“Hesab edirəm ki, bu tip məsələlərdə Xarici İşlər Nazirliyi sözçüsünün şərhinə daha çox üstünlük verilməlidir...”
“Rəsmi qurumlar insanları, xalqı narahat edən bu cür məsələlərə diqqət yetirmək üçün ciddi işləməlidirlər...”
Azərbaycan Respublikasının keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovla Moderator.az üçün növbəti telefon söhbətimizdə Qarabağ və Laçın dəhlizi ilə bağlı gündəmdə olan bəzi mövzulara toxunduq.
-Tofiq müəllim, son günlər sizin də “Facebook” dakı paylaşmanızda qeyd etdiyiniz kimi, Jirinovski kimilərə həddindən artıq vaxt ayırırıq. Amma deyəsən, 10 Noyabr razılaşmasından sonra Rusiya Prezidenti bilavasitə tabeliyində olan ordunun Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqlarındakı bir sıra əməllərinə həddindən artıq güzəştə gedirik. Məsələn, elə Jirinovskinin çıxışından bir gün öncə, Moderator.az da xəbər verdiyimiz kimi, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının sülhməramlı kontingentlə bağlı bölməsində Laçın rayonu “Dağlıq Qarabağın Laçın rayonu” kimi təqdim edilib. Üstəlik, Rusiya hərbçiləri Laçın dəhlizində yerləşən və heç bir vaxt ermənilərin kompakt şəkildə yaşamadığı Laçın şəhəri və rayonun Zabux kəndində son 30 ilə yaxın işğal müddətində qanunsuz məskunlaşmış ermənilərə yardım ediblər. Yəni sanki ermənilərin Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmasına dolayısıyla dəstək veriblər. Biz bu haqda Azərbaycan XİN-in rəsmi sözçüsünü də məlumatlandırdıq və açıqlama veriləcəyi vəd edildi. Lakin təəssüf ki, artıq 5 sutkaya yaxın vaxt keçsə də, heç bir açıqlama olmadı. Bundan bir neçə gün sonra isə Rusiya MN Xocavənd rayonunu da “Dağlıq Qarabağın Martuni rayonu” kimi, daha sonra isə bir az da irəli gedərək həmin rayon ərazisini “tarixi Ermənistan ərazisi” kimi təqdim edib. Necə hesab edirsiz, bütün bunlar birbaşa Azərbaycan Respublikasının dövlət suverenliyinə, ərazi bütövlüyünə təhdid, hörmətsizlik sayılmırmı? Ən azı, Prezident İlham Əliyev dəfələrlə açıq şəkildə üzünü bütün dövlətlərə və beynəlxalq təşkilatlara tutaraq bildirib ki, Azərbaycan Respublikasının rəsmi inzibati bölgüsündə “Dağlıq Qarabağ”adlı ərazi vahidi yoxdur. Amma Rusiya MN bir ilə yaxındır ki, həmin ifadəni rəsmi məlumatlarda işlədir. Odur ki, Jirinovski məsələsindən öncə Xarici İşlər Nazirliyi Laçın rayonu ilə bağlı məsələyə reaksiya verməli, hətta Rusiyaya nota verməli deyildimi?
- Bilirsiz, mən belə məsələlərdə nota verilməsinin tərəfdarı deyiləm. Çünki təcrübəmdən bilirəm ki, hansısa dövlətə nota konkret rəsmi siyasi məsələyə görə verilməlidir. Hesab edirəm ki, bu tip məsələlərdə Xarici İşlər Nazirliyi sözçüsünün şərhinə daha çox üstünlük verilməlidir. Amma bununla yanaşı, Azərbaycan tərəfdən Rusiya sülhməramlı kontingentinin rəhbərliyi ilə bilavasitə kontaktda olan qurum və məsul şəxslər belə məsələləri mütəmadi olaraq onların nəzərinə çatdırmalıdır. Və onlar müzakirələrdə Azərbaycan Respublikası ərazisinə aid hansı rəsmi ad və terminlərdən istifadə olunmasını Rusiya hərbçilərinin nəzərinə çatdırmalıdırlar. Yaxşı olar ki, biz tərəfdən əlaqədar şəxslər bilavasitə Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri ilə bağlı işlənməli olan rəsmi coğrafi və inzibati toponimlərin, adların siyahısını həmin kontingent rəhbərliyinə təqdim etsin. Bunu Müdafiə Nazirliyinin mətbuat xidməti də edə bilər. Bu da onların rəsmi şifahi və yazılı açıqlamalarında bu cür yanlış söz və ifadələri işlətmələrinin qarşısını alar. Və gələcəkdə belə problemlər olmaz. Amma hiss olunur ki, Laçında və Qarabağda erməni əhalinin arasında yerləşdiklərindən Rusiya hərbçiləri də onların işlətdiyi terminlərdən yararlanırlar...
