“AZƏRENERJİ”yə 48 milyon manat AYIRILDI...
Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb. “Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchiz olunmasında və ölkənin elektrik enerjisi sistemində xüsusi yer tutan “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması, infrastrukturunun təkmilləşdirilməsi, “Azərbaycan” İstilik Elektrik Stansiyasında və yarımstansiyalarında əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48 milyon manat ayrılıb. Xatırladaq ki, bu il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş vermiş qəza nəticəsində Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranmış, faktla bağlı cinayət işi açılmışdı. Prezident İlham Əliyevin 4 sentyabrda imzaladığı sərəncamla “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev vəzifəsindən azad edilmiş, yerinə Balababa Rzayev gətirilmişdi.