Bakının “əlinə” işləyən ilginc gəlişmə; Bakı bu insidentdən yararlanıb Qarabağ problemini təzədən BMT gündəliyinə gətirə bilər; Ermənistanla birgə bu dəfə onun havadarının da təcavüzkar qismində tanınması ölkəmizin mövqeyini və manevr imkanlarını gücləndirərdi...
ABŞ-ın yeni prezidenti Donald Trampın Krımı Rusiya ərazisi kimi tanıya biləcəyi ilə bağlı açıqlamasından çox keçməmiş maraqlı olay baş verib: BMT sanki Trampın acığına Rusiyanı işğalçı kimi tanıyan sənəd qəbul edib. Tanınma dünən BMT Baş Assambleyasının müvafiq komitəsinin Krımda insan haqlarının durumu ilə bağlı qəbul etdiyi qətnamədə əksini tapıb.
Ukraynanın təşkilatdakı daimi nümayəndəliyinin mətbuat xidmətindən verilən xəbərə görə, qətnamə “Krım Muxtar Respublikası və Sevastopolda (Ukrayna) insan haqları ilə bağlı situasiya” adlanır. Sənədi 73 dövlət dəstəkləyib. 23 ölkə əleyhinə olub, 76 ölkə isə bitərəf qalıb. Qətnamənin həmmüəllifləri qismində BMT-nin 41 dövləti çıxış edib.
“İlk dəfə olaraq BMT sənədlərində Rusiya işğalçı dövlət, Krım Muxtar Respublikası və Sevastapol isə müvəqqəti işğal edilmiş ərazi kimi tanınır. Bundan əlavə, qətnamədə Ukraynanın ərazi bütövlüyü təsdiqlənir və yarımadanın ilhaqı qəbuledilməz sayılır”, - deyə nümayəndəliyin yaydığı məlumatda qeyd olunur.
Dekabrda qəbul edilən sənədin BMT Baş Məclisinin plenar iclasında təsdiqlənməsi gözlənilir. Ancaq böyük ehtimalla, Baş Məclis də komitənin mövqeyini müdafiə edəcək. Ehtimalın ciddi olduğunu söyləməyə əsaslardan biri də Krıma görə Moskvaya qarşı sanksiyalar tətbiq edən ABŞ-ın beynəlxalq təşkilatlarda da Rusiyanı sıxışdırmağa, onun işğalçı kimi tanınmasına çalışmasıdır. Bu yerdə yada salaq ki, BMT Baş Məclisində BMT Təhlükəsizlik Şurasından fərqli olaraq Moskvanın qərarlara veto qoymaq hüququ yoxdur.
***
Azərbaycanın sözügedən sənədlə bağlı hansı mövqe sərgilədiyi barədə hələ ki informasiya verilmir. Ancaq bu presedent ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycan torpaqlarının da bir hissəsi işğal altındadır və bu işğalın həmmüəllifləri Ermənistan və həmin o Rusiyadır. İkinci yandan, belə presedent rəsmi Bakını analoji addım atıb, eyni nəticəyə nail olması üçün “yaşıl işıq” yandırır.
Doğrudur, indiyədək BMT TŞ Dağlıq Qarabağla bağlı 4 analoji qətnamə qəbul edib. Lakin onlar hələ də kağız üzərində qalır. Bununla belə, onlar ləğv də olunmayıb və Azərbaycana istənilən vaxt öz ərazilərini güc yolu ilə azad eləmək hüququ tanıyır.
Üstündən təxminən 23 il sonra BMT-nin öz mövqeyini yenidən təsbit edib təzə qətnamə qəbul eləməsi, ən azı, beynəlxalq birliyin Qarabağ məsələsində iradəsinin növbəti təsbiti kontekstində Azərbaycanın yalnız faydasına olardı. Çünki ötən zaman kəsiyində ATƏT-in Minsk Qrupu həmsədrləri BMT-nin onlara verdiyi mandatdan uzaq düşərək, faktiki, ermənipərəst mövqeyə yuvarlanıb, separatçılar üçün öz müqəddəratını təyinetmə ideyasını ortaya atıblar. Hətta prezident İlham Əliyevin açıqladığı kimi, bu yöndə Bakıya təzyiqlər etməyə başlayıblar.
BMT-nin yeni Qarabağ qətnaməsi bu üzdən onlar üçün “soyuq duş” effekti yarada, həmsədrləri bir növ əvvəlki ampluasına qaytarardı; onlara anladardı ki, Dağlıq Qarabağ ixtilafı yalınız BMT prinsipləri və beynəlxalq hüquq normaları, öncəliklə də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlana bilər. Yeni qətnamə bu xüsusda Ermənistanı bir daha işğalçı ölkə qismində təsbit eləməklə, vasitəçi dövlətləri də ona məhz bu cür baxmağa dəvət etmiş olardı.
***
Rusiyaya gəlincə, onun mötəbər beynəlxalq qurumlarda rəsmən işğalçı kimi tanınması əlbəttə ki, Azərbaycan üçün strateji baxımdan ikiqat önəm kəsb edir. Əsas səbəb deyildi - Rusiya Azərbaycan torpaqlarının şərikli işğalçısıdır, Ermənistanın arxasında duran əsas dövlətdir. Demək, ondan ədalətli və qərəzsiz vasitəçi çıxmaz. Xüsusən də Moskvanın son vaxtlar Ermənistanı sürətlə silahlandırmağa başlaması, ona müasir döyüş sistemləri verməsi və təcavüzkar ölkə ilə ortaq ordu birləşmələri yaratmağa başlamasından sonra ədalətli arbitr ümumiyyətlə, çıxmaz.
Hər necə olmasa, digər iki həmsədr ölkə - ABŞ və Fransa heç bir başqa ölkənin ərazisini ilhaq eləməyib və nə de-fakto, nə də de-yure işğalçı dövlət statusunda deyil. Bununla belə, vasitəçilik institutunda balansın İrəvanın xeyrinə pozulduğu acıq-aşkardır.
Odur ki, rəsmi Bakı bu balansı qardaş Türkiyənin hesabına bərpa eləmək, ədalətsiz sülh təkliflərini birdəfəlik rədd eləmək üçün indi heç vaxt olmadığı qədər əsaslara malikdir. Ermənistanın əsas hərbi-siyasi müttəfiqi Rusiyanın rəsmən işğalçı kimi tanınması bu əsasları yalnız gücləndirir, Bakının əlinə işləyir və Dağlıq Qarabağ məsələsində onun manevr imkanlarını və sözünün kəsərini artırır.