TRAMPIN QƏFİL TƏBRİKİ və “ƏCƏL ZƏNGİ” – “İŞĞALÇI QARABAĞI itirəcək...”
Baş nazir dəyişikliyindən sonra Ermənistan uğrunda ABŞ-Rusiya rəqabəti daha amansız mərhələyə keçir; Rusiya nəşri Qarabağla bağlı İrəvana pis müjdə verdi və Nikol Paşinyanı “ABŞ-ın əlaltısı” adlandırdı: “Qərb ermənilərə böhran hazırlayır...” Mayın 14-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın yeni baş naziri Nikol Paşinyan ilk dəfə bir araya gəldilər. Maraqlıdır ki, bundan cəmi bir gün sonra ABŞ prezidenti Donald Tramp N.Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik edib. Ağ Ev başçısının təbrik məktubunda “ikitərəfli maraq kəsb edən müxtəlif sahələr, o sırada ticarət əlaqələri, demokratiya, regional təhlükəsizlik məsələlərdə birgə fəaliyyətin güclənəcəyinə ümid ifadə edilir, eyni zamanda korrupsiya ilə mübarizə və Dağlıq Qarabağ münaqişəsinin dinc həllinin bu səylərə kömək ola biləcəyini vurğulanır. Erməni KİV-i isə Trampın məktubu ilə bağlı diqqəti ən əvvəl bu faktın unikallığına cəlb edib. “ABŞ prezidenti səviyyəsində Ermənistanın başçısı az qala, ilk dəfə təbrik edilir. Hər necə olmasa, ötən 2 onillikdə belə təbrik olmayıb. Maksimum Dövlət Departamenti səviyyəsində gəlib. Beləcə, Paşinyan bu günədək onun sələflərinə qismət olmayan bir şeyi - xalqın dəstəyini və dünyadakı yeganə fövqəldövlətin təbrikini alıb”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə lragir.am nəşrindəki məqalədə deyilir. Lakin sevinməyə əslində əsas yoxdur. Əksinə, indiyədək görünməmiş bu “nadir” təbrik “işğalçı Ermənistan üçün yeni və daha fəlakətli dönəmin - Ermənistan uğrunda ABŞ-Rusiya rəqabətinin açıq müstəviyə keçmək üzrə olmasının xəbərçisi də ola bilər. Bir növ ”əcəl zəngi" yəni... ***** Yada salaq ki, Paşinyanı baş nazir postunda ilk təbrik edən V.Putin olub - hərçənd, hətta Soçi görüşündən, yeni erməni baş nazirin vədləri və sədaqət andından sonra da Rusiyada Paşinyana dərin etibar yaranmayıb. Rusiya KİV-də hələ də davam edən şərhlərdən aydın olan qənaət belədir ki, onu Ermənistanın Saakaşvilisi olmaq istəyən gizli qərbçi kimi qəbul eləməkdə davam edirlər.
Bu xüsusda Trampın N.Paşinyana təbrikinin Soçi görüşündən dərhal sonraya təsadüf eləməsi təsadüfə az oxşayır. Bunu haradasa Amerikanın Rusiyaya “Paşinyanı heç də özününkü bilmə, o bizim uşaqdır” şəklində incə çatdırışı saymaq mümkündür. Hər necə olmasa, işğalçı ölkədəki məlum küçə hərəkatının əsas sponsorunun Amerika olduğuna artıq az adam şübhə edir. Bunu Paşinyanın kadr təyinatlarından da görmək olar. O, artıq açar vəzifələrə (baş nazirin müavini, xarici işlər, müdafiə, ədliyyə nazirləri və s.) qərbyönlü kadrları gətirib. Hətta iqtisadi məsləhətlər almaq üçün ABŞ-dan mütəxəssis - Daron Acemoğlunu dəvət edib. Bütövlükdə Serj Sərkisyanın köhnə hökumətindəki qarabağlıları “amerikalılarla” əvəzləyib. “Amerikanlaşma” hələ bitməyib və Moskvada yəqin ki, bunun fərqindədirlər. *****
“Nikol Paşinyan baş nazir olandan sonra öz publik çıxışlarında rusofobiyanı nəzakətlə əvəzlədi, söz verdi ki, Rusiya ilə əməkdaşlığı gücləndirəcək. Ancaq Amerikanın əlaltısı bunu necə edəcək? Falçıya getməyə gərək yox - Ermənistan mütləq Qərb təsiri altına keçəcək və Rusiya ilə münasibətləri korlayacaq. Bəs Moskvanın dəstəyi olmadan bu balaca Qafqaz respublikasını nə gözləyir? Yaxşı heç nə”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Rusiyada nəşr olunan “Ekspress qazeta” (təsisçisi “Komsomolskaya Pravda” nəşriyyat evidir) yazıb. Məqalədə daha sonra deyilir: “Amerikalılar Ermənistanda uğurlu şəkildə və çox sürətlə növbəti ”maydan" həyata keçirdilər. Cəmiyyətdə süni şəkildə etiraz ovqatını gücləndirdilər, İrəvanda etiraz aksiyaları təşkil elədilər və yekunda baş nazir Serj Sərkisyanın istefasına nail oldular. Bəli, Paşinyan indi ritorikanı dəyişib və yalan danışmağa başlayıb. Guya Rusiya ilə normal əlaqələr qurmağa hazırlaşır. İnanmayın".
Daha sonra müəllif Nikol Paşinyanın müxalifətdəki mövqeyinə və bəyanatlarına diqqət yönəldərək yazır: “Axı bu, həmin Paşinyandır ki, daima hökumətdən kremlyönlü kursu dəyişməyi tələb edir, parlamentdə Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması prosesini işə salmağa çağırırdı... Təəssüf ki, Ermənistanın yaradılmasında Rusiyanın nələr elədiyini, hansı fəallığı göstərdiyini indi az adam xatırlayır (bu yerdə müəllif XIX əsrdə İran və Türkiyə ermənilərinin kütləvi şəkildə türk torpaqları olan İrəvan quberniyasına və Qarabağa köçürülməsini yada salır - red.) Ermənistan indi zindan və çəkic arasında olan bir durumda - əbədi düşmənləri Türkiyə və Azərbaycanın arasındadır. Əgər Rusiya regiondan getsə, ola bilsin, Ermənistan Yer üzündən silinməsin, Qərb imkan verməz, amma Dağlıq Qarabağı o itirəcək”. Məqalənin sonunda ermənilərə başqa bir xəbərdarlıq yer alıb: “Cənubi Qafqazda müharibəni qızışdırmaq üçün Qərb ermənilərə siyasi böhran hazırlayıb. Axı ABŞ-ın versiyasına görə, Rusiya konfliktdə ermənilərə dəstək verəcək, azərbaycanlılar isə Türkiyədən kömək istəyəcək. Nəticə etibarilə ”Türk axını" və Suriya məsələsində Ankara-Moskva əməkdaşlığını unutmaq lazım gələcək". ***** Yəni nəşr əslində bununla ermənilərə mesaj vermək istəyir ki, Amerikanın vədlərinə, ssenarilərinə uymayın, müharibə variantında Rusiya ermənilərə görə Türkiyə və Azərbaycanla münasibətləri korlamaya da bilər və işğalçını Azərbaycanla baş-başa qoyar - ələlxüsus müharibə Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri daxilində gedəcəksə...