Kremldə yarıgizli Qarabağ sammiti:NİYƏ PUTİN TƏRƏFLƏRİ BİR ARAYA GƏTİRMƏYƏ TƏLƏSİR?
Arkadi Dubnov “Exo Moskvı”, 10.01.2021 11 yanvar. Kremldə yarıgizli Qarabağ sammiti: Putin-Əliyev-Paşinyan. Moskvadakı görüşə hazırlıq barədə ictimaiyyət əvvəlcə bir qrup rus həkiminin İrəvana gəldiyini elan edən erməni mətbuatının yanvar ayının əvvəlindəki məlumatından xəbərdar olub. Həkimlərin vəzifəsi gözlənilmədən özünütəcridə getdiyini bildirən, lakin bunun səbəblərini izah etməyən Ermənistanın baş naziri Nikol Paşinyanın sağlamlıq vəziyyətini izləmək idi. Rusiyalı həkimlərin Bakıda görünməsi də eyni şəkildə məlum olub. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin hansı rejimdə olduğu barədə heç bir məlumat verilməyib. V.V. Putini hər fürsətdə yeni yoluxucu xəstəliyəi tutulmaqdan qorumaq üçün demək olar ki, bütün il ərzində görünməmiş səylərdən xəbərdarsınızsa, bu cür misilsiz tibbi təhlükəsizlik tədbirləri təəccüblü görünmür. Xüsusilə, hələ koronavirusa qarşı peyvənd olunmdığını nəzərə alsaq. Hər halda, bu barədə heç nə məlum deyil, hərgah Rusiya Səhiyyə Nazirliyi artıq Putinin həmyaşıdlarına peyvənd vurmağa icazə verib. Bir sözlə, oflayn sammit indi riskli bir işdir, çünki Rusiya prezidenti cənubi qafqazlı qonaqlarla üz-üzə görüşməli olacaq… Bu və ya başqa cür olsun, ancaq Qarabağ zirvəsinə şəxsən Putin təşəbbüs göstərib. Görüşün vaxtı və formatı, habelə danışıqların gündəliyi Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, yəni Fransa və ABŞ-la əlaqələndirilməyib. Fransa Prezidenti Macron yaxınlaşan Moskva sammiti haqqında yalnız dekabrın sonunda xəbər tutub və təsadüfən Moskvadan yox… Onun Rusiya rəhbərliyindən izahat almaq cəhdləri uğursuz olub. Rusiya Cənubi Qafqazda yalnız Türkiyənin müxalif olduğu müstəqil bir oyun oynayır. Əlbəttə, Türkiyə Prezidenti Ərdoğan yaxınlaşan Moskva sammitindən xəbərdardır, lakin görüş üçün dəvət almayıb, hərgah danışıqlar zamanı zahirən görünməsə də, dolayısı ilə iştirakı vazkeçilməz olacaq. Gözlənildiyi kimi, danışıqlar həm üçtərəfli, həm də ikitərəfli formatda keçiriləcək, Putin barışmaz liderlərin hər biri ilə ayrıca görüşəcək. Noyabrın 10-na keçən gecə Dağlıq Qarabağda atəşkəs razılaşmasının imzalanmasından iki ay sonra bir çox problem üst-üstə yığılıb. Ermənilərlə azərbaycanlılar arasında məhbus mübadiləsi çətinliklə irəliləyir. Bölgədəki rusiyalı sülhməramlıların statusu hələ müəyyən olunmayıb. Moskva Ermənistan tərəfi ilə müvafiq bir memorandum imzalayarkən, Bakı hələ də bundan imtina edir. Danışıqlara yaxın mənbələrə görə, azərbaycanlılar hətta Ermənistan ərazisindən Qarabağ ərazisinə girişə nəzarət, habelə bölgədəki bütün erməni əsgərlərinin tamamilə tərksilah və Dağlıq Qarabağın sülhməramlıların nəzarəti altında olan hissəsinin idarə olunmasında tam iştirak tələb edirlər. Bu şərtlər Moskva üçün çətin ki, məqbul sayılsın. Bu baxımdan, atəşkəs bəyanatının imzalanması ərəfəsində noyabrın 9-da Azərbaycan hərbçilərinin Rusiyaya məxsus “Mi-24” helikopterinin vurulmasında təqsirkarların tapılması üçün Bakıdakı səlahiyyətlilərə ünvanlanan tələblərin sərtləşdirilməsinə diqqət yetirilməlidir… Türkiyənin hərbi bazalarını Azərbaycanda yerləşdirmə planlarına xüsusi diqqət yetirilə bilər. Son günlərdə türk hərbi nəqliyyat vasitələrinin Azərbaycan ərazisi üzərində onlarla uçuşu olub. Əlbəttə, görüşün əsas mahiyyətli məqamlarından biri də Ermənistan ərazisindən Türkiyə ilə Azərbaycanı (Naxçıvan) birləşdirən nəqliyyat dəhlizlərinin inşasına dair Bakı və Ankara arasında birgə fəal şəkildə təbliğ edilən planlar olacaq. Türk ittifaqı gələcəkdə Gürcüstandan yan keçərək, Avropaya karbohidrogen axınlarını şaxələndirməyə imkanı yaradan bu dəhlizin erməni hissəsi üzərinə nəzarəti verməklə Moskvanın marağını oyatmağa çalışır. Kremldəki sammitdən sonra, əlbəttə, bununla bağlı razılığa gəlmək mümkün olacaqsa, bir bəyanat imzalamaq planlaşdırılır. Tərəflərin qarşılıqlı iddiaları bu və ya digər şəkildə həll olunmazsa, Qarabağla bağlı yeni bir ağırlaşma istisna edilmir. ABŞ-ın yeni rəhbərliyinin Kremlin himayəsi altında Qarabağ prosesinə müdaxiləsini dəf etmək üçün Moskvada danışıqların kifayət qədər məhsuldar olacağına ümid edirlər. Buna görə də, ABŞ-ın 46-cı prezidenti Co Baydenin andiçmə mərasiminin baş tutacağı yanvarın 20-dən əvvəl bütün əsas məsələləri həll etməyə tələsirlər. Tərcümə: Strateq.az