Kremlin “qara qitə”dəki qara niyyətləri: Silah, uran və neft... və Orxan Camalın QƏTLİ...
"AzerTaym.az" bildirir ki,bu yazını Musavat.com-un əməkdaşı ötən ayın 15-də qələmə alıb. O zaman tanınmış filosof Heydər Camalın oğlu Orxan Camal sağ idi və bu yazıda sözü gedən Mərkəzi Afrika Respublikasına getmək, bu yazıda bəhs edilən mətləbləri araşdırmaq istəyirdi. Məlum olduğu kimi, dünən onu və həmkarlarını MAR-da qətlə yetiriblər. Musavat.com bu yazının aktuallığını nəzərə alaraq, onu yenidən oxucularına təqdim edir. **** Rusiya keçmiş SSRİ dövründə olduğu kimi, Afrikada yenidən söz sahibi olmaq niyyətini hər il yeni addımlarla gerçəkləşdirməkdədir. Bununla bağlı Qərb mətbuatında həyəcan dolu yazıların ardı-arası kəsilmir. Almaniyanın Kreml haqqında tənqidi yazıları ilə seçilən “Handelsblatt” qəzetinin yazarı Mattias Brüqman Kremlin “qara qitə”dəki qara niyyətləri və hədəfləri ilə bağlı yeni faktları göstərən yazı qələmə alıb. Müəllifin yazdığına görə, bu il mart ayının sonunda Mərkəzi Afrika Respublikasında keçirilən hərbi paradda Rusiyanın ən yeni “Ural” tankları nümayiş etdirilib. Özü də hazırda nə beynəlxalq sanksiyalar altında olan Mərkəzi Afrika Respublkasının (MAR) prezidenti Fosten-Arşanj Tuaderin, nə də Rusiyanın həmin T-72 tanklarını alıb-satmağa beynəlxalq icazəsi yoxdur. Prezident Tuaderə hətta silahlı cangüdənlər gəzdirmək belə, qadağan olunub. Onu Rusiya və Ruanda hərbçiləri qoruyur. Rusiya burada Moskvadan gətirilən təlimçilərin köməyi ilə xüsusi hərbi hissə yaradıb. Bundan başqa, Moskva BMT-dən bu ölkəyə yüngül silahların, avtomat, minaatanların ixracı üçün lisenziya almağa müvəffəq olub. Məqalədə yazıldığı kimi, Rusiyanın silah ixracatının 13%-i Afrika qitəsi ölkələrinə aiddir. Silah bazarından əlavə Moskva burada neft, qaz və zəngin uran yataqları ilə ciddi surətdə maraqlanır. Afrika Rusiyanın geridə qalmış sənayesi üçün hələ də ciddi bazar sayılır. Ona görə ki, Rusiyanın əlindəki maşın və avadanlıqları Avropaya satmaq imkanı demək olar ki, yoxdur. Rusiya Afrika ölkələrinə ilk öncə Kremlin nəzarətində olan “VTB”, “Promsvyazbank”, “Qazprombank” kimi maliyyə quruluşları ilə girib. “Roseksimbank” Afrikada qaz kəmərlərini, habelə digər infrastruktur layihələrini dəstəkləyir. Afrikada Rusiyanın “Rosatom” konserni olduqca aktivdir. Bu şirkətin təkcə Uqandada çıxardığı uran Rusiyadakından da çox ola bilər. Bundan başqa Rusiya burada atot elektrik stansiyası inşa etməyi hədəfləyir. Afrika qızılının “qayğısına” isə Moskvada “Putinin aşpazı” kimi tanınan, oliqarx Yevgeni Priqojin qalır. Onun “M İnvest” şirkəti Sudan və MAR-da qızılın çıxarılması üzrə lisenziya əldə edib. Özü də bu layihələrin hamısının təhlüəsizliyi Ukrayna, Liviya və Suriyada “acı şöhrət” qazanmış “Vaqner” qrupu adlı özəl sayılan, amma əslində Kremlin nəzarətində olan hərbi qruplaşma tərəfindən təmin edilir. Afrikanın bir çox bölgələrində isə Rusiyanın nizami ordusu da var. Rusiya Konqodan tutmuş, Cənubi Sudan və ya Darfura qədər BMT-nin “mavi dəbilqəli”lərinin əməliyyatında iştirak edir. Cənubi Afrika Respublikasının “Signal Rask” konsaltinq şirkətinin direktoru Ronak Qopaldasın sözlərinə əsasən, Rusiyanın Afrikadakı iştirakı enerji diplomatiyası ilə hərbi iştirakın kombinasiyası əsasında qurulmuş, sərt güc siyasətindən başqa bir şey deyil. P.S. MAR-a araşdırma aparmağa getmiş hyrnalistlərin qətli ilk növbədə ondan xəbər verir ki, bu ölkədəki real vəziyyət barədə dünyanın xəbər tutmasını istəməyənlər var və onlar hər cür cinayətə əl atmağa hazırdırlar.