- O da var ki, Azərbaycan ərazisindəki Rusiya hərbi kontingentinin verdiyi rəsmi məlumat Moskvadan – bilavasitə Rusiya Müdafiə Nazirliyinin süzgəcindən keçir...
-Lap Moskvadan olsun... Lazımdırsa, Rusiya Müdafiə Nazirliyinin müvafiq qurumlarıyla da mütəmadi kontakt qurub onlara sadaladıqlarımızı anlatmaq gərəkdir...
Yadımdadır ki, biz 1990-cı illərdə rəsmi sənədlərdə, o cümlədən Azərbaycan mətbuatında Qarabağ məsələsi ilə bağlı işlənməli olan rəsmi söz və terminlərin siyahısını tərtib etmişdik və Prezident Aparatı da bunu daxili təlimat kimi müvafiq qurumlara çatdırmışdı. İndi də bu təcrübədən həm daxili, həm xarici auditoriya çərçivəsində yararlanmaq olar. Biz Qarabağdakı Rusiya kontingentinə, eləcə də Moskvaya – Rusiya Müdafiə Nazirliyinə belə bir toplum tərtib edib göndərsək, sabah onlar bilərəkdən, ya bilməyərəkdən yanlışlığa yol verəndə deyə bilərik ki, axı biz bu mövzuda sizləri məlumatlandırmışıq, niyə belə edirsiz...Yəni o halda ciddi irad tutmaq üçün əlimizdə belə əsas da olar... Amma indi desən, deyəcəklər ki, bağışlayın, bizim məlumatımız olmayıb...
-Yəni belə çıxır ki, Xarici İşlər Nazirliyindən öncə Müdafiə Nazirliyi kimi qurumlar Qarabağla, Laçın dəhlizi ilə bağlı belə məsələlərə reaksiya verməlidir?
-Bəli. Yəni öncə dediyim kimi, Rusiya sülhməramlılarıyla bilavasitə mütəmadi əlaqədə, kontaktda olan qurumlar. Ola bilər, bu, təhlükəsizlik, xüsusi xidmət qurumları da olsun... Onlar Rusiya hərbi kontingentinin mətbuat, məlumat yayımı işlərinə baxan qurumuyla əlaqəyə girməlidir. Bildiyimə görə, Rusiya-Türkiyə Birgə Monitorinq mərkəzində də mətbuatla bağlı qurum var...
-Olsa da, onların səsi-sorağı eşidilmir axı... Heç bir məlumat da vermirlər. Biz jurnalistlər də dəfələrlə bu məsələni qaldırırıq ki, onların Azərbaycan mediasıyla mütəmadi əlaqəsi olmalıdır...
-Səsləri çıxmırsa, biz onları səsləndirməliyik. Bizim ərazimizdədirlər... Müvafiq qurumlar mütəmadi olaraq onların iştirakıyla hansısa tədbirlər təşkil etməlidir. Hətta yeyib-içmək verməlidirlər. Real iş budur, belə işləmək lazımdır... Yəni Qarabağla, Laçın dəhlizi ilə bağlı hansısa məsələlərə siz jurnalistlər, biz şərhçilərin münasibət bildirməsiylə iş bitmir axı... Rəsmi qurumlar insanları, xalqı narahat edən bu cür məsələlərə diqqət yetirmək üçün ciddi işləməlidirlər...
Sultan Laçın
Fikirlər