"Relax” İstirahət Mərkəzində vergi və polis işçilərinin döyülməsindən sonra deputat İqbal Məmmədovun illərdən bəri yaratdığı biznes imperiyası çökməyə başlayıb.
JAMAZ.İNFO xəbər verir ki, həmin hadisədən sonra oğlu və qardaşı oğlu həbs olununan millət vəkilinin bütün cəhdlərinə rəğmən, geri sayım start götürüb. Hakimiyyət dairələrinin yanında nüfuzdan düşən, biznes ortaqlarının isə ondan üz döndərməsi səbəbindən bütün zavod və fabrikləri yavaş-yavaş əldən çıxan Məmmədov çarəsiz duruma düşüb.
"Lerik Broyler”də bağlandı
Ötən gün xəbər vermişdik ki, dünən İqbal Məmmədova məxsus olan iki zavod fəaliyyətini dayandırıb. Həmin məlumatlara görə, onlardan hər ikisi Lerik rayonunun Piran kəndində fəaliyyət göstərirmiş. Onlardan biri Piran Çınqıl və Şebel Zavodu, digəri isə Piran Kərpic Zavodudur.
Bu gün isə həmin sıraya daha biri qoşulub. JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, dünən gecə saatlarından "Lerik Broyler” MMC-nin işçilərinə deyilib ki, sabahdan işə çıxmasınlar. İşçilərə bildirilib ki, bundan sonra necə olacağı onların özlərinə belə məlum deyil. Güman edilir ki, bu dayanma müvəqqətidir və yaxın günlərdə yeni sahibi müəyyənləşəndən sonra broylerin fəaliyyəti bərpa olunacaq.
Xatırladaq ki, "Lerik Broyler” MMC-nin adı 2017-ci ilin yayında da mətbuatda hallanmağa başlanmışdı. Belə ki, həmin ilin 27 iyulunda broylerdə partlayış baş vermişdi və nəticədə iki nəfər yaralanmışdı. Sonradan belə bir xəbər də yayıldı ki, İqbal Məmmədovun broylerində ölənlər də olub. Lakin sonradan bu tam təsdiqini tapmadı.
"Kaspi Yıldız”ın aqibəti necə olacaq?
Qeyd edək ki, İqbal Məmmədovun biznesdə uğur qazanmasının əsas səbəbi və dayaq nöqtəsi "Kaspi Yıldız” zavodu olub. Bu zavod yanğınsöndürmə avadanlıqları istehsalı ilə məşğul olub ki, nəticədə bir çox tenderləri "qazanmaq”la böyük qazanclara sahib olub.
JAMAZ.İNFO xəbər verir ki, deputatın əsas gəlir yeri olan "Kaspi Yıldız”ın aqibətinin necə olacağı bəlli deyil. Zavodda onun şərikinin olduğu və bu səbəbdən də onun bağlanmayacağı güman edilir. Amma vergi müfəttişlərinin orada əsaslı araşdırma aparacağı şübhə doğurmur. Ehtimal etmək olar ki, zavod bağlanmasa da, rəhbərliyi külli miqdarda vergi cəriməsi ilə üz-üzə qalacaq.
İqbal Məmmədovun Türkiyədə də şirkəti varmış
Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin dünən yaydığı məlumatlardan belə aydın olur ki, deputat İqbal Məmmədovun təkcə Azərbaycanda deyil, Türkiyədə də böyük qazanc yerləri varmış. Həmin şirkətlərdən biri EnEnPi Enerji İnşaat İthalat ve İhracat Sanayi ve Ticaret Anonim Şirketidir. Şirkətin hüquqi ünvanı Ankara Çankaya Mustafa Kemal Mah. 2139 Cad. 2/1-də yerləşir. Həmin şirkət isə deputatın "Lebro” broyler şirkətinin rəsmi təmsilçisi olan, "Relax”dakı son hadisə ilə bağlı həbs olunan qardaşı oğlu Orxan Nərimanlının adına rəsmiləşdirilib.
Araşdırmaçı jurnalist qeyd edir ki, 2016-cı ilin martında təsis edilən şirkət Ankara Ticaret Odasında qeydiyyatdan keçirilib və günəş enerjisi sistemleri sektorunda fəaliyyət göstərir. "Yəni, Almaniyadan günəş panelləri alıb, quraşdırır və enerjinin satışını həyata keçirir. Deputatın bu şirkətdəki şəriki Hüseyin Serin adlı türk işadamıdır. Şirkətin İzmirdə Bornova Kazım Dirik Mah. Sanayi Cad. No:33/110 ünvanında da ofisi var”.
"AzerTaym.az"
]