Daşaltı əməliyyatından 28 il ÖTÜR...
Bu gün Azərbaycan Ordusunun keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 28 il ötür. "AzerTaym.az" xatırladır ki, Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyat zamanı Azərbaycanın ilk könüllülərdən ibarət taboru 77 şəhid verib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.