“Lapşin işi” məhkəmədə - Bakı və Moskva üçün yeni SINAQ
Rusiya vətəndaşlığı olan bloggerə veriləcək hökm iki ölkə arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək; bu həbsə ÜAK-ın ləğvi ilə reaksiya verən şimal ölkəsi cəzanın ağır olacağı təqdirdə nə edə bilər? Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin barəsində başlanmış cinayət işinin materialları baxılmaq üçün məhkəməyə göndərilib. “Trend”in əldə etdiyi məlumata görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun icraatına verilib. Yaxın günlərdə iş üzrə məhkəmə prosesinin hazırlıq iclasının vaxtı müəyyən ediləcək. İttihama görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.
Azərbaycan Baş Prokurorluğunun məlumatında isə bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülüb. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.
Qeyd edək ki, A.Lapşin bir müddət əvvəl səhhəti ilə bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət edib. O, təcridxana nəzarətçilərinin müşayiəti ilə Bakıdakı özəl klinikalardan birinə aparılıb və orada müayinə olunub. Müayinə zamanı ona “ürəyin taxikardiyası” diaqnozu qoyulub. Müayinələrdən sonra Lapşin təcridxananın tibb məntəqəsinə köçürülüb. Lapşinin həbsindən ən çox narahat olan Rusiya olub ki, bu aylar ərzində XİN rəsmiləri səviyyəsində bu məsələyə münasibət bildirilib. Rusiya tərəfi bu həbsə dəfələrlə qıcıqlı reaksiyasını gizlətməyib də. Ümumiyyətlə, bu həbsdən sonra Rusiya-Azərbaycan münasibətlərində bir gərginlik sezilməkdədir. Məsələn, Ümumrusiya Azərbaycanlılar Konqresinin qeydiyyat probleminin yaranmasının ötən ilin dekabrında-Lapşinin Azərbaycanın açdığı cinayət işi əsasında Belarusda tutulmasından sonra başlaması maraq doğurmaya bilməz. Mayın 15-də Rusiyanın Ali Məhkəməsinin Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğvinə dair iddiasını təmin edərək müvafiq qərar çıxarmasının da “Lapşin işi”nə görə olması iddiaları var. Aydındır ki, başlayacaq məhkəmə prosesi və sonda çıxarılacaq qərar iki ölkə arasında münasibətlər üçün yeni sınaq ola bilər.
Lapşini ittiham olunduğu 281-ci maddə üzrə 5 ildən 8 ilədək, 318-ci maddə üzrə isə 5 ilədək həbs cəzası gözləyir. Cinayət Məcəlləsinin 66-cı, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi maddəsi tətbiq edilməklə qeyd etdiyimiz cəzalar tam və ya qismən toplanmaqla hökm verilə bilər. Tam toplandıqda 13 il, qismən toplandıqda minimum 5 il müddətinə həbs cəzası veriləcək. Bundan başqa, hökm verilərkən Cinayət Məcəlləsinin 62-ci, daha yüngün cəza təyin edilməsi maddəsi təyin ediməklə 5 ildən də az həbs verilə bilər. Həmçinin məcəllənin 70-ci maddəsinin tətbiqi mümkün olan şəxslər dairəsi qeydi müəyyən olduğu və hər hansı məhdudiyyət olmadığı üçün Lapşinə bu maddə tətbiq edilə bilər və o, şərti cəza alaraq azadlığa buraxıla bilər.
Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib.