Sərkisyana ABŞ-dan zərbə - sülh prosesi də onun sonunu gətirir

Sərkisyana ABŞ-dan zərbə - sülh prosesi də onun sonunu gətirir

Düşmən ölkənin rejim başçısı çıxılmaz durumda; Ruhaninin İrəvan səfəri ərəfəsində erməni diasporunun fəal üzvü Bakı Platformasına qoşuldu; Tehran isə Qarabağ məsələsində növbəti riyakarlığa imza atdı - İran prezidenti Bakıda söylədiyini İrəvanda bəyanlamağa cürət etmədi 

 

İran prezidenti Həsən Ruhaninin Ermənistan səfəri ilə bağlı bədbin gözləntilər doğruldu. Ruhani İrəvanda saxta soyqırım abidəsini ziyarət edib qardaş Türkiyəni incitməyə cürətlənməsə də, bu yay Bakıda Dağlıq Qarabağla bağlı verdiyi bəyanatını Ermənistanda təkrarlamağa da ürəklənmədi, erməni dostlarını umsuq etmədi. Bu, əlbəttə ki, cənub qonşumuzun Qarabağ məsələsində növbəti riyakarlığıdır.
Xatırladaq ki, cənab Ruhani son Bakı səfəri zamanı İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan eləmişdi. Eyni sözü o, işğalçı ölkənin paytaxtında dilə gətirmədi, yalnız “münaqişənin hərbi yolla həlli yoxdur”, “konflikt beynəlxalq prinsiplər əsasında çözülməlidir” kimi ümumi, şablon ifadələrlə yetərləndi. Beynəlxalq prinsiplərə isə öz müqəddəratını təyinetmə haqqı da daxildir. 
Üstəlik, İrəvanda iki ölkə arasında imzalanan sənədlər, verilən ortaq bəyanat birbaşa Ermənistanın iqtisadi imkanlarını artırmaq, işğalçını tranzit ölkəyə çevirmək, nəticə etibarilə təcavüzkarı gücləndirmək, ayaqda saxlamaq məramından xəbər verir ki, bu da yüzdə yüz Azərbaycanın əleyhinə olan anlaşmalardır. Bunun  üstündən Ruhaninin İrəvanda “Azərbaycan da bizə dost ölkədir” deməsi ikinci bir siyasi riyakarlıqdır.
Image result for Ruhani Sərkisyan
Beləcə, özünü müsəlman dövləti sayan İran müsəlman torpaqlarını üçüncü on ildir işğal altında saxlayan Ermənistanı gücləndirməyə çalışmaqla, faktiki, işğal rejiminin uzanmasına yardım edir. İranın “müsəlman düşməni” elan elədiyi İsrail isə tam əksinə - Azərbaycan ordusuna modern silahlar verməklə, ölkəmizin hərbi qüdrətini artırmaqla faktiki, müsəlman torpaqlarının azad olunmasına çalışır. 
İndi bu, müsəlman-şiə İranın bizə - müsəlman-şiələrə münasibəti, bu da qeyri-müsəlman ölkənin yanaşması. Elə isə nədən biz yəhudi dövləti ilə əməkdaşlığımızı daha da dərinləşdirməyək? Sual ortaya çıxır, İran nə vaxt Ermənistanı təcavüzkarı adlandırdı, işğal rejiminin bitməsinə hansı töhfəni verdi ki, biz onu İsraildən üstün tutmaq üçün əsaslara malik olaq?
Image result for Sərkisyan
***
Bu arada İranın qucaq açdığı işğalçıya qarşı Azərbaycanın başlatdığı hibrid savaşı uğurla davam edir. Özü də növbəti uğur məhz Ruhani İrəvanda ikən qeydə alınıb. ABŞ-dakı erməni diasporunun nümayəndəsi, ictimai fəal Anait Sinanyan 2016-cı ilin noyabrında Azərbaycan və Ermənistan aktivistlərinin təşəbbüsü ilə qurulan “Ermənistan və Azərbaycan arasında sülh üçün platforma”nı (Bakı platforması) imzalayıb.
Image result for Anait Sinanyan
Anait Sinanyan hazırda Nyu-Yorkda yaşayır. O, hüquqşünaslıq sahəsində mütəxəssis olub, Ermənistanın ABŞ səfirliyi önündə siyasi dustaqların hüquqlarının müdafiəsi ilə bağlı aksiyalarda iştirak edib. Ermənistan və erməni diasporundan olan bir çox ictimai fəallar kimi, o da Qarabağ münaqişəsinin  Azərbaycanın ərazi bütövlüyü əsasında nizaamlanmasının tərəfdarı olduğunu bildirib (haqqin.az).
Yada salaq ki, Sinanyana qədər Bakı bəyannaməsinə altı erməni ictimai xadimi və fəalı - Vaha Avetyan, Vahan Martirosyan, Süzan Caginyan, Lisine Nersesyan, Armen Virabyan, son olaraq isə Ukraynada yaşayan Aram Karapetyan imza atıblar. Bununla da sənədə qoşulan erməni fəalların sayə 7-yə çatıb. Diqqətçəkicidir ki, onların arasında Dağlıq Qarabağ yaşayan erməni və diasporunun üzvləri də var.
***
Ötən saylarımızda yazdığımız kimi, öz xalqını qorxu-ürkü altında saxlayan Sərkisyan rejiminin təbliğat maşınına başqa bir zərbəni Belarus vura bilər. Söhbət Dağlıq Qarabağa qanunsuz səfərlər etdiyinə və separatçı rejimi təbliğ etdiyinə görə barəsində cinayət işi qaldırılan, Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Belarusda həbs olunan bloqqer Aleksandr Lapşinin ölkəmizə gözlənilən ekstradisiyasından gedir. Baş tutarsa, o zaman bu, Qarabağ münaqişəsi tarixində ilk belə insident, separatçı rejimin təbliğatçılarına isə ciddi görk və xəbərdarlıq olacaq.
Image result for Lapşin
Bəllidir ki, Lapşin haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Az sonra xəbərlər yayıldı ki, onun yəhudi əsilli olması və İsrail vətəndaşlığı da daşıması səbəbilə İsrail XİN hərəkətə keçib və ekstradisiyanı əngəlləməyə çalışır. Ümid edək ki, beynəlxalq hüquqa sayğılı yanaşan yəhudi dövləti işin mahiyyətini nəzərə alıb da çox dərinə getməyəcək, inkişafda olan əlaqələrimizə xələl gətirəcək xahiş-minnətlərdə bulunmayacaq. 
Axı hər bir dövlətin intizamlı təbəələri kimi, sapqın, cinayətkar vətəndaşları da olur. Lapşin yalnız o halda əfv oluna bilər ki, öz hərəkətlərindən peşmançılıq hissi keçirdiyini bildirsin, Azərbaycan xalqından üzr istəsin və ölkəmizin ərazi bütövlüyünü tanıdığını bildirsin. Yoxsa Ermənistanı işğalçı saymayan Həsən Ruhani ilə separatçı rejimi təbliğ edən yəhudi Lapşin arasında nə fərq oldu ki?..






Fikirlər