Erməni lobbisi Bakının şansına qarşı – düşmən tərəf Makrona YOL AXTARIR
Azərbaycanın əleyhdarları hərəkətə keçdi; Fransa prezidentliyinə ən şanslı namizədin ətrafında erməni lobbistləri peyda olub; Ollandın potensial xələfi Qarabağdan danışdı və... düşmən ölkəyə reverans etdi – səbəb; Fransa prezidenti ermənipərəst olmaya bilərmi?.. Fransadakı prezident seçkilərində Dağlıq Qarabağ məsələsində anti-Azərbaycan mövqeyi tutan iki qatı ermənipərəst namizəddən biri - Fransua Fion seçki marafonundan kənarda qaldı. Ultrasağçı Mari Le Pen isə ikinci ən çox səs alaraq növbəti, yekun tura çıxa bildi. Artıq məlumdur ki, mayın 7-də o, birinci turun qalibi Emmanuel Makronla yarışacaq. Əksər siyasi müşahidəçilərə görə, Makron seçkilərin ikinci turundan qalib ayrıla biləcək. Çünki 1-ci turdan keçə bilməyən namizədlərin əksəriyyəti, o cümlədən həmin o ermənipərəst Fransua Fion öz tərəfdarlarını Makronu dəstəkləməyə çağırıb. 39 yaşlı ən potensial namizədin qələbəsi isə Avropa Birliyinin, bütövlükdə Qərbin də marağındadır. Həmçinin Azərbaycan üçün ən məqbul namizəd-siyasətçinin məhz E. Makron olması haqda rəylər var. Ancaq təbii ki, bu, nəzəri cəhətcə belədir. Doğrudur, Fiondan və Le Pendən fərqli olaraq Makron Dağlıq Qarabağ məsələsində indiyədək açıq ermənipərəst mövqe ortaya qoymayıb. Nə Mari Le Pen kimi “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin” vacibliyini dilə gətirib, nə də F.Fiyonsayağı “Stalin 1921-ci ildə Dağlıq Qarabağı zorla Ermənistandan qoparıb Azərbaycana verdi” söyləyib. Bununla belə, etiraf edək ki, o da həlledici turda ölkədəki erməni seçicilərin səsini almaq üçün yəqin ki, ermənilərin xoşuna gələn açıqlamalar, vədlər vermək, təbliğati gedişlər etmək zorundadır. Deyəsən, artıq başlayıb da. Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumata görə, srağagün Parisdə saxta erməni soyqırımı abidəsini ziyarət edərkən Emmanuel Makron uydurma məsələnin inkarına görə cəza nəzərdə tutan qanunun qəbulu yönündə işləri davam etdirməyin zəruriliyini qeyd edib. Makron onu da deyib ki, prezident seçilərsə, Qarabağ konfliktinin həlli üçün əlindən gələni edəcək. “Lakin özünüz də bilirsiniz ki, butəkbaşına çözülən məsələ deyil”, - deyə o, ermənilərə xitabən bildirib.
O da diqqətçəkicidir ki, ziyarət zamanı onu Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədrləri Murad Papazyan və Ara Toranyan müşayiət ediblər. Yəni belə görünür ki, artıq imkanlı erməni lobbisi Makronu da öz “qayğısı” altına almağa girişib. Bu, gözlənilən olmaqla yanaşı, əlbəttə ki, Azərbaycan üçün xoşagələn gəlişmə deyil. Eyni zamanda Bakıya neqativ bir siqnaldır. Hər halda, Fransadakı türk və Azərbaycan lobbisi bu nüansları ciddiyə alıb gərəkən ortaq addımlar atsa, yaxşı olar. *** Bu yerdə yada salaq ki, indiki prezident Fransua Ollandın dönəmində, həm də elə Ollandın birbaşa təşəbbüsü ilə uydurma məsələnin kriminallaşmasına iki dəfə ciddi səy göstərilib. Lakin hər dəfə Fransa Ali Konstitusiya Şurası qanunu ifadə azadlıqlarına ziddi sayaraq təsdiqləməyib. Əgər Makron da eyni yolu gedəcəksə, bu, şübhəsiz ki, nəinki Fransa-Türkiyə, eləcə də Fransa-Azərbaycan əlaqələrinə neqativ təsirlər buraxacaq.
Qarabağ məsələsində Makron hələ ki Azərbaycan əleyhinə açıqlamaları ilə yadda qalmasa da, aydındır ki, onun Olland kimi saxta erməni məsələsində Fransa ermənilərinin mövqeyinə yuvarlanması Dağlıq Qarabağ məsələsində rəsmi Parisin mövqeyinə də sirayət edəcək. Çünki Türkiyəyə qarşı həqarət Azərbaycan qarşı da həqarət deməkdir və Qarabağ məsələsinə yansımaya bilməz. Odur ki, Makronla bağlı böyük illüziyalar qurmağa da ehtiyac yoxdur. Söhbət sadəcə, mayın 7-də Azərbaycan üçün “iki pisdən ən yaxşısı”nın seçilməsindən gedir. Bu “yaxşı” isə hələlik Emmanuel Makrondur. *** Bu arada səlahiyyət müddəti başa çatmaqda olan indiki prezident Fransua Olland Qarabağla bağlı mövqeyini bir daha açıqlayıb. Olland bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur. Bunu o, qondarma “erməni soyqırımı”nın 102-ci ildönümünə həsr olunmuş anım mərasimində çıxışı zamanı deyib. “Bu münaqişə hər il gənc insanların həyatına son qoyur. Son zamanlar münaqişə daha da kəskinləşib, tez-tez hücumlar baş verir. Düzdür, tərəflər 23 ildən çoxdur ki, danışıqlar aparır, lakin biz gərək məsələnin həllini tapaq, çünki status-kvo qəbuledilməzdir. Bu münaqişənin hərbi həlli yoxdur”, - Fransa dövlət başçısı qeyd edib. Ölkəsinin danışıqlar prosesində cəlb olunduğunu xatırladan Ollandın sözlərinə görə, Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransa məsələnin həllinin tapılmasına can atır.
Lakin rəsmi Parisin Olland dönəmində buna necə can atdığını gördük. Prezidentliyinin sonuna yaxın Fransua Olland ermənilərlə görüşdə “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədərək və beynəlxalq hüququ, BMT qətnamələrini unudaraq, konfliktin həllinin bölgə ermənilərinin öz müqəddəratını təyinetmə haqqının tanınmasından keçdiyini bəyan elədi. Bəs onun ən potensial xələfi - Makron da eyni yolu gedəcəkmi? Bir şey qalmayıb. Yalnız onu əlavə eləmək qalır ki, Fransa yaxşı ki, Qarabağ məsələsində həlledici söz sahibi deyil. Hərçənd həlledici söz sahibi olan Rusiya da məsələdə Azərbaycanın maraqlarına cavab verən mövqe sərgiləmir. Ancaq bu, ayrı yazının mövzusudur.