PREZİDENT DOST agentliyi ilə bağlı FƏRMAN İMZALADI

Prezident DOST agentliyi ilə bağlı fərman imzaladı

Azərbaycan prezidenti İlham Əliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) nizamnamə fondu 10 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır, Agentliyin aparatının işçilərinin say həddi 312 ştat vahididir.  
"DOST” mərkəzləri işçilərinin say həddini, onların göstərdiyi xidmətlərin həcmi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.
DOST Agentliyinin, o cümlədən "DOST” mərkəzlərinin saxlanma xərcləri və fəaliyyəti aşağıdakı mənbələrdən maliyyələşdirilir:
dövlət büdcəsi;
fəaliyyətindən əldə edilən gəlir;
işsizlikdən sığorta fondunun büdcəsi;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, "Məşğulluq haqqında” və "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarının pozulmasına görə tətbiq olunan cərimələrdən, habelə "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən tətbiq edilən maliyyə sanksiyalarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına köçürülən vəsaitdən ayırmalar;
kreditlər, qrantlar, ianələr;
qanunla qadağan olunmayan digər mənbələr.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi və strukturu təsdiq edildikdən sonra 3 gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etmək;
"DOST” mərkəzləri publik hüquqi şəxslərin yaradılmasını təmin etmək;
"DOST” mərkəzlərində göstərilən xidmətlərin Nazirliyin aidiyyəti qurumları ilə əlaqəli şəkildə həyata keçirilməsinə dair inzibati reqlamenti üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə "DOST” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlərin hər il üçün tərtib edilən Dövlət İnvestisiya Proqramında nəzərdə tutulması üçün tədbirlər görülməsini təmin etmək;
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Agentliyin, habelə "DOST” mərkəzlərinin
sayı və göstərdiyi xidmətlərin həcmi nəzərə alınmaqla, onların saxlanılması ilə bağlı xərclərin hər il üçün tərtib edilən dövlət büdcəsində, işsizlikdən sığorta fondunun büdcəsində, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulması ilə bağlı tədbirlər görülməsini təmin etmək;
strukturuna daxil olan qurumların fəaliyyətinin təkmilləşdirilməsi, maddi–texniki bazasının və işçilərinin əməyinin stimullaşdırılmasının gücləndirilməsi barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.






Fikirlər