Güləni ABŞ-a aparan pilot danışdı — "Ona 3 sual verdim"

Güləni ABŞ-a aparan pilot danışdı — "Ona 3 sual verdim"

43 illik pilot təcrübəsi olan Necmi Ekici Fətullah Güləni ABŞ-a aparması ilə bağlı danışıb.

Ölkə.Az Türkiyə mətbuatına istinadən pilotun həmin günlə bağlı danışdıqlarını təqdim edir:

Pilot biznes sinfində uçan Fətullah Gülənin təyyarəyə gec gəldiyini bildirib.

"1999-cu ilin 21 martı idi. Fətullah Gülən ona xidmət edən bir gənclə təyyarəyə gəlmişdi. Onları bir polis əməkdaşı da müşayiət edirdi".

Pilot Güləni televiziyada gördüyünü və dərhal tanıdığını deyib.

Uçuş zamanı istədiyi an pilot kabininə gələ biləcəyini dedim. Necmi Ekici Fətullah Gülənin 3 saata yaxın onunla kabində söhbətləşdiyini bildirib:

"Ona 3 sual verdim - Türksən?, Atatürk düşmənisən? və Şəriət dövlətimi qurmaq istəyirsən? Özünəməxsus cavabları oldu. Türk olduğunu və Atatürkə düşmən olmadığını dedi".

Pilot söhbət zamanı Gülənin əllərinin böyüklüyünün diqqətini çəkdiyini və “Hocam, əlləriniz pəhləvan əllərinə bənzəyir. Kiməsə şillə vursanız, məhv olar” dediyini xatırlayıb.

Necmi Ekici daha sonra Gülənin ABŞ-a getməsinin səbəbi ilə bağlı söhbətləşdiyini qeyd edib.

"Ondan ABŞ-a niyə getdiyini soruşdum. O dedi ki, səhhətində problemləri var. Əsasən gözündən və böyrəyindən şikayətləndi. Niyə Türkiyədə müalicə olunmaq istəmədiyini soruşdum və bu sahədə Türkiyədə yaxşı həkimlərin olduğunu dedim. O isə yaxşı müayinə və müalicə olunmaq istədiyini bildirdi".

Pilot Fətullah Gülənin ABŞ-da çox qalmayacağını və müayinə olunub geri qayıdacağını dediyini bildirib.

"Hətta mən ona zarafatla ABŞ sənin kimisini tutsa çətin buraxar dedim. Səndən Türkiyə əleyhinə istifadə edib sonra buraxarlar".

Fətullah Gülənin pilota cavabı isə belə olub:

"Kapitan, ABŞ dünyanın idarəedicisidir".

Xatırladaq ki, həmin vaxt ABŞ-a gedən Fətullah Gülən bir daha Türkiyəyə geri qayıtmayıb.






Fikirlər