İrəvanın absurd gözləntisinə Əliyevin möhtəşəm cavabı: status bitdi, gündəmə ZƏNGƏZUR girir
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman şübhə yox ki, yalnızca iqtisadi önəm kəsb eləmir. Həm də və əslində daha çox ölkənin milli təhlükəsizliyini daha yüksək səviyyəyə qaldırmaq, gələcəkdə separatçı hərəkatları “bələyindəcə boğmaq” hədəfi güdür, buna etibarlı və əlavə yüridik zəmin yaradır. Söhbət ələlxüsus erməni separatizmindən gedir. Çünki fərmana görə, Xankəndi şəhəri Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları ilə birgə yenidən Qarabağ iqtisadi rayonuna daxil edilib. Yəni keçmiş DQMV bütünlüklə, azərbaycanlı əhalinin çoxluqda olacağı daha böyük iqtisadi zonaya daxil edilib. Bəzi ehtimallara görə, yaradılan iqtisadi zonalar az sonra vilayətlərə də çevrilə bilər. O zaman Xankəndini də ehtiva edən Qarabağ vilayətinin mərkəzi güman ki, ya Ağdam olacaq, ya da Şuşa. Başqa sözlə, ermənilərin gələcəkdə milli identikliyi kimi mədəni muxtariyyət almaq arzusunun üstündən də rəsmən xətt çəkilir. Bütövlükdə status məsələsi həmişəlik gündəmdən çıxmış olur. Təsadüfi deyil ki, Prezidentin son fərmanı erməni tərəfdə, xüsusən də revanşist-radikal erməni çevrələrində ciddi təlaş yaradıb. Daha bir səbəbə. Müşahidəçilərə görə, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması həm də Azərbaycan xalqının Qərbi Zəngəzura (Sünik) qayıdış hədəfinin rəsmi elan edilməsi sayıla bilər. Çünki məntiqlə Şərqi Zəngəzur varsa, onun qərbi də var. Bu isə o anlama gəlir ki, İrəvan bundan sonra “Dağlıq Qarabağ” anlayışını unutmaqla yanaşı, daha çox Qərbi Zəngəzurun “dərdini çəkməli”, axının qarşısında durmaqdan imtina eləməli olacaq... ***** Beləcə, Ermənistan işğalçı siyasəti nəticəsində haqq elədiyi bütün cəzaları və “mükafatları” artıqlaması ilə almaqdadır. Onlardan biri də Zəngəzur dəhlizinin açılışı olacaq. Çünki 44 günlük Vətən müharibəsindən sonra prosesləri indi Moskva yox, Bakı diktə edir, İrəvanın sözünün, iradəsinin isə hər hansı çəkisi, sanbalı yoxdur. Ermənistan adlı simvolik dövlət üçün ən rasional yol da elə hazırkı məğlub statusu ilə barışmaq, yuxarıda qeyd elədiyimiz kimi, axına qarşı getməmək ola bilər. Əks halda, altını ən çox elə özü çəkəcək. Bu xüsusda İlham Əliyevin məlum fərmanı Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Moskvada səfərdə olan gün imzalanması da rəmzi məna daşıyır və möhtəşəm cavab sayıla bilər. İrəvanın Kremlin əli ilə Bakıya status, sərhəd, diversant və digər məsələlərdə davamlı təzyiq göstərməsinə imkan verilməyəcəyi anlamına gəlir. Bakı bununla bir daha İrəvana anlatmaq istəyir ki, Dağlıq Qarabağ konflikti artıq keçmişdə qalıb və indi qabağa baxmaq, iki ölkə arasında normal münasibətlər qurmaq zamanıdır. Əfsus ki, Ermənistanda belə nikbin, gələcəyə yönəlik ovqat hələ də müşahidə olunmur, orada hələ də “bəlkə qaytardılar” xəbis niyyətli radikal qüvvələr ictimai rəyi çaşdırmağa çalışır. Halbuki sülh, əməkdaşlıq ən çox erməni xalqına, onun xilası üçün lazımdır... ***** “Ermənistan müharibə meydanında məğlub oldu, 10 noyabr üçtərəfli sazişi ilə bu məğlubiyyət təsdiqləndi. O gündən yalan, saxta hərəkətlərlə başqa ölkələrin diqqətini çəkməyə, məsələni kontekstdən çıxarmağa davam etməkdədir”. Bunu Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan ordu generalı, hərbi ekspert Yücel Karauz deyib (Milli.Az). General xüsusi vurğulayıb ki, Ermənistan öz bəd niyyətlərindən əl çəkməsə, bundan da ağır duruma düşəcək: “Azərbaycan Füzuli və Zəngilanın 92 mindən çox mina xəritəsini böyük bir diplomatik uğurla alaraq müharibə meydanında qazandığı qələbəni daha yüksək zirvəyə qaldırmağı bacardı. Bu, Prezident İlham Əliyevin uğurlu siyasətinin davamıdır. Mina xəritələrinin alınması ilə təhlükəsizlik ən qısa zamanda təmin ediləcək, insanlarımız tez bir zamanda doğma yurdlarına, bulaqlarına, dədə-baba məzarlarına qovuşacaqlar. Bu, Azərbaycanın haqq savaşıdır. Bu savaş Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən qısa zamanda bitməlidir. Azərbaycan bu yolda beynəlxalq hüquq nöqteyi-nəzərdən də tam haqlıdır. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan bundan sonra da qələbələr qazanmağa davam edəcək. Ermənistan isə bu cür saxtakarlıqla məğlub olmağa məhkumdur və 44 günlük müharibədən sonra dərinləşən böhran onlar üçün vaxt keçdikcə vəziyyəti daha dözülməz həddə çatdıracaq”. Yücel Karauz Hərbi ekspert Ermənistanın Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər istiqamətindəki və bütün digər ərazilərin mina xəritələrini vermək haqda düşünməli olduğunu da deyib: “Ermənistan bunu etməklə sülhə, 10 noyabr bəyanatına və atəşkəs sazişinin sülh sazişinə çevrilməsinə imkan yaradacaq. Bunu ya könüllü surətdə edəcək, ya da Azərbaycan haqq və hüquq savaşını güc əldə edərək, diplomatik, siyasi gücü, beynəlxalq səviyyədəki nüfuzu nəticəsində təmin edəcək”. ***** Seçim, həmişəki kimi, rəsmi İrəvanındır. Fakt budur ki, Ermənistan rəhbərlərinin 2-ci Qarabağ savaşınadək etdikləri səhvlər erməni xalqına olduqca baha başa gəlib. Erməni rəhbərlərinin yanılmaq limiti artıq bitib. Heç olmasa, 44 günlük müharibədəki acınacaqlı məğlubiyyət bu topluma, onun siyasi elitasına ibrət dərsi olmalıdır. Olacaqmı? Bunu tezliklə Paşinyanın yeni hökumətinin Bakı ilə böyük sülh müqaviləsi imzalamağa nə dərəcədə hazır olmasından biləcəyik. Erməni xalqından növbəti dəfə mandat alan Nikol Paşinyan buna indi daha inamlı şəkildə qərar verə bilər... /“Yeni Müsavat” Bölgədə prosesləri Rusiya yox, artıq Azərbaycan diktə edir; Ermənistan “axına qarşı” durmağa davam edərsə, vəziyyəti daha dözülməz olacaq - Bakının mesajı...