“Biz yorulduq bunlara “dur” deməkdən” - Onların həbsinə mane ola bilmədilər
Nizaməddin Quliyevin həbsindən sonra icra başçılarının artıq ənənəvi idarəetmədən əl çəkəcəkləri, rüşvət və korrupsiya əməliyyatlarına son qoyacaqları, ən azı qanunsuz əməllərində korrket olacaqları gözlənilsə də, cəmiyyət bunun əksi ilə üzləşdi. Sonrakı həbslər göstərdi ki, icra başçıları “maskalı qardaş”a tuş gələn “gözü çıxmış qardaş”dan ibrət götürmək niyyətində deyillər. Əməliyyat videolarından da görünür ki, Nizaməddin Quliyevdən sonra tutulan icra başçılarının qanunsuz əməlləri Ağstafanın rəhbərinin həbsindən sonrakı dövrü əhatə edir. Yəni, bu adamlar cəmiyyətdə rezonansa səbəb olan Nizaməddin Quliyevin həbsini gözardı edərək yenə qanunsuz əməllərini davam etdirblər. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hesab edir ki, həbslərdən nəticə çıxarılmaması mənəvi deqradasiyanın təzahürüdür. Yenisabah.az-a danışan deputatın fikrincə, ölkə başçısının elan etdiyi islahatlara uyğun fəaliyyət göstərməyən, rüşvət və korrupsiya əməliyyatlarını davam etdirən məmurlar bütün mənəvi keyfiyyətlərini itiriblər. “Həbslərdən nəticə çıxarılmaması harınlıq, məsuliyyətsizlik və tamahkarlıqla bağlıdır. Bu mənəvi keyfiyyətlərin itirilməsi, əxlaqi dəyərlərə pis münasibətin göstəricisidir. Prezident bütün platformalarda etdiyi çıxışlarda rüşvət və korrupsiyaya qarşı mübarizə aparıldığını və bu məsələdə heç kimə güzəşt edilməyəcəyini vurğulayır. Qətiyyətli addımlar atır, məmurlara xəbərdarlıq edir. Biz də çıxışlarımızda Prezidentlə həmrəy olduğumuzu dəfələrlə bəyan etmişik. Ölkə başçısı, biz yorulduq bunlara “dur” deməkdən. Amma bunlar qanunsuz əməllərindən usanmadılar. Nəticədə istirahət yerlərini həbsxana ilə əvəzlədilər”, - deyə AVP sədri bildirib.
Fəzail Ağamalıya rəğmən ictimai-siyasi mühitdə belə rəy formalaşıb ki, həbslərdən nəticə çıxarılmaması məmur-oliqarx korpusunun hələ də hakimiyyətdə böyük güc olması ilə izah edilir. Bu iddiada olanların fikrincə, həbslərdən sonra da qanunsuz əməllərini davam etdirən məmurlar oliqarxiyanın himayəsi ilə vəzifəyə yüksələnlərdir. Fəzail Ağamalı da onların hakimiyyətdə dayaqlarının olmasını istinisna etmir. Bununla belə, deputatın fikrincə, artıq prosesi durdurmaq olmayacaq. “Əlbəttə kimlərsə bu adamların dayağı ola, onları yüksək vəzifəyə təyin etdirmək üçün təqdimatını verə bilər və onlara indi də kömək etmək istəyər. Amma artıq bu prosesi durdurmaq olmayacaq. Çünki ortada Prezidentin siyasi iradəsi və qətiyyəti var. Cəmiyyət də görür ki, icra başçılarının həbsinə mane ola bilmədilər”. Deputat həmçinin əlavə edib ki, qanunsuzluqla məşğul olan istənilən məmur həbs olunan icra başçılarının taleyini yaşayacaq. “Məndə olan qeyri-rəsmi məlumatlara görə, başqa sahələrdə də ciddi araşdırmalar aparılır. Yaxın günlərdə bu araşdırmaların nəticələrinə də hüquqi qiymət veriləcək”, - deyə Fəzail Ağamalı vurğulayıb. Bu arada hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov icra başçıları həbs olunan rayonların hüquq-mühafizə orqanlarının da məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları baş verənlər barədə vaxtında yuxarı orqanlara məlumat verməyiblər. Fəzail Ağamalı deputat həmkarının fikirlərini məntiqli hesab edir. “Siyavuş Novruzovun dedikləri kifayət qədər həqiqətdir və məntiqlidir. Bəli, hüquq-mühafizə orqanları baş verənlər barədə öz rəhbərlərinə məlumat verməli idilər. Bu baş verməyibsə, əlbəttə onlar da məsuliyyət daşıyır. Amma bir məqamı da nəzərə almaq lazımdır. Adətən bu tip icra başçıları informasiyanın kənara çıxmaması üçün hər vasitəyə əl atırlar. Bu halda hüquq-mühafizə orqanlarının üzərinə məsuliyyət qoymaq bir qədər çətin olur”, - deyə AVP sədri bildirib. Həbs dalğasının daha yüksək vəzifəli şəxslərə də çatacağı barədə deyilənlərə gəlincə, Fəzail Ağamalı bunu istisna etmir: “Doğrudur, məndə konkret məlumatlar yoxdur. Amma düşünürəm ki, Prezident məmur özbaşınalığına, rüşvət və korrupsiya da daxil bütün qanunsuz əməllərə qarşı mübarizəyə başlayıb. Bu gün bu mübarizə qətiyyətlə davam etdirilir. Güman edirəm ki, bu məsələdə heç kim xüsusi imtiyaz sahibi ola bilməyəcək”. Deputat, Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovun icra başçıları həbs edilən rayonları təmsil edən deputatların könüllü istefa vermələri barədə fikirlərini də cavablandırıb: “Deputat icra başçısının fəaliyyətinə nəzarət etmir və onunla birgə işləmir. Yox əgər araşdırmalar nəticəsində məlum olsa ki, deputat da həmin icra başçısı ilə əlbir olaraq bu cinayət əməllərini törədib, təbii ki, bu halda onun mandatı ləğv edilə və əməlinə hüquqi qiymət verə bilər. Yaxud seçicilər qanunsuzluqlarla bağlı deputata müraciət etsələr o isə bunu ictimailəşdirməsə, o zaman buna görə əlbəttə ki, mənəvi məsuliyyət daşıyır”.