla sübut etmək olar. Düşünmürəm ki, Tramp administrasiyası Cənubi Qafqazda hədsiz maraqlı olsun.
Ümumiyyətlə, Cənubi Qafqazın beynəlxalq siyasətdə rolunu həddən artıq şişirdirlər. Biz nə Yaxın Şərqik, nə Şərqi Asiya, nə də Ukrayna. Uzaq Şərqdə Amerikanın daha ciddi maraqları var, nəinki Cənubi Qafqazda. Amma Tramp görsə ki, həm Ermənistan, həm də Azərbaycan Amerikanın xarici siyasətinə uyğun hansısa bir ortaq məxrəcə hazır olub, onda təbii ki, barış naminə köməyini təqdim edə bilər. Azərbaycana Amerika ilə dost olmaq əl verir. Çünki dünyanın aparıcı dövlətidir, böyük siyasi və maliyyə mərkəzidir. Ermənistan Rusiyadan əlini üzüb, böyük məmnuniyyətlə Amerikanın dostu olmaq istəyir. Buna özünü hazır sayır.
Türkiyəyə gəldikdə, o, kifayət qədər güclü dövlətdir və Amerika prezidentinin kim olmasından asılı olmayaraq, öz əzmini, iradəsini ortaya qoyur. Türkiyə Amerika ilə NATO-da mütəffiqdir. İki ölkənin iqtisadi, siyasi, hərbi sahədə müttəfiqliyi var və düşünürəm ki, Ankara bu müttəfiqliyini qoruyub saxlayacaq. Bu, Türkiyənin dövlət kimi həm imicinə, həm də hərbi-siyasi qüdrətinə müsbət təsir göstərir. Ona görə də düşünmürəm ki, Trampın seçilməsi ilə Türkiyə və ABŞ arasında ciddi riski yaransın. Əksinə, münasibətlərin daha yaxşı olacağını güman edirəm. Sərt, əzmkar kişilər Trampın xoşuna gəlir və Türkiyənin indiki dövlət başçısı da belələrindəndir. Odur ki, dil tapacaqlar"