Nazir şəffaflığın təmin olunmasına dair ƏMR imzalayıb
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov ərizə və şikayətlərin araşdırılmasında şəffaflığın təmin olunmasına dair əmr imzalayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, nazirliyə daxil olan ərizə və şikayətlərin araşdırılmasında vətəndaşların özləri iştirak etsələr də, son vaxtlar ayrı-ayrı şəxslər bir sıra hallarda görülən işlərin yekun nəticələrini təhrif edirlər və sosial şəbəkələrdə qeyri-dəqiq məlumatlar yayılır. Bu isə ictimaiyyət arasında ekologiya və ətraf mühitin qorunması sahəsində aparılan işlərə kölgə salaraq yanlış fikirlərin formalaşmasına gətirib çıxarır. Bununla əlaqədar, ətraf mühitin mühafizəsi sahəsində görülən işlərin davamlılığını təmin etmək, ekoloji qanunvericiliyin pozulması barədə daxil olan ərizə və şikayətlərin araşdırılmasında müraciət edənlərin iştirakına şərait yaratmaq, qanunvericilikdə nəzərdə tutulan qaydada araşdırma prosesinin şəffaflığının gözlənilməsi məqsədi ilə nazir xüsusi əmr imzalayıb. Nazirliyin aidiyyəti qurumlarına tapşırılıb ki, fəaliyyət istiqamətlərinə uyğun olaraq ekoloji qanunvericiliyin pozulması barədə vətəndaşlardan daxil olan ərizə və şikayətlərin araşdırılmasında müraciət edənlərin iştirakının təmin olunması üçün qanuni tədbirlər görülsün.