“Hər çatanın “Mirzə Cəlil” mükafatı təsis etməsi yolverilməzdir” - QALMAQAL

Son dövrlər Azərbaycan mediasında dahi şəxsiyyətlərin adlarına yeni mükafatlar təsis edilməsi və həmin mükafatların bəzi tanınmış simalar tərəfindən qəbul edilməsi birmənalı qarşılanmır.  Sosial şəbəkələrdə bununla bağlı tənqidi fikirlər səsələndirənlər var.

Məsələyə mətbuat sahəsinin iki tanınmış siması da münasibət bildirərək, dahi şəxsiyyətlərin adlarına media mükafatlarını təsis edənləri qınayıblar. Fikirlərini də onunla əsaslandırıblar ki, bu cür mükafatları təsis edən jurnalistlərin və ya təşkilatların özlərinin fəaliyyəti və imzaları həmin dahi şəxsiyyətlərlə düzmütənasiblik təşkil etməlidir...

 “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid məsələ ilə bağlı Modern.az-a açıqlamasında deyib ki, zamanla təsis edilən bu cür jurnalist mükafatları sonradan öz səviyyələrini itirib:

 “Dahi şəxsiyyətlərin adına jurnalist mükafatları təsis etmək zamanla olub. Amma bir az sonra o mükafatlar öz səviyyəsini itirib. Buna əsas səbəb odur ki, o mükafatları təsis edən, yaradan jurnalist, yaxud jurnalist təşkilatları özləri o şəxsiyyətlərin adına, həyat və fəaliyyətlərinə layiq olmayıblar.

Yəni onların jurnalist kimi bugünkü ictimai fəaliyyətləri çox zaman adına mükafatlar təsis etdikləri dahi şəxsiyyətlərin əməlləri ilə düzmütənasib olmur. Belə olanda həm də dahi şəxsiyyətlərin adına ciddi xələl gəlir. Bu baxımdan ehtiyatlı olmaq lazımdır.

Əvvəllər qəzetlər var idi ki, redaksiya adlarını dünyanın ən dahi şəxsiyyətlərini adları ilə adlandırırdılar və bununla da xal qazanmaq istəyirdilər. İndi Azərbaycanda Həsən bəy Zərdabi adına mükafat var. Bunu da vaxtilə Azərbaycan Jurnalistlər Birliyi təsis edib.

 Digər jurnalist mükafatlardan biri də “Mirzə Cəlil” mükafatıdır. Cəlil Məmmədquluzadə elə bir şəxsiyyətdir ki, onun adına mükafat təsis etmək həm böyük məsuliyyət və həm də şərəfli jurnalistika fəaliyyəti tələb edir.

 Məsuliyyət ondan ibarətdir ki, mükafatı təsis edən də və mükafatı alan da Mirzə Cəlilin şərəfli adını qoruyub saxlaya bilməli və buna sözün əsl mənasında layiq olmalıdırlar.

Yəni həmin şəxslər özlərinə arxayın olmalıdırlar ki, onlar həqiqi jurnalistdirlər və arxalarında əsl ziyalı təbəqəsi dayanır.

Mən şəxsən Azərbaycanda ictimai təşkilatlar arasında və mükafat təsis edən jurnalistlərin içində elə bir adam və qurum tanımıram ki, hansısa dahi şəxsiyyətlərin adına mükafat təsis etməyə sözün həqiqi mənasında iddia edə bilsinlər. Çünki bu işi ciddi formada görə bilmək üçün uzun illərin təcrübəsi və peşəkarlığı tələb olunur.

Mükafat alanları təbrik etmək olar. Amma gələcəkdə arzu edirəm ki, belə mükafatlarla dahi şəxsiyyətlərin adlarını, səviyyələrini endirməsinlər.

 Vaxtilə bizdə “Qızıl qələm” mükafatı təsis etmişdilər. O mükafat əvvəllər öz səviyyəsini qoruyurdu. Sonra məlum oldu ki, “Qızıl qələm” o qədər sıradan insanlara verilib ki... Nəticədə artıq o mükafat nüfuzdan düşüb.

Mirzə Cəlil kimi öz həyatı boyu ironiya və sarkazmla yaşayan bir şəxsiyyətin adına mükafatı arzu edirəm ki, gələcəkdə əsl jurnalistlər və daha layiqli olanlar təsis etsinlər. Hesab edirəm ki, Mirzə Cəlil və digər bu kimi Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətlərin adına hər çatanın mükafat təsis etməsi qadağan və yolverilməzdir”.

 Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə deyib ki,bu cür mükafatları təsis edənlər üçün müqəddəs heç nə qalmayıb və bu mükafatları alan şəxslər də öz nüfuzlarını aşağı salırlar:

 “Görünür jurnalistmi deyim və ya başqa birimi deyim, bəzi adamlar üçün artıq müqəddəs olacaq heç nə qalmayıb, dəyərlər itib. Çünki son zamanlar jurnalist adını deməyə ehtiyat etdiyimiz adamlar elə yerlərdən yapışırlar .

Amma özünə hörmət edən və cəmiyyətdə az-çox yükü olan adamlar niyə görə belə mükafatları dərhal alırlar, bax bu mənə çatmır.

Yaxud bu cür mükafatların mərasiminə gedirlər. Və yaxud bunu necə alırlarsa, mən bunu başa düşmürəm. Kimlərsə öz adlarını böyütmək  və dəftərə yazdırmaq üçün belə metodlardan istifadə edirlər.

 Mükafatı alan və ya münsif heyətində oturan az-çox adamlar belə şeyi necə qəbul edib göz yumurlar, bax mən bunu da anlamıram. O adamlar dəyərləri udmaqla elə mükafatlandırmalarda iştirak edirlərsə, artıq ölkədə medianın və jurnalistikanın hansı gündə olduğunu demək elə də çətin deyil. Professional adamlar bu cür mükafatları almaqla özlərinə hörmətsizlik edirlər.

Nüfuzlu şəxslər adlarını o cür mükafatlara bağlamaqla özləri öz nüfuzlarını aşağı salır və eyni zamanda dahi şəxsiyyətlərə də hörmətsizlik edirlər.

 Belə mükafatları ilk yaddan çıxaran elə oxucular olacaq. Çünki o mükafatları təsis edənləri oxucular belə, tanımırlar.

Peşəkar dairələrdə bu mükafatlandırmada iştirak edənlər məsuliyyət dərk etməlidirlər.  Belə hallar ona görə baş verir ki, bu gün media və jurnalistika meydanı tamam boşalıb.

 10 il bundan öncə kim cəsarət edib Mirzə Cəlil yaxud başqa şəxsiyyətlərin adına mükafat təsis edə bilərdi? Əlbəttə heç kim bunu edə bilməzdi. Çünki indi mənəviyyat tamam laxladılıb və meydanda kim gəldi at oynadır.

Belə neqativ hallara qarşı ictimai və jurnalist təşkilatları mübarizə aparmalıdırlar”.

 






Fikirlər