Mədəniyyət naziri Əbülfəs Qarayev maliyyə naziri Samir Şərifovun Milli Məclisdə kino sahəsində səmərəli mexanizm olmadığı və bu səbəbdən son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasının məhdudlaşdırıldığı barədə çıxışına məqalə ilə cavab verib.
Ə.Qarayev rəsmi mətbuatda dərc olunan "Milli mədəni intibahın parlaq üfüqləri” məqaləsində yazıb ki, bu il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan kinosunun 120 illiyi geniş şəkildə qeyd olunur.
Mədəniyyət naziri iddia edib ki, ötən dövrdə zəngin mədəniyyət salnaməmizə parlaq səhifələr yazan Azərbaycan kinosu müstəqillik dövründə yeni inkişaf mərhələsini yaşayır:
"O cümlədən son 15 ildə milli kinematoqrafiya mühüm yol qət edib. Ölkə rəhbəri tərəfindən "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən keçən müddət ərzində 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 200-dən çox sənədli, 20-dən çox cizgi filmi çəkilib. Kinoda gənclərə geniş meydan açılıb, 60-dan çox rejissor özünün ilk ekran əsərini çəkib. Son dövrdə çəkilən filmlərimiz 50-dək ölkədə beynəlxalq festivallarda iştirak edib, təkcə ötən il 15 filmimiz 20-dək beynəlxalq festivalda mükafata layiq görülüb. Son illərdə "Azərbaycanfilm” kinostudiyasında, həmçinin Bakı Media Mərkəzində milli tarixi yaddaşın bərpasına, Azərbaycanın ictimai-siyasi həyatına, görkəmli şəxsiyyətlərə həsr olunan qiymətli bədii və sənədli ekran əsərləri ərsəyə gətirilir. Bu qəbildən filmlərin ölkəmizlə yanaşı, xaricdə də təqdimatları keçirilir. Kino irsinin qorunması, filmlərin nümayişi sahəsində də mühüm işlər görülür. 2009-cu ildə istifadəyə verilən Dövlət Film Fondunun binası texniki imkanlarına görə dünyada ən müasir kino-arxiv müəssisələrindəndir. Əsaslı yenidənqurmadan sonra 2011-ci ildə Bakıda Nizami Kino Mərkəzinin istifadəyə verilməsi ilə müasir səviyyəli kino prokatının əsası qoyulub. Dövlətin bu sahədə nümunə olan addımından sonra müasir tələblərə uyğun özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlayıb”.
Qeyd edək ki, maliyyə naziri S. Şərifov ötən həftə büdcə müzakirələri zamanı kino sahəsinə vəsait ayrılmaması barədə sualı cavablandırarkən deyib ki, son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırıblar:
"Halbuki, əvvəllər bu istiqamətdə ildə 8 mln. manata yaxın vəsait ayrılırdı. Mən də kino sənayesinin inkişafının tərəfdarıyam. Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada keyfiyyətyönümlü dəyişiklik baş verməlidir. İndi deyirlər ki, 1,5 mln. manata kino çəkmək çətindir, amma çəkilir. Burada bir sistem olmalıdır. Dövlət büdcəsinin ehtiyat imkanları var. Daha səmərəli mexanizm yaradılarsa, bu, yüksək keyfiyyətə malik kino əsərlərinin ortaya çıxmasına xidmət edəcək bir proqramın ərsəyə gəlməsi ilə nəticələnməlidir. Son 1-2 ildə özəl sektor tərəfindən bir neçə kino əsəri ərsəyə gətirilib. Bu da onu göstərir ki, söhbət təkcə puldan getmir”.
Bakupost