Azərbaycanın hər yerində, eləcə də soydaşlarımızın kompakt yaşadıqları xarici ölkələrdə 28 May Respublika Günü münasibəti ilə silsilə tədbirlər və konfranslar keçirilir. Söhbət etdiyimiz müsahiblərimiz 28 May Respublika Gününün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün fəxarət və qürur günü olduğunu bildirdilər.
Millət vəkili Aydın Mirzəzadə:
- 28 May Respublika Günü harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün fəxarət və qürur günüdür. Çünki 100 illik fasilədən sonra Azərbaycan xalqı özünün müstəqil dövlətçiliyini əldə etdi, taleyini özü həll etmək imkanını qazandı. Dövlət quruculuğuna başlanıldı, müstəqil dövlətin beynəlxalq aləmdə tanınması üçün ciddi fəaliyyət göstərildi. Ordu quruculuğuna başlanıldı ki, bu da erməni millətçilərinin tarixi Azərbaycan torpaqlarına iddialarının qarşısının alınmasına imkan verdi. Vətəndaşların maariflənməsi üçün ciddi addımlar atıldı. Amma çox təəssüflər olsun ki, həmin dövr Azərbaycan xalqı müstəqilliyə hazır olsa da, hələ zaman və şərait buna hazır deyildi. Yenidən Azərbaycan işğal olunub başqa bir dövlətin tərkibinə qatıldı. 1918-1920 illərin şərəfli tarixi bizə müstəqilliyimiz uğurunda mübarizə aparmaq üçün yeni bir qüvvə verdi. Bu isə 1991-ci ildə müstəqilliyimizin bərpasına gətirib çıxartdı. Ancaq hakimiyyətdə olanların səriştəsizliyi müstəqilliyimizi çox böyük bir təhlükə altına qoydu. 1993-cü ilin 15 iyunda Ulu Öndər Heydər
Əliyevin hakimiyyətə gəlişi ilə bizim müstəqillik tarixi yenidən yazılmağa başladı. Artıq 1993-cü ildən 24 il keçib ki, biz Azərbaycanın müstəqilliyini möhkəmləndiririk və hər bir vətəndaş bundan qurur hissi duyur. Şübhəsiz ki, indiki müstəqil Azərbaycan dövləti Azərbaycan Demokratik Respublikasının şərfli davam edicisidir. Bizim müstəqilliyimiz əbədidir, dönməzdir və heç bir zaman biz müstəqilliyimizin yenidən itirilməsinə imkan verməyəcəyik.
Siyasi şərhçi Azər Həsrət:
- 28 May Respublika Günü Azərbaycanın şərəf tarixidir. Yəni 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 99 il bundan əvvəl, bizdən öncəki insanlar Şərqdə ilk demokratik cümhuriyyəti qurmaqla Azərbaycan tarixinə çox fərqli bir məqamı yazmış oldular. Azərbaycan xalqı 99 ildən sonra da həmin günlə fəxr edərək qürur duyur. 28 May Respublika Günü də Azərbaycanda ən yüksək səviyyədə qeyd olunur. Prezident İlham Əliyev tədbirdə çıxışında da bunu ayrıca vurğuladı. Azərbaycan dövlətinin müstəqilliyinin əsasını, məhz 1918-ci ildə qoyulduğunu xüsusi olaraq, respublika idarəetmə üsulunun o gün tətbiq olunması ilə bağlı məqamlar bizim üçün müstəsna əhəmiyyət kəsb edir. Bir sözlə, bu gün bizim üçün çox böyük qürur və fəxarət günüdür.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli:
- Azərbaycan Prezidenti İlham Əliyevin məşhur fikri var: "Azərbaycan ən ümdə tarixi nailiyyətlərini özünün müstəqilliyi dövründə qazanıb". Bu baxımdan, deyə bilərik ki, müstəqillik həm qürur mənbəyimizdir, həm də tarixi nailiyyətlərimizin stimulvericisidir. Azərbaycan müstəqilliyinin 26 ili dövründə 200 il ərzində keçilə biləcək yol qət edib. Təkcə bu faktın özü müstəqilliyin nə qədər önəmli olduğunu dəyərləndirmək üçün yetərlidir. Digər yandan, dünyada
2 mindən artıq millət və etnos olsa da, bunlardan yalnız 200-ə qədəri dövlət yarada bilib. Azərbaycan xalqı da bu 200-ün tərkibindədir. Qürur hissi keçirmək üçün bundan böyük dəyər ola bilməz.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru İlqar Orucov:
- Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin yaranması günü olan 28 may xalqımızın tarixinin və şanlı qürurverici günü və milli bayramıdır. Haqlı olaraq bu gün xalqımızın 99 il öncə əsası qoyulmuş tarixi hadisə ilə öyünməyə, qürurlanmağa haqqı vardır. Azərbaycan xalqının igid oğulları müstəqillik və azadlıq uğrunda illərlə ürəklərində gəzdirdiyi arzunu, məhz 28 may 1918-ci ildə gerçəkləşdirə bildilər. Ümummilli Lider Heydər Əliyev hər zaman müstəqil Azərbaycanı 1918-ci ildə yaradılmış cümhuriyyətin hüquqi varisi hesab edirdi. Üçrəngli bayrağımız da, şanlı himnimiz də həmin tarixin yadigarlarıdır və hazırkı məqamda, hesab edirəm ki, hər dəfə himnimiz səslənəndə, bayrağımız dalğalananda cümhuriyyət qurucularının ruhları da şad olur. Hazırda müstəqil dövlətimiz bütün sahələrdə inkişaf etmiş və regionda lider dövlətə çevrilmişdir. Bununla da, dünya dövlətləri içərisində yerini möhkəmləndirmişdir. Bütün bunlar dövlətimizin sarsılmaz, əbədi olmasını şərtləndirir və əminəm ki, xalqımız var olduqca 28 mayda elan edilmiş milli dövlətimizin hüquqi varisi olan müstəqil dövlətimiz - Azərbaycan Respublikası da var olacaq, tarixlər dəyişəcək, nəsillər dəyişəcək, amma 28 May - Respublika Günümüz dəyişməyəcək.